Mahmud Xarəzmin

Mahmud Xarəzmin Zəmaxşar - böyük alim, müqayisəli lüğət müəllifi, təfsirçi.

Mahmud Xarəzmin Zəmaxşar kəndində tarixi qaynaqlara görə 1074-cü il və 8 mart 1075-ci il kimi göstərilir.Doğulduğu kəndin adını özünə soyad kimi götürən, məşhurlaşdıqca kəndini də dünyaya tanıdmışdır. Uşaqlıqdan qəza nəticəsində bir ayağı şikəst olsa da, o, ruhdan düşməmiş dünyanın bir çox ölkələrini gəzmiş, müqəddəs yerləri ziyarət etmiş, 70 ilə yaxın ömür sürmüşdür.

Mahmud Zəmaxşari tarix səhnəsinə yeni atılmış, elmə, mədəniyyətə yüksək qiymət verən Səlcuqilər dönəmində yaşadığından onun fitri istedadının cilalanması üçün gözəl şərait yaradılıb. Kənd mollası olan atası balaca Mahmudu dərziyə şagird vermək istəyib. Lakin hökumətin elmə, alimə, mədəniyyətə böyük qayğı göstərdiyini gördükdə onu Xarəzmdəki dövrünün ən böyük elm mərkəzlərindən olan mədrəsəyə oxumağa göndərib. Mahmud qısa bir zamanda mədrəsədə məşhurlaşıb. Sonra da təhsilini davam etdirmək üçün dövrünün məşhur elm ocaqlarına yol alıb. Səlcuqların batıya doğrü yürüşləri, 1055-ci ildə Abbasilər xilafətini asılı vəziyyətə salmaları Doğuda bir dinclik, əminlik yaratmışdı. Karvanlar rahat və təhlükəsiz hərəkət edə bilirdilər. Ticarəin inkişafi şəhərləri dirçəldir, yolları abadlaşdırır, elmə və sənətə marağı artırırdı.[1]

Mahmud Zəmaxşari də Səlcuqların yaratdığı imkanlardan bacarıqla yararlanır. Dövrünün məşhur alimlərindən Şeyx Əbu, İmam Rüknəddin Mahmud əl-Uşuli və İmam Manşurdan, Şeyx Sedid əl-Həyyati və başqaları ilə görüşür, onlardan dərs alır.

Bir-neçə dəfə Bağdada gedib orda da məşhur alimlərdən dərs alan Zəmaxşari xəstələndikdə müsəlmanların müqəddəs məkanı, hər il milyonlarla müsəlmanın hac ziyarətinə yollandığı Məkkə şəhərinə gedir. Məkkənin nüfuzlu alimlərindən olan Əbul-Həsən Əli Həmzə tərəfindən səmimi qarşılanır və onlar arasında dostluq gündən-günə möhkəmlənir. Zəmaxşari Məkkədə 5 ilə qədər qalır və islami elmləri dərindən öyrənir. Buna görə də ona Allahın qonşusu mənasını daşıyan “Carullah” ləqəbini verirlər.

Mahmud Zəmaxşari Məkkədə olarkən ciddi elmi axtarışlar aparır. İslam dininə dair bir sıra olduqca dəyərli əsərlər yazır. Bu əsərlər arasında ona daha çox şöhrət qazandıran “Əl Kəğğaf” adlı təfsir kitabı olur. Məkkədə yazmağa başladığı təfsir kitabını görünməmiş bir sürətlə iki ildə, yəni 1134-cü ildə tamamlayır. Quranı Kərimin müfəssəl təfsiri olan “Kəşşaf Təfsiri” əhli-sünnə alimlərinin əksəriyyəti tərəfindən yüksək qiymətləndirilir və təfsirin ən mükəmməl kitablarından biri kimi qəbul edilir.

Alimin özünə inamı o qədər güclü olub ki, çox vaxt çağdaşlarına meydan oxuyacağı bir şəkildə müraciətlər də edib. "Kəşşaf Təfsiri" kitabında bəzi islam alimlərini xurafata varmaqda suçlamaqdan belə çəkinməyən Mahmud Zamaxşarı Əbu Keyrs dağına çıxaraq ərəb qəbilələrinə “babalarınızın, atalarınızın dilini gəlin məndən öyrənin” deyə səslənib də! Ərəb dilini belə mükəmməl bilməsi onun şöhrətini o dövrdə islam aləmində daha da artırıb.

Məkkədən Bağdada gedən Zəmaxşari Böyük Səlcuq sultanları Alp Arslan (1068-72) və Məlikşahın (1072-92) vəziri olmuş Nizam Əl-Mülkün açdığı Nizamiyyə mədrəsəsində dərs demişdi.

Vətənə dönüşü

[redaktə | mənbəni redaktə et]

Vətənə dönən Mahmud Zəmaxşariyi böyük ehtiramla qarşılayırlar. Ona saray kitabxanasında vəzifə də verirlər. Zəmaxşari vətənə döndükdə Xarəzm inkişaf etmiş, gündən-günə çiçəklənən bir şəhərə çevrilmişdi. Bölgənin mədəni mərkəzlərindən olan şəhər və çevrəsinə türklərin oğuz, qıpçaq və kanqlı boyları-tayfaları hakim idi.

Günümüzdə kəngərli kimi işlətdiyimiz söz orta yüzilliklərdə kanqlı kimi işlədilir və yazılırdı. Hətta şəhərdə və bölgədə türkcənin yeni bir ləhcəsi, Xarəzm ləhcəsi formalaşmışdı. Bu ləhcəni oğuzlar da, qıpçaqlar da, qarluqlar da rahat başa düşürdülər.

Müqəddimətül-ədəb əsəri

[redaktə | mənbəni redaktə et]

Bölgədə türk tayfaları əhalinin çoxluğunu təşkil etsə də, saraylarda fars dili, mədrəsələrdə ərəb dili daha çox işlədilirdi. Ümumiyyətlə, orta çağlarda yaxın Doğuda üçdillilik normal bir hala çevrilmişdir. Amma alimlər, tacirlər və bəzi peşə sahiblərinin arasında mübahisələr getdikcə dərinləşirdi.

Bəziləri ərəb dilinə üstünlük verir, bu dildə peyğəmbərimiz Məhəmməd əleyhissalamın danışdığını, islam dininə dair kitabların çoxunun bu dildə oldugunu söyləyərək əsas dil sayır və bu dili bildiklərilə qürur duyur, özlərini xalqdan uca tuturdular. Bəziləri isə fars dlinə üstünlük verir, bu dili ədəbiyyat, şeir dili sayır, fars dilində yazdıqları və danışdıqları ilə qürur duyurdular. Əhalinin çoxluğunu təşkil edən, əsgəri birliklər yaradanlar isə ana dillərinə – türkcəyə üstünlük verirdilər.

Kaşqarlı Mahmud [2] ərəblərin türk dilini öyrənməsi üçün “Divani Lüğət-it Türk” əsərini yazmışdı. Xarəzmşah Atsız ibni Muhamməd də (hakimiyyəti 1127-1156) Mahmud Zamaxşariyə türklərin və farsların ərəb dilini öyrənmələri üçün bir kitab yazmasını tapşırır. Mahmud Zəmaxşari “Müqəddimətül-ədəb” adlı sözlüyünü yazır.

Xarəzm hökmdarı Atsız Məhəmməd Anuğ Tiginə həsr edilmiş lüğət ərəbcə olsa da, sətirarasında Xarəzm türkcəsində, Farsca, Monqolca, Cağatayca və b. türk ləhcələdində izahlar və tərcümələr də verilmişdir.

Zəmaxşari “Müqəddimətül-ədəb” əsərində yalnız ərəb sözlərinin qarşılığını verməklə kifayətlənməmiş, yeri gəldikcə türklərin müsbət insani keyfiyyətlərindən, igidliklərindən də söz açmışdır.

Mahmud Zəmaxşari “Müqəddimətül-ədəb” əsər ərəb dilində olan sözlərdən təşkil olunmuş qısa cümlələrdən ibarət bir lüğətdir. Lüğət olduqca sadə və aydın bir üslubla yazılmışdır. Azacıq təhsil görmüş, ərəb dilini bilməyən türklər və farslar müəllim yanına getmədən, mədrəsə təhsili görmədən də bu kitab vasitəsilə ərəb dilini öyrənə bilərdi.

Zəmaxşari kitabında müxtəlif türk tayfalarının (uruklarının) ləhcələri haqda məlumatlar vermiş, lüğətdə oğuz, qıpçaq, qarluq boylarının dil xüsusiyyətlərindən söz açmışdır. Ümumiyyətlə, kitab ərəb dilində yazılsa da, əsasən, türk dillərinə müraciətlə yazıldığından ortaq türk ləhcələrinin söz xəzinəsini öyrənmək baxımından olduqca maraqlıdır. Kitabda, Mavəraürnəhr və ətrafındakı türk ləhcələrində işlənən bəzi nadir kəlimələr (sözlər) işlədilmişdir.

Zəmaxşari “Müqəddimətül-ədəb” əsərilə sanki Kaşğarlı Mahmudun “Divani lüğət-it türk” əsərindəki boşluğu doldurmağa çalışmışdı. Müəllif kitabının bəzi yerlərində qramatik izahlar vermiş, yer adlarını geniş izah etməyə çalışmışdı. Çox təəssüf ki, Zəmaxşarinın “Müqəddimətül-ədəb” əsərinin orijinalı günümüzədək gəlib çatmayıb. Qaynaqlar isə uzun illər bu kitabın yaxın Doğunun mədrəsələrində dərs kitabı kimi istifadə edildiyindən xəbər verir.

Mahmud Zəmaxşarinin 60-dan çox əsəri haqqında bilgi verən qaynaqlarda onun ölümü haqqında fərqli fikirlər var. Bəzi qaynaqlara görə, Zəmaxşari Bağdad şəhərindən Xarəzmə gedib Ceyhun çayı sahilindəki Ürgənc şəhərində bir-neçə il yaşadıqdan sonra 1144-cü ildə vəfat edib. Bəzi qaynaqlara görə isə alim son səyahəti zamanı ayağı donduğundan vətəni Xarəzmdə 14 iyun 1134-cü ildə vəfat edib.

  1. "Mahmud Xarəzmin". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-09.
  2. "Mahmud Kaşqari". 2008-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-09.