Melvil Reymond Şunker (1925, Britaniya Hindistanı – 4 yanvar 2021[1], Qoa) — Hindistan donanmasının vitse-admiralı, Hindistan Hərbi Dəniz Qüvvələri komandirinin sabiq 6-cı müavini.
Melvil Reymond Şunker | |
---|---|
M. R. Schunker | |
Şəxsi məlumatlar | |
Ləqəbi | Dik |
Doğum tarixi | |
Doğum yeri | Britaniya Hindistanı |
Vəfat tarixi | |
Vəfat yeri | Qoa, Hindistan |
Vətəndaşlığı | Hindistan |
Həyat yoldaşı | Anna Şunker |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Hindistan Ordusu |
Qoşun növü | Hindistan Donanması |
Xidmət illəri | 1943-1984 |
Rütbəsi | Vitse-admiral |
Döyüşlər | İkinci Dünya Müharibəsi |
Təltifləri |
Hindistan Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Melvil Reymond Şunker 1925-ci ildə Hindistanda anadan olmuşdur. O, 1943-cü ildə əsgər kimi müstəmləkə Hindistanın Hərbi Dənizçilik Könüllüləri Ehtiyatına qatıldı və burada hərbi xidmətinə başladı.[2] Yardımçı patrul gəmilərinin yanında mina gəmilərində də xidmət etdi.[3] İkinci Dünya müharibəsindən sonra Hindistan Kral Donanmasında daimi komissiyaya üzv seçildi.[4]
1956-cı ildə Şunker bir çox gəminin, o cümlədən, Liverpulda istismara verilən "Maysor" gəmisinin kapitanı vəzifəsinə qədər yüksəldi. O, zabit kimi bu gəminin ekipajında oldu. Təxminən iki il gəmidə xidmət etdikdən sonra Koşində yerləşən Silahçılıq Məktəbinə göndərildi. Uzun topçuluq kursu ilk dəfə Hindistanda idi və Şunker burada kurs zabiti idi.[5]
Melvil Reymond 1960-cı ildə "Rana" gəmisinin komandiri vəzifəsinə gətirilir. Daha sonra, Dəniz Planları Müdirinin müavini olaraq Hərbi Dəniz Qüvvələrinin Baş İdarəsində fəaliyyətinə davam etdi.[3] Qısa xidmətini başa vurduqdan sonra, 1961-ci ilin dekabrında Qərb Donanmasına Komandirlik Edən Bayraq Zabiti Baskar Sadaşiv Somanın yanında əməliyyat məmuru vəzifəsinə təyin edildi. Şunker Birgə Xidmət Müdafiə Kollecində fəaliyyətini və əməkdaşlığını davam etdirmək üçün İngiltərəyə göndərildi.[4]
1967-ci ildə donanmanın sualtı qolu "Kalvari" sualtı qayığı ilə quruldu. Şunker SSRİ-dən alınan gəmilərdən birinin istismar komandiri vəzifəsinə təyin edildi.[6] 1969-cu ildə Hindistana qayıtdı.[7] 26.01.1970-ci il tarixli Sərəncam ilə gəmi komandanlığında göstərdiyi misilsiz xidmətlərinə görə Melvil Reymond Şunker "Ati Vişişt Seva" medalı ilə təltif edildi.[8]
Melvil Reymond Şunkerin rütbəsi yüksəldildi və Camnaqardakı INS Valsura Elektrik Mühəndisliyi Məktəbinə komandir vəzifəsinə təyin olundu.[9] Kurslardakı təlimlərdən keçəndən sonra Mumbaydakı Qərb Dəniz Qüvvələri Komandanlığının Baş Qərargah Rəisi vəzifəsinə qədər yüksəldi.
1976-cı ildə Şunker bu vaxta qədər qazandığı ən böyük vəzifələrdən birini qazandı. Ona kontr-admiral rütbəsi verildi və Qərb Donanmasına Komandirlik Edən Bayraq Zabiti oldu.[10] 1 illik xidmətindən sonra vəzifəni Manohar Prahlad Avatiyə təhvil verib Dəniz Qüvvələrinin Baş Qərargahında dəniz qüvvələrinin başçısının müavini vəzifəsini icra etdi. 1978-ci ildə son rütbəsi olan vitse-admiral rütbəsinə qədər yüksələn Şunker Şərq Dəniz Komandanı oldu.[11][12]
İki illik işdən sonra, 1980-ci ildə bu vəzifədən istefa edərək Dəniz Qüvvələri qərargahına köçən Şunker 1 aprel 1980-ci ildə Dəniz Qüvvələrinin Baş Qərargahının başçısının müavini oldu.[13] Dəniz Qüvvələrində müstəsna və üstün xidmətinə görə 26.01.1981 tarixli Sərəncam ilə vitse-admiral Melvil Reymond Şunker "Param Vişişt Seva" medalı ilə təltif edildi.[14]
Son vəzifəsi Hindistan Sahil Mühafizəsinin baş direktorluğu olan Şunker 1984-cü ildə bu vəzifəni vitse-admiral S.Ceynə verdikdən sonra təqaüdə çıxdı.[15]
Təqaüddən sonra Melvil Reymond Şunker həyat yoldaşı Anna ilə Qoaya köçdü və ömrünün sonuna qədər Porvorimdəki Müdafiə Koloniyasında yaşadı.[16]
Hindistan donanmasının vitse-admiralı Melvil Reymond Şunker 4 yanvar 2021-ci ildə 96 yaşında dünyasını dəyişmişdir.[17]