Bu məqaləni vikiləşdirmək lazımdır. |
Metal üzvi birləşmələr
Metal-üzvi kimya metal-üzvi birləşmələri öyrənir. Metal-üzvi birləşmələr (MÜB) üzvi qrupların bilavasitə metal atomu ilə metal-karbon rabitəsi vasitəsilə əmələ gətirdiyi birləşmələrdir. Əgər üzvi liqand keçid metal atomu ilə bilavasitə keçid metal–karbon rabitəsi ilə birləşibsə, belə birləşmələr keçid metalların metal-üzvi birləşmələri, əgər qeyri-keçid metalla birləşibsə, onda qeyri-keçid metalların metal-üzvi birləşmələri adlanır. Metalüzvi birləşmələrin kompleks birləşmələrdən fərqi odur ki, kompleks birləşmələrdə bilavasitə metal–karbon rabitəsi yoxdur. Bu baxımdan metal-üzvi birləşmələr kompleks birləşmələrin xüsusi formasıdır. Keçid metalların metal-üzvi birləşmələrinə maraq əsasən iki aspektlə (praktik və fundamental) əlaqədardır. Ən əvvəl bu komplekslərin tədqiqi keçid metal atomunun rabitə yaratma qabiliyyətini araşdırmağa və keçid metal-üzvi liqand arasındakı çox mərkəzli ikielektronlu rabitələrin xüsusiyyətlərini dərindən dərk etməyə imkan verir. İkincisi keçid metalların metal-üzvi birləşmələrinin perspektivli katalitik sistemlər olması ilə əlaqədardır. Məlumdur ki, keçid metallar əsasında alınmış homogen katalizatorlar çoxtonnajlı kimyəvi məhsulların — spirtlər, plastifikatorlar, sirkə turşusu, dərman maddələrinin və s. sintezində istifadə edilir. Keçid metalların ilk metal-üzvi birləşməsinin nümunəsi platinin olefin kompleksi – K+[C2H4PtCl3]– olmuşdur. Bu kompleks Danimarka əczaçısı Seyze tərəfindən sintez olunmuşdur. Sonralar dəmir və nikelin karbonilləri (Ni(CO)4, Fe(CO)5) alınmışdır. 1951-ci ildə ferrosenin [(C5H5)2Fe] kəşfindən sonra metal-üzvi birləşmələr kimyası sürətlə inkişaf etməyə başladı. Bundan sonra ferrosen kimi digər "sendviç" quruluşlu birləşmələrin kəşfi və onların benzol kimi elektrofil əvəzolunma reaksiyalarına daxil olması bu sahədə elmi tədqiqatların böyük vüsət almasına səbəb oldu. Hal-hazırda keçid metalların metal-üzvi birləşmələri kimyası sürətlə inkişaf edən sahələrdən biridir, bu sahə üzrə bir çox elmi məqalə nəşr edilir.
Keçid metalların metalüzvi birləşmələri üzvi liqandlarla birləşmiş bir və ya bir neçə keçid metal atomundan ibarət olur. Liqand – müstəqil mövcud ola bilən ion qrupları və ya neytral molekullardır. Adətən liqandlar elektrodonor, metal atomu (və ya ionu) isə elektroakseptor təbiətli olur.
Metal-üzvi birləşmələr liqandın metal–liqand rabitəsinə verdiyi elektronların sayına görə təsnifatı daha mühüm rol oynayır. Bu baxımdan liqandlar birelektronlu (metal–karbon rabitəsinə bir elektron verir), ikielektronlu (2 elektron), üçelektronlu (3 elektron), dördelektronlu (4 elektron), beşelektronlu (5 elektron), altıelektronlu (6 elektron) və s. bölünür. Cədvəldə üzvi liqandların sadə nümunələri və onların keçid metallarla şərti kompleksləri verilmişdir. Misallardan göründüyü kimi bəzi hallarda eyni bir liqand keçid metal atomu ilə özünün müxtəlif sayda karbon atomu ilə birləşə bilir. Sistematik nomenklaturaya görə bu fərqlər qapto (yunan sözü olub, bağlamaq mənasını verir) termini ilə ifadə olunur. Əgər liqand metalla özünün bir, iki, üç, dörd, beş, altı və s. sayda karbon atomu vasitəsilə birləşirsə, onda belə birləşmə müvafiq olaraq mono-, di-, tri-, tetra-, penta-, heksa-, hepta- adlanır.