Madonna — 1960-1970-ci illərdə Almaniya Demokratik Respublikasında kütləvi şəkildə istehsal edilmiş çini servizlərə verilən qeyri-rəsmi ad. Əsasən SSRİ-yə ixrac edilən bu məhsul, sovet respublikalarında dəbli lüks əşya hesab edilir, maddi rifah, status və uğurlu insan göstərcəsi kimi qəbul olunurdu.
Sonrakı dövrlərdə "Madonna" serviz SSRİ dövrünün (xüsusilə Brejnev dövrünü) simvollarından biri kimi qəbul edilmişdir. "Madonna" serviz həmin dövrə aid müxtəlif memuarlarda - məsələn, Müslüm Maqomayev[1] və İqor Vernikin[2] memuarlarında xatırlanır.
"Madonna" servizləri istifadə məqsədlərinə (yemək dəsti, çay və ya qəhvə dəsti), istehsalçı manufakturalarına (Oscar Schlegelmilch, Kahla, Colditz, Stadtilmer), forma və dizaynlarına görə fərqlənirdi.
"Madonna" servizlərinin əsas bədii xüsusiyyəti neoklassist İsveçrə rəssamı Anqelika Kaufmanın "Yupiter və Kallisto" və "Kupidonun cəzalandırılması" adlı iki əsərinin dekolu idi. "Madonna" servizlər əksər hallarda həm də sədəfi örtük və qızılı naxışlarla bəzədilirdi. "Madonna" adının servizlərin üzərində əks olunmuş klassik mifologiya təsvirləri ilə heç bir əlaqəsi olmayıb, SSRİ vətəndaşlarının Avropa incəsənəti haqqında ümumi təsəvürlərini əks etdirir.[3][4] [5] [6][7]
Rəssam Anqelika Kaufman XVIII əsrdə olduqca məşhur olsa da, öz əsərlərinin qravür-kopyalarını hazırlayıb yayırdı. Buna görə də, XIX əsrdə Avropada əməlli-başlı "anqelikomaniya" baş almışdı; həmin dövrdə rəssamın əsərləri tətbiqi incəsətdə geniş istifadə olunur, xüsusilə çini qabların bəzədilməsi zamanı Anqelika Kaufmanın əsərlərinə müraciət edilirdi. 1920-ci illərdə bəzi manufakturalar bu ənənəni davam etdirərək kütləvi istehsala başlayırlar ki, belə manufakturalara misal olaraq "Graf von Henneberg Porzellan Ilmenau" manufakturasını göstərmək olar.[8]
İkinci Dünya müharibəsindən sonra vətənə qayıdan Sovet əsgərləri alman çinilərini hərbi qənimət kimi özləri ilə SSRİ-yə gətirirdilər. Bu isə Sovet cəmiyyətində özünəməxsus "lüks kultu" formalaşdırır. Bazar tələbatını anlayan müharibə sonra fəaliyyətini bərpa etmiş Almaniya manufakturaları anoloji bədii həllə malik çoxsaylı nahar, çay və qəhvə dəstləri istehsal edərək, həm də reparasiya kimi SSRİ-yə ixrac edirlər. SSRİ-də "Madonna" servizləri almaq üçün əvvəlcədən növbəyə durmaq lazım idi və bu servizlər olduqca baha qiymətə satılıırdı. Əksər hallarda bu servizlər gündəlik istifadə məqsədi ilə alınmır, daha çox dekor kimi şüşəli divar şkaflarına yerləşdirilirdi.[3][4][6][9][10]
Sovet İttifaqının dağılmasından sonra "Madonna" servizlərə olan maraq itdi, müasir dövrdə isə bu servizlər tənqidçilər tərəfindən kitç predmet kimi qəbul edilir. [11]