Mingəçevir Özəl Türk Liseyi — Mingəçevirdə Azərbaycan-Türkiyə özəl liseyi.
Mingəçevir deyəndə yada unudulmaz şairimiz Səməd Vurğun, onun "Muğan" poeması düşür. Bəli, təqribən yarım əsr əvvəl burada bambaşqa həyat var idi, hər tərəfdə inşaat, Muğan üçün həyati əhəmiyyəti olan Mingəçevir su anbarı, elektrik stansiyası, trikotaj kombinatı. O dövrün insanları öz vəzifələrini ləyaqətlə yerinə yetirdilər və Mingəçeviri təkcə Azərbaycanın deyil, o zamankı Sovet İttifaqının gənçlik şəhərinə çevirdilər.
Gənçlik şəhəri bu gün öz əhəmiyyətini yenə də qoruyub saxlayır. Bu gün Mingəçevir sabaha inamla addımlayır və onun sabaha gedən mingəçevirlilərlə bir sırada 1993-cu ildə təməli qoyulmuş Mingəçevir özəl Türk liseyi də addımlayır. Həm də inamla, qətiyyətlə.
Respublika fənn olimpiadalarında müntəzəm və uğurla iştirak edən şagirdlərimiz 17 qızıl, 20 gümüş,12 bürünc olmaqla cəmi 49 medal qazanaraq onlara göstərilən etimadı doğrultmuşlar. Bu hələ qələbələrin hamısı deyildir. Ən böyük qələbələr beynəlxalq fənn olimpiadalarında qazanılmış, Azərbaycanı təmsil edən lisey şagirdləri vətənə 4 qızıl, 2 gümüş, 6 bürünc medal, cəmi 12 medal qazandırmışlar.
Məktəbimizin 430 məzununun 98 faizinin seçdikləri ali məktəblərə qəbul olunmaları da bizləri sevindirir. Umummilli Liderimiz şirkətimiz haqqında danışarkən məzunlarımızın 98 faizinin ali məktəblərə qəbul olunmasını "Bu böyük qələbədir" sözləri ilə ifadə etmişdir. Biz unudulmaz Heydər Əliyevin şirkətimizin təhsil müəssisələrinə verdiyi bu yüksək dəyəri daima qorumağa söz vermişik və vədimizə əməl edirik.
Bu müvəffəqiyyətlərin qazanılmasında onlarla müəllimlərin, onlara rəhbərlik etmiş müdirlərin gərgin əməyi vardır.
2014-cü ilin iyun ayında, Azərbaycanda bütün digər türk məktəbləri kimi, Mingəçevir Özəl Türk Liseyi bağlanıb.