Milli Azərbaycan Komitəsi

Milli Azərbaycan Komitəsi — Azərbaycan siyasi mühacirlərinin 1941-ci ilin sonunda Berlində təsis olunmuş təşkilatı.

1941-ci ildə Berlində təsis olunmuşdur. Almaniya Xarici İşlər Nazirliyinin dəvətilə Buxarestdən Berlinə gələn Mustafa Vəkilovu, Mir Yaqub Mehdiyevi, Xosrov Paşa Sultanovu buraya dəvət edərək, Hilal Münşi ilə birgə Milli Azərbaycan Komitəsini yaratdı. Komitəyə 4 nəfər daxil idi. Onun tərkibi təsdiq üçün Almaniya Xarici İşlər Nazirliyinə təqdim edildi. Bu sənədlə yanaşı, Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanın dövlət müstəqilliyinin Almaniya tərəfindən dərhal tanınması, vahid Azərbaycan ordusunun yaradılması və s. təkliflərin nəzərdə tutulduğu geniş bəyanatı da nazirliyə təqdim olundu.

Komitə Almaniya rəhbərliyi ilə əməkdaşlığı yalmz Şimali Qafqazadək mümkün sayırdı. Belə hesab olunurdu ki, alman orduları bolşevik rejimini devirdikdən sonra Qafqaza girməməli, onun taleyini region xalqlarının özləri həll etməlidir. Lakin Almaniya hökuməti bu təklifləri qəbul etmədi. Məhəmməd Əmin Rəsulzadənin təkliflərinin Almaniya rəhbərliyi tərəfindən qəbul edilməməsinin başlıca səbəbi müharibənin əvvəlində SSRİ üzərində sürətli qələbə çalınacağına dair yanlış inamı ilə bağlı idi. Nasional-sosialistlər əlavə yardıma ehtiyac olmadan da qalib gələcəklərinə əmin idilər. Nəticədə, Almaniya hökuməti ilə ixtilaf yarandı, Komitənin almanlarla əməkdaşlığı, əslində, baş tutmadı. 1943-cü ilin avqustunadək mövcud olan komitə Almaniya rəhbərliyi ilə əlaqələrdən çəkinmişdir.[1]

  • İbrahimli X., Azərbaycan siyasi mühacirəti (1920–1991), B., 1997;
  • Qasımov M., Güney Kafkasya Böyük devletlerin mengenesinde: Azerbaycan tarihi 1920–1945 yılları, İstanbul, 2005.
  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 196. ISBN 9952-417-44-4.