Maya Bədəlbəyli (azərb. Maya Rəhim qızı Bədəlbəyli; 1952-ci il Bakı şəhəri) — Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar Birliyinin üzvü, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Kaliforniya Poeziya Elmləri İnstitutunun üzvü, fəlsəfə doktoru.[1][2]
Maya Bədəlbəyli | |
---|---|
Maya Rəhim qızı Bədəlbəyli | |
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Rəhim Bədəlbəyli |
Milliyyəti | azərbaycanlı |
İxtisası | Rus dili və ədəbiyyatı müəllimi |
Təhsili | Bakı Slavyan Universiteti |
Tanınır | rəssam, yazıçı |
Mükafatları | Sülh Səfiri |
Maya Bədəlbəyli 1952-ci ildə Bakı şəhərində anadan olub. O, Bakıda 6 saylı orta məktəbi bitirdikdən sonra M.F.Axundov adına Azərbaycan Rus Dili və Ədəbiyyatı Pedaqoji İnstitutuna (indiki Bakı Slavyan Universiteti) daxil olub.
Maya Bədəlbəyli universiteti bitirdikdən sonra Bakı Məişət Kondisioneri zavodunun nəzdindəki Texniki-peşə məktəbində rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə çalışıb. O, 1979-cu ildə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Qanunlarının nəşrinin hazırlanması üzrə redaksiya heyətinin redaktoru vəzifəsinə qəbul olunub. 1982-ci ildən etibarən isə Azərbaycan Mədəniyyət Nazirliyində Mədəni-Maarif şöbəsinin baş müfəttişi vəzifəsində çalışıb. Bu dövrdə o, əhalinin xalq sənətinin inkişafında mədəniyyət müəssisələrinə praktiki yardım göstərmək məqsədilə Azərbaycanın, demək olar ki, bütün bölgələrində olmuşdur. Daha sonra Mədəniyyət Nazirliyində Sosiologiya Tədqiqat Qrupunun yaradıldığı vaxtdan qrupa Maya Bədəlbəyli rəhbərlik edib.
Maya Bədəlbəyli Moskvada Ümumrusiya Azərbaycanlıları Konqresinin və Heydər Əliyev Fondununun tədbirlərində fəal iştirak edərək Rusiya xalqları arasında Azərbaycan mədəniyyətini təbliğ edir. Bu fəaliyyətinə görə Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri D.İ. Saveliev tərəfindən bir neçə dəfə tərifnamələr alıb. O, könüllü olaraq Rudomino adına Dövlət Xarici Ədəbiyyat Kitabxanasındakı (Moskva) Azərbaycan Mədəniyyət Mərkəzində master-klass keçirir.
M. Bədəlbəylinin əsas fəaliyyət sahəsindən uzaq olan anlayışları qeyri-adi formalaşdırmaq qabiliyyətləri Lütfi Zadə, Rusiya Elmlər Akademiyasının akademikləri Kapitsa S.P., Spirkin A.G., Berkerev N.P., Kruglyakov E.P. kimi tanınmış mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Rusiya Müəlliflər Cəmiyyəti M. Bədəlbəyliyə əvvəllər akademik V.İ. Vernadski tərəfindən noosfer anlayışında yeni baxışa qeydiyyat hüququ haqqında təqdim edilən şəhadətnamədən fərqlənən şəhadətnamə vermişdir.
Maya Bədəlbəyli erkən yaşlarından yaradıcılığa meyl göstərib. Onun məktəb illərində şeirləri "Pionerskaya Pravda" qəzetində çap edilib. Həmçinin ilk dəfə olaraq "Gənc səslər" toplusunda şeirlərindən bir neçəsi nəşr olunub. Bununla yanaşı, Maya Bədəlbəyli Bakıda və Moskvada nəşr olunan şeirlər toplusunun müəllifidir.
Maya Bədəlbəylinin rəsm yaradıcılığı ilk dəfə 2000-ci ildə "Qız Qalası" qalereyasında olmuşdur və bu qalereyada Mədəniyyət Dostları Fondunun təşəbbüsü və dəstəyi ilə əsərlərinin ilk şəxsi sərgisi keçirilib. Rəssamın Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında "Fırça və söz ustası" sərgisi keçirilib. Həmin sərgidə Maya Bədəlbəylinin yağlı pastellə çəkdiyi 30-a yaxın rəsm əsəri nümayiş olunub. Sərgi haqqında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova demişdir :
Maya Bədəlbəylinin rəsmlərinin ilk sərgisi hələ 90-cı illərin ortalarında Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilmişdi. Elə o zaman da rəsmləri görənlər rənglərin "üsyanı"na heyran qalmışdılar. Maya Bədəlbəyli rəngləri kağıza barmaqlarının ucu ilə həkk edir və beləcə qəlbindəki hisslərini birbaşa kağıza köçürür. Sərgiyə gələnlərin hamısı Maya xanımın qeyri-adi rəsm üslubundan danışır. Onun rəsmlərində düşüncə dərinliyi, incə hisslər əksini tapıb. |
Rəssamın inidiyədək çəkdiyi 250-dən çox rəsm əsəri dəfələrlə Bakıda və Moskvada sərgilənib. O, 2000-2018-ci illərdə Bakıda və Moskvada müxtəlif incəsənət sərgilərində, şəxsi və digər müəlliflərlə də iştirak edib.[1][2]
Maya Bədəlbəyli həm də yazıçıdır. O, "Söz", "Dialoq", "Kainatın səsi", "Mən rezonansa düşən dalğayam" və digər kitabların müəllifidir. Həmçinin, müəllifin sərgi çərçivəsində təqdim etdiyi "Dalğınlıq" kitabında müəllifin şeirləri, esseləri, hekayələri, fəlsəfi-epik düşüncələri öz əksini tapıb. Kitabda müəllifin öz həyatında baş verən hadisələrlə birbaşa bağlı olan əsərlərə də rast gəlinir. 2002-ci ildə Moskva Beynəlxalq Kitab Sərgisində Ripol Classic nəşriyyat evi (Moskva) "Kainatın səsləri" kitabını təqdim etmişdir.[1][2]
Azərbaycan Televiziyası Maya Bədəlbəyli haqqında "Maya" və "Televernisaj " filmlərini çəkmişdir.
Maya Bədəlbəyli fəal ictimai fəaliyyətinə görə Sülh Səfiri fəxri adına layiq görülüb. Həmçinin Maya Bədəlbəylinin dəfələrlə Rusiya Yazıçılar İttifaqı tərəfindən "İlin şairi" və "İlin rəssamı" fəxri adlarına namizədliyi irəli sürülüb.[1][2]