Mingis məscidi

Mingis məscidiAzərbaycan Respublikasının Ordubad şəhərinin Mingis məhəlləsində yerləşən məscid və tarix-memarlıq abidəsi.

Mingis məscidi
Xəritə
38°54′36″ şm. e. 46°01′29″ ş. u.HGYO
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Ordubad
Tikilmə tarixi 1677
Üslubu Naxçıvan memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
ƏhəmiyyətiYerli əhəmiyyətli
Mingis məscidi (Azərbaycan)
Mingis məscidi

XVII əsrə aid olan məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Mingis məscidi Ordubad şəhərinin Mingis məhəlləsində yerləşir. Vaxtilə giriş qapısının baş tərəfində qoyulmuş mərmər lövhə üzərindəki kitabədən aydın olur ki, məscid hicri-qəməri təqvimlə 1088-ci ildə, miladi 1677-ci ildə Əbdülhüseyn Ordubadinin oğlu Məhəmməd Hadi tərəfindən bərpa etdirilib.[1] Kitabədə adı qeyd olunan və məscidi bərpa etdirən Məhəmməd Hadinin atası Əbdülhüseyn Ordubadi I Şah Abbasın baş vəziri, Etimad əd-Dövlə Hatəm bəy Ordubadinin qardaşı Hacı Ədhəm bəyin oğludur.[2] Əbdülhüseyn Ordubadi Səfəvi hökmdarı I Şah Səfinin dövründə (1629-1642-ci illər) sarayın baş münşisi yəni, sarayda fəaliyyət göstərən katiblərin rəhbəri olub.[2]

XVII əsrin 2-ci yarısında bərpa etdirilən məscidin inşa tarixi daha əvvəlki dövrlərə aiddir. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[3] Zaman keçdikcə istifadəsiz qalmış məscid illərlə yarımuçuq vəziyyətdə olub.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid 2001-ci ildə şəhər sakinlərinin təşəbbüsü ilə bərpa edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[4]

Məscidin 1677-ci ildə bərpa edilməsindən xəbər verən kitabə bərpa zamanı qapının sağ tərəfində divara hörülüb.[5] Girişi şimal tərəfdəndir. İbadət zalı geniş və işıqlıdır. Abidənin düzxətli tavanı mərkəzdə qoyulmuş sütunlar və salonun kənar divarlarının üstündə yerləşdirilmişdir. Yamacda tikildiyi üçün şimal tərəfdən bir, cənub tərəfdən ikimərtəbəlidir.[6] Məscidin əsas girişi şimal tərəfdəndir. Sadə üslubda tikilən abidədə dövrünün memarlıq üslubuna uyğun olaraq dekorativ elementlərdən istifadə edilməyib.[1] Mingis məhəlləsində başqa kiçik məscidlər olduğu üçün bu məscid məhəllənin əsas məscidi sayılır.[5] Məscidin cənub hisəsinə açılan birinci mərtəbəsindən təsərrüfat işləri üçün istifadə edilir.[7]

  1. 1 2 Naxçıvan tarixi. Üç cilddə (az.). I. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi. 2013. 330. ISBN 978-9952-8237-0-7. 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-29.
  2. 1 2 "Ordubad rayonu Mingis məscidi". sirat.az. 2022-07-26. 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-02.
  3. Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN 9952-8052-0-9. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  4. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  5. 1 2 Naxçıvan abidələri ensiklopediyası Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine. Naxçıvan: 2008, səh.303-304  (az.)
  6. "Bu şəhərdə şimaldan bir, cənubdan iki mərtəbəli olan məscid var". Apa.tv (az.). 2024-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-02.
  7. "Mingis məscidi". anl.az. 2024-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-02.