Mirsaleh Seyidov

Mirsaleh Miradil oğlu Seyidov (23 sentyabr 1977, Sumqayıt) — Azərbaycan Respublikası ədliyyə nazirinin müavini və Penitensiar xidmətin rəisi,[1] ədliyyə general-mayoru.

Mirsaleh Seyidov
Vəzifədədir
10 iyul 2023-cü ildən
ƏvvəlkiCeyhun Həsənov
13 oktyabr 2016 – 10 iyul 2023
Şəxsi məlumatlar
Doğum tarixi 23 sentyabr 1977(1977-09-23) (46 yaş)
Doğum yeri
Təhsili
Rütbəsi
Ədliyyə general-mayoru

Təltifləri "Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 2018 "Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalı — 2018

Mirsaleh Miradil oğlu Seyidov 23 sentyabr 1977-ci ildə Sumqayıt şəhərində anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr (fərqlənmə ilə), 2002-ci ildə isə magistr (fərqlənmə ilə) pilləsi üzrə bitirib.

1999-cu ilin yanvar ayından Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Əməliyyat rejim şöbəsinin rejim və nəzarət xidmətinin təşkili bölməsinin nəzarətçilər üzrə inspektoru vəzifəsində əmək fəaliyyətinə başlamış, fevral ayından isə həmin İdarənin Rejim-nəzarət şöbəsinin inspektoru olub.

2001-ci ilin avqust ayında Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 3 saylı İstintaq təcridxanasının Rejim mühafizə və nəzarət şöbəsinin rəisi, 2006-cı ilin noyabr ayından Penitensiar xidmətin 3 saylı İstintaq təcridxanasının tərbiyə işləri üzrə rəis müavini, 2008-ci ilin fevral ayından isə 3 saylı istintaq təcridxanasının əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifəsində xidmət edib.

2009-cu ilin fevral ayından Penitensiar xidmətin 15 saylı Cəzaçəkmə müəssisəsinin rəisi, 2011-ci ilin avqust ayından 2016-cı ilin fevral ayınadək isə 10 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində işləyib.

2016-cı ilin fevral ayından 2023-cü ilin iyul ayının 10-a qədər Penitensiar xidmətin Əməliyyat-rejim İdarəsinin rəisi vəzifəsində çalışıb.

2023-cü il iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ədliyyə nazirinin müavini — Penitensiar xidmətin rəisi təyin edilib.

2018-ci ildə "Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilib.

20 noyabr 2018-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.[2]

21 noyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.[3]

Ailəlidir, 2 övladı var.

  1. "M.M.Seyidovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-10.
  2. "Azərbaycan Respublikası hakimlərinin və ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı". 2020-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-10.
  3. "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.