Maral Poladova

Maral Bahadur qızı Poladova (18 sentyabr 1949, Qasım İsmayılov) — "Elm və həyat" jurnalının məsul katibi.[1]

Maral Poladova
Maral Bahadur qızı Poladova
Doğum tarixi (74 yaş)
Doğum yeri Goranboy, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Fəaliyyəti jurnalist
Əsərlərinin dili azərbaycan dili

Həyatı[redaktə | mənbəni redaktə et]

Maral Poladova 1949-cu ildə Goranboy rayonunda doğulub. 1966-cı ildə 1 saylı orta məktəbi bitirərək 1966–68-ci illərdə rayonda çıxan "Mübariz" qəzeti redaksiyasında korrektor vəzifəsində çalışıb. 1968–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

1980–1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları Fondunda baş laborant vəzifəsində çalışıb və həmin vaxtdan "Elm və həyat" jurnalı redaksiyası ilə əməkdaşlığa başlayıb.[2] 1983-cü ilin iyul ayından jurnala müxbir vəzifəsinə işə qəbul olunub. 1995-ci ilədək ədəbi işçi, baş ədəbi işçi vəzifələrində çalışıb. 1995-ci ildən jurnalın məsul katibidir.

M.Poladovanın 2004-cü ildə nəşr olunmuş "Ömrün izləri" adlı kitabında "Elm və həyat" jurnalında çap edilmiş yazılarının bir hissəsi toplanmışdır.[3] O, "Elm və həyat" nəşriyyatında çapa hazırlanan onlarla kitabın redaktoru olub.

M.Poladova 1984-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Azərbaycanın tarixi memarlıq abidələrinin öyrənilməsi, qorunması və bərpası barədə hazırladığı materiallara görə Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqının "Qızıl qələm" mükafatına və 3 dəfə (2001, 2004 və 2011-ci illərdə) Jurnalistlər Birliyinin Zərdabi Diplomuna layiq görülüb.

M.Poladova 2010-cu ildə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub. Maral Poladova 2014-cü ilin sentyabrında jurnalistlik fəaliyyətinin 45 və anadan olmasının 65 illiyi münasibətilə Zərdabi Mətbuat Mərkəzinin Diplomuna layiq görülüb.

2013-cü ildən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş mütəxəssis vəzifəsində çalışır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Sovetdənqalma" jurnallar: adları nostalji doğurur, vəziyyətləri kədər…". 2012-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-11.
  2. "Mətbuat Şurasında "Elm və həyat" jurnalının 50 illik yubileyilə bağlı tədbir keçirilib". 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-11.
  3. Ömrün izləri[ölü keçid]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]