Mikrosığorta

Mikrosığorta — Ümumqəbuledilmiş sığorta təcrübəsinə uyğun olaraq əhalinin az gəlirli təbəqəsi üçün sığortalana bilən risklər üzrə təklif olunan, cüzi sığorta haqqı müqabilində adi sığortaya nisbətən daha az məbləğdə sığorta təminatını nəzərdə tutan və lisenziyalaşdırılmış şəxslər tərəfindən həyata keçirilən sığorta mexanizmi.

Azərbaycanın sığorta bazarında hələ ki, (2015-ci ilin ortalarına olan məlumat) tətbiq edilməyən mikrosığorta beynəlxalq təcrübədə ilk olaraq, əsasən yoxsul əhalinin daha çox olduğu ölkələrdə – Hindistanda, Braziliyada, Filippində, bəzi Afrika ölkələrində geniş yayılmışdır.

Mikrosığorta xidmətlərinin təqdim olunması zamanı sığortaçılar daha az sığorta haqları aldıqlarına görə daha az əldəetmə xərcləri sərf etmək üçün adi sığorta əməliyyatlarına xas olmayan üsullardan istifadə edirlər. Məsələn, şəxs mobil telefonla SMS göndərməklə 1000 dollar məbləğində həyat sığortası təminatı əldə edir. Yaxud kəndli gübrə aldığı zaman 20 dollarlıq gübrənin qiymətinin üzərində əlavə 1–2 dollar ödəməklə, becərmək istədiyi məhsulu 500–600 dollar məbləğində sığorta etdirmiş olur. Sığortaçılar eyni qayda ilə poçt şöbələri, bilet satıcıları vasitəsilə mikrosığorta xidmətlərini təqdim edirlər.

Mikrosığorta müqavilələri üzrə hadisələr baş verdikdə də sığorta şirkətləri ciddi araşdırmalar aparmır, çünki araşdırmaya sərf olunacaq əmək və vaxtın dəyəri onsuz da çox olmayan sığorta ödənişi həcminə yaxın olur.

  • "SIĞORTA TERMİNLƏRİ LÜĞƏTİ" Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq təcrübənin müqayisəsində. Zəka Aqil oğlu Mirzəyevin redaktəsi ilə müəlliflər qrupu, Bakı-2011, 104 səhifə.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]