Metalloqrafiya

Metalloqrafiya metal və xəlitələr haqqında elm olub, metalların makro və mikro strukturunu (müşahidə yolu ilə və ya elektron mikroskop altında), və həmçinin onların strukturunun dəyişməsindən asılı olaraq mexaniki, elektrik, maqnit, istilik və s. fiziki xassələrini öyrənir.

Bürünc nümunənin metalloqrafik əksi

Mikrostrukturu öyrənmək üçün rentgen struktur analizindən istifadə olunur. Bunun köməyi ilə struktur və xassə arasında əlaqə tədqiq edilir. Məsələn bir fazalı xəlitənin möhkəmliyi onun struktur dənəciyinin qiymətindən asılı olduğu halda, ona ikinci elemeneti daxil etdikdə yaranan iki fazalı sistemin rekristallaşması ikinci elementdən asılı olur.

Makrostruktur daha çox iri kristalların (dənəciklərin) ölçüsü və forması, metalda olan defektlər və qarışıqların yerləşməsi ilə müəyyyən olunur. Metal materialın mikrostrukturu isə ayrı-ayrı fazaların kristallarının ölçüsü, forması, qarşılıqlı vəziyyəti və sayından asılıdr. Metalın daxili quruluşunun formalaşması və dəyişməsi soyutma və qızdırma, həmçinin plastiki deformasiya zamanı baş verən dəyişmələr sayəsində baş verir. Ərinti şəklində olan metal soyuduqca onun daxilində öncə kiçik kristal özəkləri yaranır və sonra getdikcə böyüyərək bərk struktur formalaşdırır. Soyutmanın sürəti metalın daxilində narın strukturun, yəni kiçik ölçülü dənəciklərin əmələ gəlməsini şərtləndirir. Metalın mikrostrukturu temperatur dəyişməsindən və yaranan təzyiqdən asılı olaraq baş verən faza çevrilmələri ilə kəskin dəyişir. Bu halda da, struktur çevrilməsi baş verdiyi şəraitdən, əsasən temeratur intervalı, soyuma sürəti, fazanın kristal qəfəsinin qurulma xüsusiyyətlərindən asılı olur.

  • Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.