Мişarçay yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə
Мişarçay yaşayış yeri Cəlilabad şəhərindən 1,5 km şimal-şərqdə, eyni adlı çayın sahilində yerləşir. Мişarçayın alt təbəqəsi Kür-Araz mədəniyyətinə, onun üzərində yerləşən təbəqəsi isə Orta Tunc dövrünə aid material vermişdir. Kür-Araz təbəqəsindən fərqli olaraq (4,5 m) Orta Tunc dövrü təbəqəsinin olduqca az yığılması, bu dövrdə yaşayış yerində həyatın yarımköçəri maldarlığa əsaslandığını göstərməkdədir. Yaşayış yerinin bu təbəqəsindən daş və sümük əmək alətləri, keramika məmulatı aşkar olunmuşdur. Keramika məmulatı morfoloji və texnoloji xüsusiyyətlərinə görə iki qrupa bölünür. Birinci qrupa qəhvəyi rəngli, tünd ləkəli, kifayət qədər qaba hazırlanmış mətbəx qabları daxildir. Onların gilinin tərkibinə qum, çınqıl və gil ovuğu qatılmışdır. Bu qrupdakı qablar içərisində genişağızlı, silindr boğazlı, cüt qulplu küpələr fərqlənirlər. Onların üzəri sığallanaraq, yüngülcə cilalanmışdır. Gövdəsinin yuxarı hissəsi və çiyni cızma üsulu ilə həndəsi motivdə naxışlanmışdır. Boğazının altında yolkaşəkilli ornament, ondan altda isə ştrixlənmiş üçbucaqlar yerləşdirilmişdir.