Mirağa Cəfərquliyev

Mirağa Cəfərquliyev — hüquq elmləri doktoru, professor, ədliyyə general-mayoru (1987).

Mirağa Cəfərquliyev
Dekabr 1991 – 1992
Baş prokurorMurad Babayev
SonrakıMətləb Mütəllimli
Şəxsi məlumatlar
Doğum tarixi 8 noyabr 1940(1940-11-08) (83 yaş)
Fəaliyyəti alim
Rütbəsi general

Mirağa Əşrəf oğlu Cəfərquliyev 8 noyabr 1940-cı ildə Lerikdə anadan olmuşdur.[1] 1957-ci ildə Lerik qəsəbə orta məktəbini bitirmişdir. 1959-cu ildə hərbi xidmətə çağrılan M. Cəfərquliyev hərbi xidmətini başa vurduqdan sonra Sverdlovski şəhərindəki Hərbi-texniki məktəbin hüquq fakültəsinə daxil olmuşdur. 1964-cü ildə bu məktəbi fərqlənmə diplomu ilə bitirərək Sverdlovski şəhər Dİİ-nin xidmət şöbəsində inspektor vəzifəsində çalışmışdır. M. Cəfərquliyev 1965-ci ildə Azərbaycan Respublikasına qayıdaraq Sumqayıt şəhərinin daxili işlər orqanlarında əməliyyat-axtarış sahəsində fəaliyyət göstərmişdir. 1966-cı ilin sentyabr ayından SSRİ DİN Akademiyasına daxil olan Mirağa Cəfərquliyev 1969-cu ildə akademiyanı fərqlənmə diplomi ilə tamamlamışdır. Həmin il burada əyani aspiranturaya qəbul edilmiş, aspirant olarkən Akademiyada cinayət prosesi fənnindən dərs demişdir. O, 1972-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Bakıya qayıdaraq, Bakı şəhər Daxili İşlər İdarəsinə baş müfəttiş təyin edilir, sonra Bakı şəhər Daxili İşlər İdarəsinin partiya komitəsinin katibi seçilir və 1977-ci ilin avqustuna qədər bu vəzifədə çalışır. Bu dövrdən Azərbaycan KP MK-nın İnzibati Orqanlar Şöbəsində təlimatçı vəzifəsinə dəvət edilən Mirağa Cəfərquliyev 1983-cü ilin dekabrına qədər orada çalışmış, həmin ilin dekabrından Bakı şəhər Partiya Komitəsinin İnzibati Orqanlar Şöbəsinə müdir təyin edilmişdi. O, 1985-ci ilin may ayından Azərbaycan Respublikası Baş Prokurorunun müavini vəzifəsində çalışmağa başlamışdır. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 28 may 1987-ci il tarixli fərmanı ilə ona 3-cü dərəcəli Dövlət ədliyyə müşaviri (ədliyyə general mayoru) rütbəsi verilmişdir.

Nəsimi rayonu və Bakı Şəhər Sovetinə deputat seçilən M. Cəfərquliyev 1990-cı ilin sentyabrında Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur. 1991-ci ilin dekabrında Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini vəzifəsinə təyin edilmiş, 1992-ci ildə Respublika Prokurorluğunun tədris mərkəzinin rəisi olmuşdur. Mirağa Cəfərquliyev 1993-cü ilin noyabrından 2001-ci ilə qədər Respublika Prokurorluğunda Qanunvericilik İdarəsinin rəisi vəzifəsində işləmiş, 2001-ci ildə yaşa görə təqaüdə çıxmışdır. Azərbaycan Respublikası Baş Prokurorunun I müavini vəzifəsində çalışarkən "Prokurorluq" haqqında layihənin işlənib hazırlanmasında xüsusi əməyi olmuşdur.[2]

Mirağa Cəfərquliyev Lerik rayonunun Günəşli kəndindəki Cəbiyəkuyə məhəlləsinə Çayokəş adlı yerdən 3 kilometr məsafədə su kəməri çəkdirmiş, atasının şərəfinə Əşrəf bulağını təmir etdirmişdir. Quliyəkijə məhəlləsində yolu təmir etdirib, asfalt döşətdirmişdir.[3]

2007-ci ilin dekabr ayında Məkkədə həcc ziyarətini həyata keçirərək hacı rütbəsini qazanmışdır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Mirağa Cəfərquliyev 1972-ci ildə Moskvada "Məhkəmə icraatında milli dil prinsipi və tərcüməçinin prosessual vəziyyəti" mövzusunda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsini almışdır. O, 1990-cı ildə Moskva şəhərində "Müasir dövrdə qanunyaradıcılıq və qanuntətbiq etmə fəaliyyətində məhkəmə milli dil problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək hüquq elmləri doktoru alimlik dərəcəsini almışdır. M. Cəfərquliyev bir sıra beynəlxalq və respublika konfraslarında məruzə ilə çıxış etmişdir.

Mirağa Cəfərquliyev 1969-cu ildən SSRİ DİN Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olmuşdur.[3] O, 1993–2000 illərdə Naxçıvan Universitetinin hüquq fakültəsinin kafedrasının professoru və müdiri, 2001–2007 illərdə Bakı Biznes Universitetinin İqtisadiyyat və hüquq fakültəsinin hüquq kafedrasının professoru vəzifəsində çalışmışdır. 15 yanvar 2007-ci ildən 1 dekabr 2016-cı ilə qədər AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun Cinayət hüququ və cinayət prosesi şöbəsinin baş elmi işçisi vəzifəsində işləmişdir. dekabr 2016-cı ildən hal-hazıra qədər AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Cinayət hüququ və cinayət prosesi şöbəsinin baş elmi işçisi vəzifəsində çalışır. Alimin rəhbərliyi ilə 1 nəfər hüquq elmləri doktoru, 14 nəfər hüquq elmləri üzrə fəlsəfə doktoru, 25 nəfər magistrant müdafiə etmişdir.

M. Cəfərquliyev 2003-cü ildən "Qanun" elmi-hüquq jurnalının baş redaktorunun elmi işlər üzrə müavini, 2013-cü ildən isə həmin jurnalın baş redaktorudur. "Elmin inkişafı üzrə Milli Strategiyanın və Dövlət Proqramının icrası" ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası nəzdində hüquqşünas-alimlərdən ibarət yaradılmış işçi qrupunun üzvüdür. Respublikanın hüquq elmləri üzrə ixtisaslaşdırılmış dissertasiya müdafiə şurasının üzvü kimi 30 ildən artıq fəaliyyət göstərmiş, 2013-cü ildən isə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiyasının Komissiyasının hüquq üzrə komissiyanın eksperti, hüquq üzrə Respublika Elmi Koordinasiya Şurasının üzvüdür. 2015-ci ildən Beynəlxalq Kriminalistlər və Kriminoloqlar İttifaqının üzvü seçilmişdir.

M. Cəfərquliyev fədakar əməyə görə keçmiş SSRİ dövründə altı medalla təltif edilmiş, hazırkı dövrdə isə "Qızıl qələm" lauriyatı, Respublikanın dəyərli ziyalısı diplomlarına layiq görülmüşdür.

"Avropa Nəşr Mətbu Evi" milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, müasir dövrdə qanun yaradıcılığı və qanun tətbiqetmə fəaliyyətində, məhkəmədə milli dil problemləri sahəsində apardığı dəyərli tədqiqatlara, gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında, hüquq elminin inkişafında göstərdiyi əvəzsiz xidmətlərə görə Mirağa Cəfərquliyev "Avropa NME"-nin 2012-ci il üçün qızıl medalı ilə təltif edilmişdir.[4][5]

M. Cəfərquliyev 2017-ci ildə Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçilmiş rəy sorğusuna görə elm adamı olaraq, H. Ə. Əliyev ideyalarının həyata keçirilməsi uğrunda fəaliyyəti, Vətənə və xalqa layiqli xidmətlərinə görə "İlin Alimi" Ali media mükafatına layiq görülmüşdür. [6]

Mirağa Cəfərquliyev 170-dən artıq elmi məqalənin və 10-dan çox elmi əsər, 5 dərsliyin və bir sıra dərs vəsaitlərinin müəllifidir.

Onun elmi redaktorluğu və önsözü ilə 20 monoqrafiya və bir sıra dərsliklər çap edilmişdir.

Əsas elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Принцип национального языка и процессуальное положение переводчика в уголовном процессе. Москва, 1972. 279 с.
  • Проблемы национального языка в судопроизводстве. Баку, Азернешр, 1989, 208 с.
  • Проблемы национального языка судопроизводства в правотворческой и правоприминительной деятельности на современном этапе. Москва, 1990, 439 с.
  • Язык уголовного судопроизводства в зарубежных странах. Изд. АН Азерб. ССР, Баку, 1990, 56 с.
  • Роль и правовое положение переводчика в судопроизводстве. Изд. АН Азерб. ССР, Баку, 1990, 72 с.
  • Национальный язык и право.Баку, Гянджлик, 1990. 80 с.
  • Milli dil və məhkəmə icraatı (problemlər və həlli). Dərs vəsaiti. Bakı, Azərnəşr, 1991, 264 s.
  • Язык судопроизводства в многонациональном государстве. Учеб. пособие. Москва, Вердикт, 1992, 280 с.
  • Cinayət prosesi (ümimi hissə). Dərslik. Bakı, Qanun, 2001, 272 s.
  • Cinayət prosesi (xüsusi hissə). Dərslik. Bakı, Qanun, 2001. 328 s.
  • Azərbaycan Respublikasının cinayət prosesi. Dərslik. Bakı, Qanun, 2002. 904 s.
  • Azərbaycan Respublikasının cinayət prosesi. II nəşr. Dərslik. Bakı, Qanun, 2005. 852 s.
  • Azərbaycan Respublikasının cinayət prosesi. III nəşr. Dərslik. Bakı, Qanun, 2008, 768 s.
  1. Cəfərquliyev Mirağa Əşrəf oğlu [ölü keçid]
  2. Mirağa Əşrəf oğlu Cəfərquliyev [ölü keçid]
  3. 1 2 İdris Şükürlü. Professor Mirağa Cəfərquliyevi necə tanıyırıq. "Azad təfəkkür" qəzeti, 23 aprel 2014-cü il
  4. AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda təqdimetmə mərasimi keçirilmişdir [ölü keçid]
  5. Əliyev Nazim, Xəlilov Fərdin. Ən yaxşı vətənpərvər tədqiqatçı alim — professor M. Ə. Cəfərquliyev. "Qanun" elmi hüquqi jurnalı, № 02(220). Bakı, 2013. səh.101–103
  6. "İlin alimi" nominasiyasının qalibləri [ölü keçid]
  • M. Ə. Cəfərquliyev – 70. Çiraq kimi nur saçan insan! "Qanun" Elmi-hüquq jurnalı 2010. № 09 (197). səh. 3–6