Qarayev Mir Ulduz Ağabəy oğlu - texnika elmləri doktoru, professor
Mir Ulduz Qarayev | |
---|---|
Qarayev Mir Ulduz Ağabəy oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Mükafatları | Azərbaycanın "Şöhrət" ordeni |
Qarayev Mir Ulduz Ağabəy oğlu 1923-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1946-cı ildə "Neft-mədən avadanlığı" ixtisası üzrə AzSİ-nun neft-mexanika fakültəsini fərqlənmə ilə bitirmişdir. İkinci Dünya müharibəsinin iştirakçısıdır. İnstitutu bitirdikdən sonra, 1954-cü ilə qədər "Azərneftkəşfiyyat" İB sistemində müxtəlif vəzifələrdə işləmişdir. 1959-cu ildə "Struktur-axtarış qazıması prosesində qazıma nasoslarının hidravlik göstəricilərinin tədqiqi" mövzusunda namizədlik, 1982-ci ildə isə "Vurulan mühitin təsirini nəzərə almaqla, neft-mədən nasoslarının hidravlik göstəricilərinin tədqiqi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1982-1997-ci illərdə AzNKİ-nun "Hidravlika və hidravlik maşınlar", "Hidromaşınlar və hidrointiqallar" kafedralarına rəhbərlik edib.
Hazırda Qarayev M.A. ADNA-da "Hidravlika" kafedrasının professorudur. O hidravlika və hidromaşınlar sahəsində tanınmış alimdir.
Elmi tədqiqatların sahəsi: neft hidravlikası; həmçinin özlü mayelərlə iş zamanı pərli nasosların işinin tədqiqi; porşenli qazıma nasosları.
Qarayev M.A. 140-dan artıq elmi məqalənin, 17 monoqrafiyanın, tədris vəsaiti və broşüraların müəllifdir. 7 elmlər namizədi hazırlamışdır.
Qarayev M.A. "SSRİ Neft Sənayesi Nazirliyinin Əlaçısı", "SSRİ Fəxri Neftçisi" adlarına layiq görülüb. O Böyük Vətən Müharibəsi ordeni, döyüş medalları və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, həmçinin Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilib.