Bu məqaləni vikiləşdirmək lazımdır. |
Membranlar
Dünya dağ-mədən sənayesinin inkişafı yeni innovasiyalar əsasında çox sürətlə irəlilədiyi halda, yataqlarımızın köhnə ənənəvi hasilat üsulları ilə işlənməsi artıq müasir tələblərə cavab vermir. Yataqlardakı xammalın tərkibindəki əsas komponentlərin miqdarı istismar nəticəsində azaldığı üçün (Daşkəsən alunit filizi, Balakən rayonu ərazisində filizçay polimetal sulfid filizi, Gədəbəy və Çovdar filiz emalından qalan tullantılar, Daşkəsən dəmir filizi və s.) ənənəvi piro- və hidrometallurgiya üsulları belə xammal növlərinin emalına yaramır. Filizlərin emal prosesində alınan məhlullarda məqsədli komponentlərin qatılığı təlabata uyğun həddən aşağı olub, az qatılıqlı sayılırlar. Son illər dağ-mədən sənayesinin inkişafında ən müasir sayılan membran, selektiv sorbentlər və elektrodializ texnologiyası sürətlə inkişaf edir. Membran texnologiyaların inkişafında müvəffəqiyyət membranların və yeni nəsil universal membran aparatlarının hazırlanması ilə əlaqədardır. Çoxlu xarici şirkətlər müxtəlif membranlardan istifadə etməklə təbii və tullantı sularını təmizləyir, texnoloji məhlullarda metalları selektiv yolla ayırırlar. Ilk sənaye membran qurğuları 1962-ci ilə işləməyə başladığı üçün bu texnologiya ənənəvi texnologiyalardan gənc sayıla bilər. Su təmizləyici qurğularda membranlı sistemlərin istifadə edilməsi təqribən 1985-ci ildən başlamış və bu gün praktiki olaraq bütün sahələrdə tətbiq olunur. Yüksək minerallaşmış maye tullantılarında metalın qatılılığının az olması onların yenidən utilizasiya edilməsini tələb edir. Belə məhlullardan metalların qatılaşdırılması, metal ionlarının məhlula az bir müddətdə keçməsi və kənardan heç bir reaktiv və maddə almadan turşu və qələvi istehsalını təmin edən, yüksək selektivliyi ilə fərqlənən yeni texnologiyalar arasında ən sərfəli sayılan üsullardan biri elektromembran metodudur. Bir çox metallara qarşı seçicilik xüsusiyyətinə malik olan membranları elektrodializ qurğusunda işlətməklə bilavasitə filizlərdən və filizemalı məhlullarından lazım olan komponentləri ayırmaq və saf hala gətirmək yolları araşdırılmışdır. Elektrodializ – elektrik sahəsinin təsiri ilə membran vasitəsi ilə ionların daşınma (köçürülmə) prosesidir. İonitli membranlarla elektrodializ prosesinin əsas üstünlüyü onunla bağlıdır ki, duzsuzlaşma kamerasından ayrılan ionlar elektrodlarda toplanmadan qatılaşma kamerasında yığılırlar. Qurğuda 3 tip membran istifadə olunur: kationit, anionit və bipolyar membranlar. Kationit membranlar – toplanmış mənfi yükə malik, müsbət yüklü ionları (Na+, K+) özündən keçirən, eyni zamanda mənfi yüklü ionları özündən itələyən membranlardır. Anionit membranlar müsbət yüklü iona malik olub, özündən mənfi yüklü ionları (F-, Cl-, SO42-, NO3-) keçirir, eyni zamanda müsbət yüklü ionları özündən itələyir. Bipolyar membranlar hər iki imkana malik olub, bir paketdə həll olmuş duzları ayırmağa imkan verir.