Milli komitələrin ləğvi haqqında qərarlar (AXC)

Milli komitələrin ləğvi haqqında qərarlarAzərbaycan Xalq Cümhuriyyəti Hökumətinin özündən əvvəlki yerli hakimiyyət orqanlarının ləğv olunmasına dair qərarları (1918, iyun-iyul).

Fevral inqilabı (1917) bütün müsəlmanların, eyni zamanda, azərbaycanlıların siyasi fəallığını artırdı. Yerlərdə Müsəlman Milli Komitələri yaradıldı. Bakıda, Gəncədə, İrəvanda və başqa şəhərlərdə yaradılmış milli komitələrin qarşısına qoyduğu əsas məqsədlərdən biri müsəlmanların yerli özünü idarə orqanlarında və Rusiyanın gələcək Müəssislər Məclisində proporsional şəkildə təmsil olunmasına nail olmaq idi. Lakin Azərbaycan müstəqillik qazandıqdan sonra buna ehtiyac qalmadı. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra milli komitələrin yerlərdə hakimiyyət orqanları kimi fəaliyyətinə xitam vermək məqsədilə hökumət qərarları qəbul edildi. Hökumətin 1918-ci il 27 iyun tarixli qərarı ilə Gəncə (Yelizavetpol) milli komitəsinin sərəncamında olan ən zəruri mallar və bütün ərzaq ehtiyatı Ərzaq Nazirliyinin sərəncamına keçdi. 1918-ci il iyulun 7-də verilmiş qərara görə daxili işlər, maliyyə və ərzaq nazirlərinə Gəncə müsəlman milli komitəsinin əmlakının aydmlaşdırılması və qəbul edilməsi üçün ləğvetmə komissiyası yaratmaq tapşırıldı. Elə həmin gün verilmiş digər qərara əsasən, daxili işlər nazirinə Azərbaycan Xalq Cümhuriyyəti ərazisindəki bütün milli komitələrin ləğv olunması və onların əmlakının dövlətin serəncamına keçirilməsi tapşırılırdı.[1]

  • Азербаиджанская Демократическая Республика (1918-1920). Закондательные акты (сборник дакументов), Б. , 1998.
  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 198. ISBN 9952-417-44-4.