Maqdalin çubuqlucası

Maqdalin çubuqlucası (lat. Philadelphus magdelenae) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü.

Maqdalin çubuqlucası
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Philadelphus magdelenae Koehne

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Çində yabanı halda bitir.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3-5 m olan koldur. Zoğları cavan vaxtı tüklü olur, sonradan isə çılpaqlaşır. Yaşlı budaqları qonur və ya sarımtıl-qonur rəngli olub, soyulan qabıqla örtülmüşdür. Yarpaqları yumurtavari və ya yumurtavari-neştərşəkilli, uzunluğu 2,5-6 sm, eni 1-2 sm-dir. Uc hissəsi sivri, qaidəsi pazvari və ya dairəvi, kənarları xırda dişlidir. Üst tərəfdən sıx, qısa tüklü, alt tərəfdən isə biz və sıx tükcüklərlə örtülmüşdür. May ayının ikinci yarısından iyun ayının əvvəllərinə qədər çiçəkləyir. Çiçəkləri ağ, 2-2,5 sm diametrində olmaqla qoxusuz, 3-11 ədədi salxımvari çiçək qrupunda yerləşir. Çiçək saplağı və kasacığı tüklü, çox hallarda qırmızımtıl-qonur rəngdə olur. Kasayarpaqları yumurtavari, ləçəkləri enli, ellips formalı, sütuncuqları erkəkciklərdən qısa, qaidəsi tüklü, yarıya qədər bitişik olur. Meyvəsi iyun ayında yetişir. Payızda yatmış tumurcuqlardan güclü zoğları inkişaf edir. Gələn yazda zəif zoğları təmizlənir və hər gövdədə 2-3 güclü zoğlar saxlanılır. Bu zoğlar yeni kolun əsasını təşkil edir. Bir ildən sonra budanmış və artıq zoğlardan təmizlənmiş çubuqluca kolu gözəl görünüşlü olur, 3 ildən sonra isə bol çiçəkləyir.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Toxumlar qışda -100C temperaturdan aşağı olmayan küləksiz havada, 25-30 sm dərinlikdə, əvvəlcədən hazırlanmış ləklərə səpilir. Səpindən sonra ləklər üstdən iri yarpaqlarla örtülür.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Azərbaycanda Mərkəzi Nəbatat bağında introduksiya edilmişdir. Abşeronda, Zaqatalada mədəni şəraitdə rast gəlinir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Yol kənarlarının yaşıllaşdırılmasında istifadəsi məqsəd-yönlüdür.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.