Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qamçıdaşıyanlar (lat. Mastigophora) – sarkomastiqoforlara aid sinif.
Qamçılılar — Mastigophora yarımtipi Yarımtip nümayəndələrinin əsas əlaməti – sayı birdən bir neçəyədək olan hərəkət orqanoidi qamçıların mövcudluğudur. Bəzilərində qamçı ilə yanaşı psevdopodiyalar da olur. Qamçılıların əksəriyyəti şirin sularda, dəniz hövzələrində, torpaqda məskunlaşmış sərbəstyaşayan orqanizmlərdir. Bir sıra növləri parazitdir. Onlar onurğasız və onurğalı heyvanların, eləcə də insanın bədən səthində, daxili orqanlarında və toxumlarında parazit həyat sürürlər. Yarımtipin tərkibinə 8000-ə yaxın növ daxildir. Volvoksidlər – Volvoxida dəstəsi Tək yaşayan yaşıl və ya rəngsiz qamçılılardır. Bədən forması girdə, ovalvarı, uzunsov, ellipsvari olur. Eyni uzunluqda olan qamçıların sayı 2 və ya 4 olur. Onlar bədənin ön ucunda – pellikulanın azacıq qalınlaşıb papilla əmələ gətirdiyi yerdən başlanır. Pellikulası qalındır. Stiqma bədənin ön ucunda yerləşir. rəngsiz növlərdə stiqma və xloroplastlardan məhrumdur. Qamçıların əsasında iki yığılıb – açılan vakuol yerləşir. ehtiyat maddəsi – nişastadır. Nüvə girdədir. Hüceyrənin mərkəzində yerləşir. çoxalması aqam yolladır. İzoqamiya və ya anizoqamiya formasında cinsi prosesi də məlumdur. Avtotrof və ya saprofitdir. Üzvi maddələrlə zəngin olan şirinsu hövzələrində yaşayır. Suyun təmizlənməsində və durulaşmasında iştirak edirlər. 250 növü məlumdur. Azərbaycanda Chlamydomonadidae fəsiləsinə daxil olan polytoma cinsinin nümayəndələri tapılmışdır (Musayev, İbadov, 1979; İbadov, 1983). Chlamydomonadidae fəsiləsi Rəngsiz xırda qamçılılardır. Hüceyrənin forması uzunsov iyşəkilli, ellipsoidşəkilli, yumurtaşəkilli, armudşəkillidir. Xromotoforlar çoxsaylı qalın lövhəciklər formasındadır ya da yoxdur. Pirinoidləri yoxdur. 2 eyni uzunluqda qamçısı var. Öndə 2 döyünən vakuolu var. Oval, ellipsşəkilli qözcüyü bədənin ön üçdə birində yerləşir. ehtiyat maddəsi nişasta və yağlardır. Aqam çoxalma qabığın içində əvvəlcə iki, sonra dörd və səkkiz qız hüceyrəsinə bölünmə yolu ilə baş verir. Cinsi proses qametlərin izoqam kopulyasiyası yolu ilə gedir. Şirinsu hövzələrində və torpaqlarda yaşayırlar, su hövzələrinin bioloji təmizlənməsində fəal iştirak edirlər. Azərbaycanda 2 növü: polytoma uvella Ehrenberg, P.caudatum Ehrenberg Lənkəran təbii vilayətində sitrus bitkilərinin altındakı sarı torpaqlarda qeyd edilmişdir. Xrizomonadidlər – Chrysomonadida dəstəsi Forması bəzən daurəvi, ovalvari, bəzən uzunsov olur. Hüceyrənin ön ucunda bir qamçısı var. Xromotoforları sarı və ya qonur, məməşəkilli və ya torvari formadadır. Ehtiyat maddəsi – leykozin və yağlardır. Qidalanması avtotrof, heterotrof və saprofitdir. Yığılıb – açılan vakuolları sadə quruluşludur. Çoxalması əsasən uzununa bölünmə yolu ilə baş verir. Şirin və dəniz sularında, torpaqlarda məskunlaşır. Gil qatında bitki qalıqları ilə zəngin olan şirinsu hövzələrində daha çoxsaylıdır. Suyun təmizlənməsində iştirak edir. Azərbaycanda, uyğun olaraq Monadidae və Oicomonadidae fəsilələeinə mənsub olan Monas və Oicomonas cinsinin nümayəndələri məlumdur (Əmiraslanova, 1967; Musayev, İbadov, 1979). Heyvan qamçılıları və ya zoomastiqinlər – Zoomastigophorea sinfi Forma və quruluşuna görə müxtəlif: suda və torpaqda yaşayan rəngsiz qamçılıları əhatə edir. Saprofit və ya animal yolla qidalanan heterotrof orqanizmlərdir. Zooflaqellatların bir hissəsi parazit həyat tərzinə keçmişdir. Onlar onurğalı və onurğasız heyvanların, eləcə də bitki və insanların təhlükəli xəstəliklərinin törədiciləridir. Bədənin ölçüsü 5 – 10 ilə 20 – 30 mkm (nadir hallarda 100-ə qədər) arasında dəyişir. Bir və ya bir neçə qamçısı və nüvəsi var. Bəzi formalarda bədən dəyişkəndir, psevdopodiyalar əmələ gətirə bilir. Çoxalma – qeyri – cinsi yolladır, iki yerə bölünməklə baş verir. Cinsi proses də məlumdur (Polytoma). Yapışmış və plankton, tək və ya kolonial heyvanlardır. Aerob şəraitə üstünlük verirlər, ancaq anaerob qrupları da vardır (Doplomonadidae). Heyvan qamçılıları sinfinə 7 dəstə daxildir: Choanoflagellida, Bicosoesida, Rhizomastigida, Kinetoplastida, Hypermastigida, Opalinina, Polymastigina. Azərbaycanda üç dəstənin – Rhizomastigida, Kinetoplastida və Polymastigina dəstələrinin nümayəndələri qeydə alınmışdır. Rhizomastigidae fəsiləsi Hüceyrəsi çılpaqdır. Bir qamçısı var. Nüvə və qamçının bünövrəsi həmişə ön ucda yerləşir. yığılıb – açılan vakuol bir, nadir hallarda isə bir neçədir. Çoxalması qeyri – cinsidir. Bütöv, az hallarda isə şaxələnmiş psevdopodiyalar əmələ gətirir. Azərbaycanda Lənkəran sarı torpaqlarında 2 növü aşkar edilmişdir: Mastigamoeba invertens Klebs, Mastigamoeba sp.
Kinetoplastidlər – Kinetoplastida fəsiləsi Bədən forması müxtəlif cür: ovalvarı, yumurtaşəkilli, silindrik və uzunsov olur. Qamçısı çox vaxt bir, bəzi hallarda isə iki olur. Dəstənin səciyyəvi cəhəti – qamçı ilə bağlı orqanoidin – kinetoplastın olmasıdır. Bəzi formalarda qamçı bədənin uzunluğu boyunca keçərək səthlə bitişir və undulyasiyaedici membran əmələ gətirir. Dəstənin az bir qismi sərbəst yaşayır. Əksəriyyəti isə onurğasız və onurğalı heyvanlarda, eləcə də bitkilərdə parazitlik edir. Azərbaycanda Bodonidae, Amphimonadidae, Trypanosomatidae fəsilələrinin nümayəndələri qeydə alınmışdır. Bodonidae fəsiləsi Bədən forması ovalvarı, yumurtaşəkilli, armudşəkilli olmaqla dəyişir. Ölçüləri – 1,4–15 mkm arasındadır. Çox vaxt 2 qamçısı olur. Nüvəsi birdir. Kinetoplast ön ucdadır. Çoxalması qeyri – cinsi və cinsi – avtoqamiya və ya qametlərin kopulyasiyası yolu ilə baş verir. Əksər fərdlərdə ağız dəliyi – sitostom var. Qidalanması animaldır. Torpaqların və su hövzələrinin biodinamik proseslərdə fəal iştirak edir. Bodonidae fəsiləsinin parazit nümayəndələri təhlükəli heyvan və insan xəstəliklərinin törədiciləridir. Azərbaycanda aşağıdakı növləri: Bodo caudatus Stein, B.globosus Stein, B.lens Klebs, B.rostratus Klebs – Şirvan çölünün boz, Lənkəran təbii vilayətinin sarı torpaqlarında; B.celer Klebs, B.compressus Lemm., B.edax Klebs, B.uncinatus Klebs, B.mutabilis Klebs, B.saltans Ehrenberg, B.minimus Klebs, Bodo sp. – Lənkəran təbii vilayətinin sarı və Dağlıq Qarabağın şabalıdı torpaqlarında; Pleuromonas jaculans Petry – Lənkəran təbii vilayətinin sarı torpaqlarında; Rhincomonas nasuta Perty, Sainouron microteron Sandon – Lənkəran təbii vilayətinin sarı torpaqlarında; Amphimonas globasa Kent və A.fusiformis Mereschkovsky – Lənkəran təbii vilayətinin sarı torpaqlarında və Dağlıq Qarabağda tapılmışdır. Costia necatrix (Heneguy) çəkinin, aynalı karpın, çapağın, xramulyanın, qızılbalığın qəlsəmələrində və dərisində parazitlik edir. Kür çayı hövzəsində yayılmışdır. Cryptobia branchialis Nie – qızılüzgəcdə, şirbitdə, sufda, xramulyada, enlibaşda və b.; C.ninaekohlyakimovi (Yakimov et Schochar) Kür çayı hövzəsində naxada; C.querneyorum (Minchin) Dəvəçi limanında və Kiçik Qızılağac körfəzində durnabalığında; C.borelli (Laveran et Mesnil) Dəvəçi limanında və Kiçik Qızılağac körfəzində qızılüzgəcdə, lilbalığında, Kür çapağında, şərq şapağında; C.cyprini Piehn – Dəvəçi limanında, Ağgöl, Sarısu, Nohur göllərində çəkidə, gümüşü dabanbalığında parazitlik edir. Trypanasomatidae fəsiləsi Kiçik ölçülü qamçılılardır. Bədənləri uzunsov, hər iki ucda sivridir. Bədəni sitoplazma, nüvə, kinetoplast, undulyasiyaedən membran və qamçıdan ibarətdir. Tripanazomlara bir çox onurğalı heyvanların qanında rast gəlmək olur. Quru onurğalılarında onların keçiriciləri ikiqanadlı həşəratlar, gənələr, triatom taxtabitiləri; su onurğalılarında isə qansoran zəlilərdir. Keçmiş SSRİ ərazisində insanların tripanazomlarla yoluxması qeyd edilməmişdir. Ancaq iribuyunzlu mal – qarada bu qamçılılar aşkar edilmişdir. Azərbaycanda Trypanasoma və Leishmania cinslərindən olan Trypanasoma theileri Laveran – Lənkəran zonasında və Zurnabad yaxınlığında iribuynuzlu mal – qarada; T.lewisi Kent¬ ¬– Bakı ətrafında boz siçovulda; T.rabinovitschi Brumpt – Dağlıq Qarabağda mişovulda; T.vulgaris Zuhs – Abşeron yarımadasında və Zurnabad yaxınlığında ərəbdovşanında və tülküdə; T.pestanci Zuhs – porsuqda; T.ingens Bateman et Mackie – cüyürdə; T.loricatum (Mayer), T.mega Dutton et Todd., T.neveulemairie Brumpt, T.pipinetis Diamond, T.rotatorium Mayer – Kür çayı vadisində, Dəvəçi limanında, Kiçik Qızılağac körfəzində, Aşıq Bayramlı və Yekəxana su anbarında, Ağgöl, Sarısu, Nohur, Candar göllərində göl qurbağasında; T.avium Danilewsky – göycəqarğada, qızılı qızlarquşunda və şanapipikdə; T.dschunkowskyi Tartakowsky – zığzığda; T.matisi Sergent – kənd qaranquşunda; Trypanosoma sp. – çöl muymulunda, ev sərçəsində, adi sığırçında, boz qarğada, sağsağanda; T.carassii Mitrophanof – Xəzər dənizi hövzəsində, Dəvəçi limanında, Kiçik Qızılağac körfəzində, Aşıq Bayramlı və Yekəxana su anbarlarında qızılı dabanbalığında, qızılüzgəcdə, lilbalığında, şərq çapağında, Kür çapağında, durnabalığında, xanıbalığında, enlibaşda, çəkidə; T.bliccae Nikitin – Xəzər dənizi hövzəsində yastıqarında; T.percae Brumpt – Xəzər dənizi hövzəsində, Dəvəçi limanında, Kiçik Qızılağac körfəzində Volqa sufunda və sufda; T.schulmani Ghajbulayev – Dəvəçi limanında və Kiçik Qızılağac körfəzində durnabalığında aşkar edilmişdir. Leyşmaniyalar sürünənlərin, məməlilərin və insanın bir sıra xəstəliklərinin törədiciləridir. İnsanı yoluxduran növlərdən Azərbaycan ərazisində ancaq ikisinə rast gəlinmişdir: Leishmania tropica Wright və L.infantum Nicole. Antroponoz dəri leyşmaniozunun törədicisi L.tropica, əsas keçiricisi – Phlebotomus sergenti, törədicinin rezervuarı isə insandır. Bu xəstəliyin sabit endemik ocaqları qədimdən Gəncə, Bərdə və Ağdam şəhərləri olmuşdur. Visseral leyşmaniozun törədicisi L.infantum, infeksiya rezervuarı – şəhərlərində (sinantrop ocaqlar) itlər, kənd yerlərində isə vəhşi heyvanlardır. Visseral leyşmanioz keçmişdə respublikanın əksər aran və dağətəyi rayonlarında yayılmış bir xəstəlikdir. Uşaqlar bu xəstəliyə daha çox tutulurlar. 60 – 70-ci illərdə respublikada keçirilən məqsədyönlü tədbirlər nəticəsində artıq 1966-cı ildə antroponoz dəri leyşmaniozu faktik olaraq ləğv edilmiş, Gəncə, Bərdə, Ağdam şəhərlərində bu xəstəliyin endemik ocaqları tamamilə aradan qaldırılmış, eləcə də bütünlükdə respublikada visseral leyşmaniozla xəstələnmə halları azalmışdır. Bu xəstəliyin Şamaxı, Göyçay, Ağdam və bir sıra başqa rayonlardakı ocaqları sağlamlaşdırılmışdır. Ancaq Azərbaycanın ayrı – ayrı rayonlarda visseral leyşmaniozla sporadik yoluxma halları hələ də qeyd edilməkdədir. Visseral leyşmaniozla mübarizə problemi respublikanın səhiyyə orqanları üçün aktual olaraq qalır. Əhalinin miqrasiyası, turizm sürətli inkaşıfı ilə bağlı olaraq ictimai – iqtisadi və təbii şəraitin kəskin dəyişməsi ilə əlaqədar leyşmaniozlar problemi getdikcə daha çox aktuallıq kəsb edir. Bu isə onların indiki areallardan kənara – həmin xəstəliyin yaxın keçmişdə ləğv edildiyi, ancaq onların ocaqlarının potensial şəkildə yenidən baş qaldıra biləcəyi ərzilərə yayımasına səbəb ola bilər. Buna görə də leyşmaniozların öyrənilməsi və onlarla mübarizə aparılması Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi proqramına daxil edilmiş 6 ən mühüm tropik xəstəlikdən biridir. Polimastiqinlər – Polymastigina dəstəsi İstisnasız olaraq parazit qamçılılardır. Dəstənin səciyyəvi əlamətləri – üç və daha artıq qamçının və dayaq bağının – aksostilin əmələ gəlməsidir. Onurğasız və onurğalı heyvanların parazitləri olan Trichomonas və Lamblia cinslərinin nümayəndələri daha çox maraq kəsb edir. İribuynuzlu mal – qaranın dişilərində cinsiyyət yollarında parazitlik edən və qısırlıq, cinsiyyət orqanlarında yaralar törədən Tr.foetus Riedmuller baytarlıqda böyük əhəmiyyətə malikdir. Uşaqların və yaşlıların bağırsaqlarında başqa bir növ – Tr.hominis Davaing yaşayır ki, onun da patogenliyi sona qədər aydınlaşdırılmayıb. Tr.vaginalis Donna qadınların və kişilərin sidik – cinsiyyət orqanlarında parazitlik edir. Müalicə edilmədiyi halda bu xəstəlik ciddi ağırlaşmalara səbəb ola bilər. Azərbaycanda insanın ağız boşluğunda Trichomonos elomgata Steinbeng aşkar edilmişdir (F.Musayev, 1969). Trichomonos elomgata iyşəkilli və ya armudvarı formaya malikdir. Bədənin ölçüləri 10 mkm-ə yaxındır. Bədənin daha geniş ön tərəfində bədən ölçüsünə bərabər, yaxud bir qədər uzun 4 sərbəst qamçısı var. Ön tərəfdə sitoplazmanın içində uzunsov nüvə vardır. Ağız boşluğuna daxil olan bakteriyalarla qidalanır, ancaq eritrositləri da uda bilir. Sağlam adamlara nisbətən paradontozlu xəstələrdə ağız trixomonadasına 7 dəfə artıq təsadüf olunur. Trixomonada anaerob mikroblarla birlikdə damaqda iltihab prosesini saxlayır və cibciklərdən irin qəlsəməsinə səbəb olur. Bu vəziyyətdə xəstələri müalicə etmək üçün onlara trixomonadların böyüməsinin və inkişafının qarşısını alan trixopol (metronizadol) təyin edirlər (F.Musayev, 1969). Adamlarda uzunmüddətli ishala səbəb olan Lambia intestinalis Blanchard Azərbaycanın ölkə patologiyası üçün böyük əhəmiyyət kəsb edir. O, insanın öd kisəsinə daxil olaraq iltihab prosesinə səbəb ola bilir. Eimeriidae fəsiləsi Ən çoxnövlü fəsilədir. 1400-ə yaxın növü vardır. Xarakterik xüsusiyyətləri – bir sahibdə inkişaf etməsi və oosistaların xarici mühitə ifraz edilməsidir. Bir qayda olaraq, şizontları və qamontları hüceyrədaxilidir. Mayalanması da xüceyrə daxilində baş verir. Oosistası tərpənməz makroqametin mikroqamet tərəfindən mayalanması nəticəsində əmələ gəlir. Oosistalar əsasən xarici mühitdə, bəzən isə sahibin orqanizmində sporlaşır. Oosistada 1, 2, 4 və daha çox sporosista ola bilər. Bunların hər birində bir və ya daha çox sporozoit olur. Bu fəsilənin bir çox növləri ev heyvanları üçün patogendir. Oosistada sporların və sporozoitlərin miqdarına görə eymeriidalar 16 cinsə bölünür. Azərbaycanda heyvanlarda Eimeria və İsospora cinslərinin nümayəndələri tapılmışdır. Eimeria-nın bütün növləri monoksen parazitlərdir, yəni oosistadan oosistaya qədər eyni bir sahibdə inkişaf edirlər. Oosistalar bir qayda olaraq xarici mühitə sporlaşmış vəziyyətdə çıxırlar və sporlaşma xarici mühitdə baş verir. Balıqların və sürünənlərin bəzi eymeriyalarında sporlaşma sahibin bədənində baş verir. Eimeria üçün hər birində 2 sporozoit olan 4 sporun olması xarakterikdir. Onlar müxtəlif onurğalıların bağırsaqlarındakı epiteli hüceyrəsində parazitlik edirlər. Ancaq bəzi növlər qaraciyərdə, böyrəklərdə, qonadlarda da inkişaf edə bilər. Eimeria-nın inkişaf sikli aşağıdakı sxem üzrə gedir: sporlaşmış oosista sahib tərəfindən udulur. Sahib heyvanın orqanizmində həzm fermentlərinin təsiri altında sporozoitlərin ekssistalaşması baş verir və onlar bağırsağın selikli qişasının epiteli hüceyrələrinə daxil olurlar. Burada onlar yumurlanaraq trofozoitlərə və şizontlara çevrilirlər. Şizoqoniyz nəticəsində merozoitlər əmələ gəlir və şizontdan çıxaraq bir neçə müddət ərzində hüceyrədənkənar həyat tərzi keçirir. Sonra onlar sahibin yeni hüceyrələrinə daxil olur və yenidən şizontlar əmələ gətirirlər. Şizoqoniya prosesi bir neçə dəfə təkrar oluna bilər. Son generasiyanın merozoitləri şizontlara yox, qamontlara başlanğıc verir. Makroqametosit makroqametə çevrilir, mikroqametosit isə nüvənin çoxsaylı bölünmələrinə məruz qalır və bu da çox sayda mikroqametlərin əmələ gəlməsinə səbəb olur. Makroqametin mayalanması hüceyrə daxilində baş verir. Bundan sonra ziqota qabıqlarla örtülür və oosistaya çevrilir. Oosista fekalla xarici mühitə ifraz olunur. Burada o, sporlaşmadan sonra yeni sahib üçün invazion şəklə düşür. Oosistanı sahibin udmasından və onun sahibin orqanizmindən xaric olunmasına qədər eymeriyaların həyat kəsiyi prepatent dövr adlanır. Oosistanın xaricolma anından sahibin orqanizminin tam təmizlənməsindən olan dövrə isə patent dövr deyilir. Azərbaycanda 150 növdən artıq eymeriya qeydə alınmışdır. Bunlar respublikada yaşayan sürünənlərdən başqa, onurğalıların bütün siniflərində parazitlik edirlər. Balıqlarında – 3, suda- quruda yaşayanlarda – 2, ev və çöl quşlarında – 17, kənd təsərrüfatı heyvanlarında – 30, dovşanlarda – 9, nutriyalarda – 3, vəhşi fauna nümayəndələrində — 92 növ eymeriya qeydə alınmışdır.