Mirzə Cahangir xan Qaşqay (1822-1906) — İslam alimi, müctəhid.
Böyük fəqih, tanınmış filosof Ayətullah Cahangir xan Qaşqayi hicri-qəməri təqvimi ilə 1243 (1822)-cü ildə İsfahanın yaylaq şəhəri Səmirəmdə dünyaya göz açıb.
Cahangir xan cavanlıq çağlarında Səmirəmdə bir neçə il təhsil alıb. Daha sonralar isə köçəri tayfalara qoşulub. O, adətən tar çalıb, şahnamə oxuyurmuş. Lakin elmə sonsuz marağı onu təhsil almağa sövq edib. Köçərilərlə birgə təhsil almaq mümkün olamdığından onlardan ayrılıb və həmişəlik İsfahanda qalaraq təhsilini davam etdirib.
Ayətullah Qaşqayinin dini təhsilə başlamasının ibrətamiz hekayəti var: Yay fəslində Qaşqay köçəriləri yaylağa köçmüşdülər. Cahangir xan digər köçərilərlə birgə özünə lazım olan əşyaları almaq üçün İsfahan şəhərinə gedir. Bu zaman o, sınmış tarını da tarsaza göstərmək qərarına gəlir. Ətrafdakı şəxslərdən birindən (Bu şəxs böyük arif və şair Humay Şirazi idi) tarsaz dükanı yerini xəbər alır. Humay Şirazi ona tarsazın dükanını göstərdikdən sonra deyir: "Tarın təmirə ehtiyacı olduğu kimi, insan nəfsinin də təmirə ehtiyacı var. Get elmlə məşğul ol ki, o, ən yaxşı əməldir". Şirazinin sözündən bərk təsirlənən Qaşqayi köçərilərdən ayrılıb, İsfahanın "Sədr" mədrəsəsində təhsilə başlayır. O, 40 yaşında təhsilə başlasa da dövrün ən böyük filosoflarından biri olur.
O, İsfahanda mərhum Ayətullah Məhəmmədrza Səhba Qumşeyinin xüsusi tələbələrindən idi. Ayətullah Qumşeyi Tehrana hicrət edərkən Qaşqayi də onunla birgə səfər edir.
Ayətullah Cahangir xan müxtəlif ustadlardan təhsil alıb. Yuxarıda qeyd etdiyimiz kimi, Ayətullah Məhəmmədrza Səhba Qumşeyi onun xüsusi müəllimi olub. Qumşeyi İsfahanın tanınmış filosof və airflərindən sayılırmış. Cahangirxanın digər ustadları sırasında Vəli Hüsyünəli Tubsərkani, Hac Şeyx Məhəmmədbaqir Nəcəfi Məscidşahi, Molla Heydər Səbbağ Ləncani, Mirzə Məhəmmədhəsən Nəcəfi, Molla İsmail İsfəhani, Mirzə Əbdülcavad Həkim Xorasani kimi şəxsiyyətlərin adı mövcuddur.
Əqli və nəqli elmlərdə, xüsusi ilə fəlsəfədə böyük elmi dərəcəyə nail olan Ayətullah Cahangirxan Qaşqayi İsfahanın Sədr mədrəsəsində tədris etməyə başlayıb. O, həftədə iki gün riyaziyyat və astronomiya, bəzən isə Nəhcül-bəlağədən dərs verib. Habelə, o, dini mədrəsələrdəki ali dərsləri də tədris edib. Ayətullah Qaşqayinin tələbələri sırasında Molla Məhəmməd Cavad Ayinəyi, Seyid Məhəmmədəli Əbtəhi Sədəhi, Mirzə Cavad İbnurrza, Üsuli-fiqh elminin böyük ustadlarından olan Aqa Ziyauddin Əraqi, Hacaqa Rəhim Ərbab, Abdullah İşraq, Mirzə Mustafa Cəfər Təyyari, böyuk Şiə mərcəyi-təqlidlərindən olan Seyid Əbulhəsən İsfəhani, şeyx Noxudəki adı ilə məşhur olan Şeyx Həsənəli İsfəhani, Mirzə Məhəmməd Baqir İmami, Hüsyen Əmin Cəfəri Dəhqani, Əsədullah İzəd Gəşsəb, Şiə dünyasının böyük müctəhidi Seyid Hüseyn Burucerdi, Əli Bafqi, Məhəmməd Həsən Biçarə Bidəxti, Mirzə Mehdi Bidabadi İsfəhani, Seyid Salif Təvəssüli Tarmi, Hac Mirzə Məhəmməd Əli Həkim İlahi Sultanabadi, Məhəmmədəli Xansari, Seyid Məhəmməd Rəzəvi Kaşani, Məhəmmədəli Zahid Qumşəyi və s. kimi alimlərin adlarını çəkmək olar.
Ayətullah Cahangir xanı tanıyanlalrın dediklərinə görə, ömür böyu heç kəs onun qəzəblənməsini, kobud söz dilə gətirməsini görməyib. Öz cavanlıq ruhiyyəsini heç vaxt unutmayıb. Qocalıq çağlarında da at çapmağa, tir atmağa maraq göstərirmiş. Sağlamlığını qorumaq üçün hər gün müəyyən məsafəni piyada qət edirmiş. Sədr mədrəsəsinin tələbələri onu mehriban ata kimi sevirmişlər.
Ayətullah Burucerdi bu böyük filosof haqqında deyir: "Biz kənc olarkən gizli şəkildə onun "Əsfar" (Molla Sədranın məşhur əsəri) dərsində iştirak edirdik".
Şeyx Abbas Qumi deyir: "Həkim Qəşqayi gözəl alim, fazil mütəfəkkir idi. Əqli və nəqli elmlərdə, irfanda kamala çatmışdı. O elm və əməldə elə uca məqama yiyələnmişdi ki, müxtəlif şəhərlərdən böyük alimlər onun dərsində iştirak etməyə gəlirdilər".
Hacı ağa Rəhim Ərbab deyir: "Mərhum Xan yəqində bənzərsiz idi, mən eləsini görməmişəm. Fəlsəfə, əqli, nəqli elmləri mükəmməl bilirdi. Çox gözəl əxlaqlı idi, tələbələrlə çox mehriban davranırdı, onların tərbiyəsi ilə ciddi məşğul olurdu. Həftənin üçüncü günlərində yalnız əxlaq dərsi verirdi. Gözü tox adam idi. Ehtiyaclı olduğu halda belə heç kəsdən pul almazdı. İrfanı mükəmməl bilirdi. Özü də əsl arif idi".
Aqabozorg Tehrani yazır: "Cahangirxan böyük səyi nəticəsində elmin ən böyük zirvəsini fəth etdi. Hətta başqa ölkələrdən ondan dərs almağa gəlirdilər".
Ayətullah şəhid Mürtəza Mütəhhəri yazır: "Mərhum Xan, elm və fəlsəfədə əldə etdiyi yüksək məqamdan əlavə, həm əxlaqi dqəiqliyi və həm də təqvası ilə hamıya örnək olmuşdur. Ömrünün sonuna qədər sadə sibas geyinirdi. Şagirdləri, tanışları onu həddindən artıq çox sevirdilər". Ayətullah Cahangir xan Qaşqayi qaraciyər xəstəliyindən hicri-qəməri təqvimi ilə 1327-ci (1906 m) ildə 85 yaşında Sədr mədrəsəsində vafat edib. Təntənəli dəfn mərasimi, Ayətullah Məhəmmədtəqi Nəcəfinin qıldığı meyyit namazından sonra "Aqaseyd Məhəmməd Türk" təkyəsində dəfn edilib.