Mirqorod povestlər toplusu

Mirqorod povestlər toplusu (rus. Миргород (сборник)) — 1835-ci ildə Nikolay Qoqolun "Mirqorod" və "Ədəbi parçalar" adlı iki kitabı işıq üzü görüb. "Mirqorod" iki hissədən ibarət idi. Birinci hissəyə "Köhnə dünya mülkədarları" və "Taras Bulba", ikinci hissəyə isə "Viy", "İvan İvanoviçlə İvan Nikiforoviçin dalaşması haqqında povest" daxil idi.

Mirqorod povestlər toplusu
rus. Миргород
Müəllif Nikolay Qoqol
Orijinal dili rus dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müəllif "Mirqorod"u həm də "Dikanka yaxınlığında Xutorda axşamlar"ın davamı adlandırmışdı. Bu ikinci ad onunla əlaqədar idi ki, "Axşamlar" kimi bu yeni povestlərdə də ancaq Ukraynanın müasir həyatından və tarixi keçmişindən bəhs olunur. Bununla belə üslüb, yaradıcılıq metodu cəhətdən "Viy" müstəsna olmaqla, "Mirqorod" "Axşamlar"dan tamamilə fərqlənirdi. Belə ki, "Viy" "Axşamlar"da olan povestlər kimi nağılvari, fantastik, sehrli bir süjetdə yazıldığı halda qalan povestlər tənqidi realizm üslubunda yazılmışdı. Hətta yüksək romantik pafosla zəngin olan "Taras Bulba"da da realist həyat səhnələri, canlı insan xarakterləri əsas yer tuturdu. "Viy" xalq əfsanələri əsasında yazılmış povestlərdən biri idi. Müəllif öz qeydində deyirdi ki, "Viy" sadəlövh camaatın öz təsəvvüründə yaratdığı nəhəng bir məxluqdur. Maloruslar göz qapaqları yerlə sürünən əcinnələr padşahını Viy adlandırırdılar. Bu povest başdan-ayağa xalq əfsanəsidir. Qoqol eşitdiyi sehrli süjeti eynilə saxlasa da, "Axşamlar"da olduğu kimi, bu əsərində də bir çox ibrətli həyat səhnələri təsvir etmişdi. Burada da uydurma hadisələr arasında real həyat və canlı insan obrazları özünü göstərirdi. Köhnə dünya mülkədarlarında Qoqol artıq fantastik, nağılvari süjetlərdən uzaqlaşmışdı. Realist üslübda yazılmış "Köhnə dünya mülkədarları"nda yazıçı münasibəti daha çox real həyat hadisələri və xarakterlərin təsvirində özünü göstərirdi. Povestdə yalnız özü üçün yaşayan, müasir dünyadan xəbərsiz iki qoca mülkədar ər-arvadın (Afanasi İvanoviçlə Pulxeriya İvanovanın) cansıxıcı, yeknəsəq ömrü və kədərli aqibəti, özlərindən sonra həyatda heç bir iz qoymadan dünyadan koçüb getmələri təsvir olunmuşdu. Bu povestdə axşamlarda gördüyümüz Ukrayna həyatının şairanə təsvirindən bir iz belə görünmür. O şairanə təsvirləri və ürəkaçan yumoru burada qəmli lirizm əvəz edib. Bir sıra tənqidçilərin Qoqolun mülkədarlara acıdığını, bu səbəbdən onların həyatını belə acınacaqlı göstərdiyini düşünürdülər. Əslində, yazıçının təsvir obyektinə münasibəti başqa idi. Müəllifin nəzərində bu iki qoca bir çox dələduzlara görə zərərsiz adam idilər. Onlar həmişə qatran satanalardan, alverçilərədən ibarət olaraq hökumət idarələrinə və divanxanalara çəyirtkə kimi doluşan, öz həmyerlilərinin axırıncı qəpiyini əlindən alan, Peterburqu böhtançılarla dolduran maloruslarla tam ziddiyyət təşkil edən sadə adamlar idi. Bütün qədim və əsilli-köklü malorus ailələri kimi, onlar da bu miskin və mənfur xilqətlərə bənzəmirdilər. Qoqola görə vətəni, xalqı unudub yalnız özünü düşünmək mənasız, həm də murdar bir həyatdır. Bu fikir ədibin Taras Bulba əsərində daha çoşqun bir vətənpərvərlik hissi ilə təbliğ edilmişdi. Ədibin köhnə dünya mülkədarlarına acıması, gülməsi məhz bununla əlaqədar idi. İvan ivanoviçlə İvan Nikiforoviçin dalaşması povestində bu miskin, mənasız həyatın daha ibrətli səhnələri təsvir edilmişdir. Burada ictimai məzmun daha dərin, tənqid və gülüş hədəfi daha geniş idi. Özlərinin dvoryan, əsilzadə mənşələri ilə lovğalanan, şüur və mənəviyyat cəhətdən fitilli tüfəng dövrünün qalıqları olan, heç bir xeyirli işə yaramayan, ömrün mənasını bolluca yeməkdə görən iki sarsaq mülkədarın miskin məişəti və mənasız aqibəti povestin əsas süjet xəttini təşkil edirdi. Lakin Qoqol gülüş hədəfini genişləndirərək təkcə iki axmaq mülkədarı deyil, bütün dövlət idarə sistemini, qanunların eybəcərliyini, məhkəmələrdəki özbaşınalığı, laqeyidliyi, süründürməçiliyi, hakimlərin və rəislərin kütbeyinliyini böyük fərasətlə ifşa edirdi. Əyalət mülkədarlarının miskin, tufeyli həyatı V. Narejinin birinci hissəsi 1825-ci ildə nəşr olunan və Ukrayna həyatından bəhs edən "İki İvan, yaxud məhkəmə həvəskarları" romanında təsvir edilmişdi. Hər iki əsərdə müəyyən oxşar cəhətlər olsa da, Qoqolun təsvirləri daha realist, sənətkarlıq cəhətdən yüksək idi. Qoqol sənətinin, onun bədii təsvir vasitələrinin ən güclü cəhəti olan kinayə və təriz bu povestdə xüsusi bir kəskinliklə özünü göstərirdi. İvan İvanoviçin saxta dindarlığını ifşa edən aşağıdakı parçaya diqqət edək: " İvan İvanoviç necə mömin adamdır. O, hər bazar günü arxalığını geyinib kilsəyə gedir. Kilsəyə girəndə İvan İvanoviç hər tərəfə baş əyib, salam verirvə adəti üzrə nəğmə oxumağa başlayır. İbadət qurtarandan sonra bütün dilənçilərin yanından keçir. Onu bu işə təhrik edən onun təbiətindəki mərhəmət hissi idi. Hərgah o bəlkə də bunu etmək istəmirdi." Bu əsərdə Qoqolun şəxsi subyektiv münasibətindən asılı olsa da, olmasa da, dvoryan, əsilzadə cəmiyyətinin mənəvi-əxlaqi cəhətdən məhv olması prosesi dərin bir inandırıcılıqla əks olunub. "Taras Bulba" Qoqol yaradıcılığının romantik vüsətinin, həmçinin onun realizminin dərinliyini, istedadının çoxcəhətliliyini daha aydın təzahür etdirmişdi. Bu əsərində müəllif Ukrayna xalqının tarixi keçmişinin vətənpərvərlik ilə çırpınan dövrünü qələmə almışdır. Qoqol, Taras Bulbanı 1833-cü ildən yazmağa başlamış, ilk variantını 1835-ci ildə, son variantını isə 1842-ci ildə çapa vermişdir. İlk variantda Taras daha çox hərbçi kimi, talan və qarət məqsədilə silah götürən adi bir döyüş həvəskarı kimi göstərilmişdi. 30-cu illərin birinci yarısında Ukrayna tarixi üzərində gərgin işləyən müəllif Tarasın bu dövr tarixinə uyğun gəlməyən obraz olduğunu yəqin etmiş və əsəri yenidən gözdən keçirmişdir. Əsər azad kazaklar polkunun igid sərkərdələrindən biri sayılan Tarasın Kiyevdə ruhani seminariyasını bitirmiş iki oğlunun- Ostap və Andreyin evlərinə qayıtması ilə başlayır. Gənc seminaristlər evə qayıtdıqların günü onlardakı "Zaporojeliliyin inkişafı üçün" şərait yaranır. Taras oğlanların anaları ilə görüşməsinə imkan vermədən onların gücünü sınayır. Böyük oğlu Ostapla yumruq döyüşünə girişir və "siz təmiz çöllərdə, yaxşı at belində istirahət etməlisiniz! Sizin başınızı boş şeylərlə doldururlar! Akademiyalar, əlifbalar boş şeylərdir. Bu qılıncı görürsünüz? Sizin ananız budur."-deyir, oğlanlarını özü ilə Zaparojyeyə, Seçə aparacağını qeyd edir. Qoqol nə Tarasın nə də ümumiyyətlə kazakların hərbçilik ehtirasını idealizə etməmişdi. Ümumiyyətlə feodal müharibələrinə və bu müharibələrin törətdiyi təxribata, fəlakətlərə qarşı Taras Bulba müəllifində güclü nifrət yaradır. Əsərdə hələ dəhşətli hərb səhnələrinə keçmədən müəllif epizodik surət olan bədbəxt ananın iztirablarında feodal müharibələrinin "cəngavərlik dövrünün" insan həyatına gətirdiyi fəlakətləri göstərməyə çalışmışdı. Cəngavərlik əsrinin bütün qadınları kimi o da həqiqətən acınacaqlı bir halda idi. O yalnız gəncliyində sevgi ilə yaşamışdı. Sonradan onu yoldan çıxarmış daş qəlbli əri qılıncına, içkiyə uyaraq onu tərk etmişdi. ərini ildə iki-üç gün görür, aylarla ondan xəbəri olmurdu. O, tez-tez döyülür, təhqir edilirdi. Oğlanlarını onun əlindən alırdılar. Bəlkə də ilk döyüşdə tatarlar onları öldürəcəklər? Bədbəxt ananın düşündüyü kimi də olur. Oğlanlarının heç biri müharibədən qayıtmır. Böyüyü-Ostap kinli düşmənlərin, kiçiyi- Andrey isə öz atasının ucbatından həlak olur. Andreyi Kiyevdən tanıdığı bir qıza görə düşmən tərəfə keçdiyi üçün Taras öz əli ilə öldürür. Taras və onun bir çox igid yoldaşları da geri qayıtmırlar. Onların bəzisi əsirlikdə, bəzisi döyüşdə həlak olur. Müəllif döyüşü ürək ağrısı ilə təsvir edir. Bütün bunlarla bərabər kazakların mübarizəsi, düşmənə qarşı amansızlığı, qısqanclığı, Qoqolun nəzərində tarixi bir zərurətin nəticəsi kimi, unudulmaz və milli iftixar mənbəyi olan qəhrəmanlıq ənənələri idi. Həmçinin Tarasın coşub-daşan kinini, qəzəbini yazıçı səmimi vətənpərvərlik hissi, namus, şərəf kimi qiymətləndirirdi. Oğlanlarının ölümündən sonra Taras polyaklarla mübarizəni davam etdirirdi. O, öz polku ilə bütün Polşanı gəzirdi. 18 kənd, 40-a qədər katolik kilsəsi yandırmış, Krakov şəhərinə isə yaxınlaşmaq üzrə idi. Çoxlu polyak zadəganlar qırmış, gözəl qəsrləri qarət etmişdi. Müəllif kazaklarda olan bu qədər intiqamçılıq hisslərinin səbəbini azadlığı sevən xalqın illərlə əsarətdə saxlanmasında görürdü. Əsərin sonunda cəsur, qəzəbli Taras təsadüfən əsir düşüb məhv edilsə də, onun və igid kazakların fədakarlığı hədər getmir. Bu mübarizə xalq hərəkatına çevrilir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]