Mirəziz Rəfiyev

Mirəziz Rəfiyev (tam adı: Mirəziz Ziyad oğlu Rəfiyev; 15 fevral 1922; Yolocaq, Yardımlı rayonu, Azərbaycan SSR, SSRİ – 29 iyul 2001) — "Əməkdar mədəniyyət işçisi",[1] Yardımlı tarix-diyarşünaslıq muzeyinin yaradıcısı və keçmiş direktoru.[2]

Mirəziz Rəfiyev
Mirəziz Ziyad oğlu Rəfiyev
Doğum tarixi
Doğum yeri Yolocaq, Yardımlı rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (85 yaşında)
Mükafatları “Əməkdar mədəniyyət işçisi”

Həyatı[redaktə | mənbəni redaktə et]

Mirəziz Ziyad oğlu Rəfiyev 15 fevral 1922-ci ildə Yardımlı rayonunun qədim kəndlərindən sayılan Yolocaq kəndində kəndli ailəsində dünyaya göz açmışdı. Keçən əsrin 30-cu illərində rayona Sovetlərin gətirdiyi "Mədəni inqilab"ın ən aktiv "kultəsgəri"ndən biri olaraq başdan-başa savadsız diyarın adamlarının biliyə, dünyəvi təhsilə yiyələnməsinə o da ilk təhsillilərdən biri kimi böyük töhfələr vermişdir. İkinci dünya müharibəsinin başlanması ilə cəbhəyə könüllü olaraq yollanan Mirəziz Rəfiyev müharibənin ilk illərində Baltik cəbhəsində faşizmə qarşı qəhrəmanlıqla vuruşmuş, iki dəfə ağır yaralanmasına baxmayaraq yenidən Litva cəbhəsində döyüşlərini davam etdirmişdir. Lakin 1943-cü ildə sağ qolundan və çiynindən ağır yaralanaraq çoxlu orden və medallarla arxa cəbhəyə qayıtmışdır. Arxa cəbhədə də o özünü fədakar müəllim və sonra isə bacarıqlı məmur kimi təsdiq etmişdir. 40-cı illərin sonundan Rayon Xalq Maarif müdiri vəzifəsindən Rayon Partiya Komitəsinin II katibi vəzifəsinədək böyük bir məmur yolu qət etmiş və işlədiyi bütün yüksək vəzifələrdə təmiz vicdanla yalnız halalıq müstəvisində çalışmışdır. 40 ilə yaxın bu cığırda ləyaqətlə çalışan Mirəziz müəllim rayonun ən təmiz mənəviyyatlı məmuru şöhrətini qazanmış, el-oba içərisində böyük hörmət sahibi olmuşdur.

Sovet dövründə Yardımlıda ilk ali təhsilli dörd nəfərdən biri, müharibə və dövlət qulluğu veteranı, uzun illər rayonda yüksək vəzifə postlarında təmiz vicdan və ləyaqətlə işləyib el ağsaqqalı rütbəsini fəth edən Mirəziz Ziyad oğlu Rəfiyevin adı rayonun son yüzillik tarixinə qızıl hərflərlə yazılmışdır.

Mirəziz Rəfiyevin Yardımlıya ən böyük xidməti 1981-ci ilin noyabr ayında açılışı olan Yardımlı tarix-diyarşünaslıq muzeyinin yaradılması olmuşdur. Muzeyin ərsəyə gəlməsinə onun əvəzsiz xidməti olmuşdur. Muzey təşkil edilməmişdən onun açılması Mirəziz Rəfiyevə həvalə edilmiş və o da camaat içərisində olan hörmət və ehtiramından faydalanaraq yüzlərlə nadir muzey əşyaların əvəzsiz toplanmasına nail olaraq muzeyi təşkil etmişdir. 29 noyabr 1981-ci ildə yaranan bu muzeyə tarixi əşyaların toplanılmasında əvəzsiz xidmətləri olan, rayonun uzun illər rəhbər vəzifələrində çalışmış Mirəziz Ziyad oğlu Rəfiyev rəhbərlik edərək ilk direktoru olmuşdur. 25 ildən artıq bu müəssisəyə rəhbərlik edən Mirəziz Rəfiyevin sayəsində muzeyin şöhrəti ellərə yayılmışdır. Bu gün fonduna 6000-ə yaxın eksponat toplanmış muzey nəinki Yardımlı tarixinin, habelə Respublikanın zəngin tarixinin bir parçası olaraq məşhur muzeylərdən birinə çevrilmişdir.

2002-ci ildə 80 və 85 illik yubileyi Yardımlı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ümumrayon miqyasında qeyd edilmişdir. 2012-ci ildə isə Mirəziz Rəfiyevin 90 illik yubileyi də Yardımlı Rayon İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü ilə ümumrayon səviyyəsində qeyd edilərək əziz xatirəsi yad edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. [1] Arxivləşdirilib 2021-04-19 at the Wayback Machine Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçilərinin siyahısı
  2. [2] Arxivləşdirilib 2019-05-02 at the Wayback Machine AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI