Menyu (informatika)

Konteks menyu

Menyu(ing. menu, ru. меню) - proqramın parametrlərinin, komandalarının və s. elə strukturlaşdırılmış yığınıdır ki, istifadəçi lazım olan əməliyyatı yerinə yetirmək üçün onlardan birini seçə bilər. Tətbiqi proqramların əksəriyyəti, xüsusən, qrafik interfeysi (şəkillər əsasında) olan proqramlar öyrənməyi, işləməyi və düzgün istifadəni asanlaşdırmaq vasitəsi kimi menyudan istifadə edir. Menyuda bir adın seçilməsi çox zaman “aşağıda yerləşən” (növbəti səviyyəli) menyunun və ya yerinə yetirilən əməliyyatın xarakterini dəqiqləşdirən müəyyən parametrlər yığınından ibarət dialoq boksunun açılmasına səbəb olur. Menyu ilə işləmək üçün həm siçandan, həm də klaviaturadan istifadə olunur. Siçandan istifadə edərkən menyuda olan komandaları göstərmək üçün menyunun adını çıqqıldatmaq lazımdır. Klaviatura ilə menyu zolağını (MENU BAR) aktivləşdirmək üçün <Alt> və ya <F10> klavişindən istifadə olunur. Hər hansı menyunu, yaxud onun bəndini seçmək üçün altından xətt çəkilmiş hərf klavişini basmaq olar. Açılmış menyunu ekrandan yığışdırmaq üçün <Esc> klavişindən istifadə olunur.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.