Мingəçevir yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə.
Мingəçevir yaşayış yeri Yevlax şəhəri yaxınlığında, Kür çayının sağ sahilində, Bozdağ vadisinin mərkəzi hissəsində yerləşir. Yaşayış yeri əvvəlcə böyük bir sahəni əhatə etmişdir. Lakin, Kür çayının öz məcrasını dəyişməsi ilə əlaqədar yaranmış yarğanlar nəticəsində, onun sağ tərəfində yerləşən yaşayış yeri dağılmış və sahəsi xeyli kiçilmişdir. Nəticədə qədim yaşayış yerindən yalnız kiçik qalıqlar qalmışdır. Abidədə aparılan qazıntının ümumi sahəsi 1200 m² olmuşdur. Bütün qazıntı sahəsində təqribən eyni stratiqrafiya izlənmişdir. Burada alt qatda, bilavasitə materikin üzərində Kür-Araz təbəqəsinə, yuxarıda inkişaf etmiş Tunc dövrünə və Antik dövrə aid təbəqələrə də rast gəlinmişdir. Qazıntı sahəsində Erkən Tunc dövrünə aid dörd yaşayış binasının qalığı aşkar edilərək, öyrənilmişdir. Onların içərisində 2 №- li yaşayış binası daha yaxşı qalmışdır. Bu bina yaşayış yerinin mərkəzində yerləşir. Bina küncləri dəyirmiləşdirilmiş dördkünc formalı, yarımqazma tipli yaşayış binasının qalıqlarından ibarətdir. Onun sahəsi 112 m² , divarlarının qalmış hissəsinin hündürlüyü 1-1,10m-dir. Divarların yuxarı hissəsi və damın örtüyü ağacdan qurulmuşdur. Binanın divarları və döşəməsi gillə suvanmışdır. Evin döşəməsi 4 yarus əmələ gətirən döyəclənmiş gil təbəqəsi, daş, balıqqulağı və keramika parçalarından ibarətdir. Divarlar boyunca bir-birindən 2 m aralıda evin damını saxlayan dirək çuxurları, mərkəzdə isə hər sırada üç ədəd olmaqla iki sıra ocaq qalıqları aşkar olunmuşdur. Dirək çuxurlarının və ocaqların planı bütün yaruslarda eyni olduğundan, qeyd etmək olar ki, 4 təbəqəli döşəmənin yaranması, yalnız döşəmənin yeniləşdirilməsi ilə bağlı olmuşdur. Ocaqların ətrafında mətbəx qalıqlarına rast gəlinmişdir. Yaşayış binası möhrədən tikilmiş arakəsmə divarla üç hissəyə bölünmüşdür. Cənub-qərb tərəfdə birinci yarusun döşəməsi altında heyvan və balıq sümükləri ilə doldurulmuş çuxur aşkar olunmuşdur. Binanın içərisindən dən daşları, əzilmiş gil qablar və müxtəlif əşyalar aşkar edilmişdir. Yaşayış binasının cənub divarının xaricində daha 4 təsərrüfat quyusu ortaya çıxarılmışdır. Yaşayış yerinin digər binaları da dördkünc formalı və yarımqazma tipli olub, arakəsmələrlə bir neçə hissəyə ayrılmışdır. Döşəmələrinə çay daşları düzülərək döyəclənmişdir. Bu binalar üçün də bir neçə ocağın olması xarakterikdir.
Yerüstü materiallar və qazıntıdan aşkar edilmiş tapıntılar Kür-Araz dövrünü xarakterizə etmək üçün kifayət qədər material vermişdir. Bunlar dən daşları, həvənglər, dəstələr, toppuzlar, oraq dişləri, ox ucluqları və ağırlıq daşlarından ibarətdir. Sümükdən hazırlanmış dəlici və cilalayıcı alətlərə, iy başlıqlarına da rastlanmışdır.
Мingəçevir yaşayış yeri Cənubi Qafqazda yeganə abidədir ki, burada bir neçə ocaqlarla xarakterizə olunan, yarımqazma tipli binalar qeydə alınmışdır. Bu tip yaşayış yerlərinin meydana çıxması abidənin coğrafi şəraiti ilə də bağlı olmuşdur. Ətrafda zəngin meşə massivinin olması, divarları ağacdan olan yarımqazma tipli evlərin tikilməsi üçün şərait yaratmışdır.
Мingəçevir yaşayış yerinin yaxınlığında, Kür çayının sağ sahilində bu dövrə aid qədim qəbiristanlıq da aşkar edilmişdir. Burada Son Tunc dövrü qəbiristanlığının altında Kür-Araz mədəniyyətinə aid 4 qəbir öyrənilmişdir. Onlar torpaq qəbirlərdən ibarət olub, tək dəfnlərlə xarakterizə olunur. Skeletlər bükülü vəziyyətdə, müxtəlif istiqamətlərə yönəlmişdir. Qəbir avadanlığı hər qəbirdə skeletin baş tərəfinə qoyulmuş bir gil qabdan ibarətdir.