Mixail Hamlet oğlu Həmidov (18 dekabr 1983; Potsdam, Almaniya Demokratik Respublikası — 23 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — iqtisadçı; Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Mixail Həmidov | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | "Mixaylo" |
Doğum tarixi | |
Doğum yeri | Potsdam, Almaniya DR |
Vəfat tarixi | (36 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Dəfn yeri | II Fəxri Xiyaban |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2001—2009 / 2020 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 |
Mixail Həmidov 1983-cü il dekabrın 18-də Şərqi Almaniyanın Potsdam şəhərində hərbçi ailəsində anadan olub.[1][2] 1991-1998-ci illərdə Suraxanı rayonunda P. İsmayılova adına 278 nömrəli tam orta məktəbdə, 1998-2001-ci illərdə isə Sabunçu rayonunun F. Tağıyev adına 72 nömrəli məktəb-liseyində təhsil alıb. 2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) qəbul olan Mixail Həmidov, 2005-ci ildə ali hərbi təhsilini bitirib. Kəşfiyyatçı olaraq 4 il ərzində Xüsusi Təyinatlı Qüvvələrdə "leytenant" hərbi rütbəsində xidmət edən Mixail Həmidov, 2009-cu ildə öz istəyi ilə Azərbaycan Silahlı Qüvvələri sıralarından "baş leytenant" hərbi rütbəsində tərxis olundu. Rus, ingilis və erməni dillərini bilirdi.
Azərbaycan Ordusundan tərxis olunmasından bir il sonra "Halal-P" firmasında çalışmağa başladı. 2013-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) daxil oldu və 2015-ci ildə həmin universiteti "Biznesin idarə edilməsi (MBA)" ixtisası üzrə magistr dərəcəsi ilə bitirdi. 2010-2016-cı illərdə "AGBank" ASC-də, 2016-cı ildən isə "Xalq Bank" ASC-ndə çalışırdı. Son olaraq "Xalq Bank" ASC-nin Mingəçevir filialının direktoru olub.
Ailəli idi. Mədinə, Mələk və Yusif adında üç övladı yadigar qaldı.[1]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün İkinci Qarabağ müharibəsi başlanan da, Azərbaycan Ordusunun ehtiyatda olan baş leytenantı Mixal Həmidov öz istəyi ilə müharibəyə yollanıb. İkinci Qarabağ müharibəsi zamanı o, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzuli rayonu istiqamətində Ermənistan tərəfində olan bir neçə postun qısa müddət ərzində Azərbaycan tərəfinin nəzarəti altına alınmasında xüsusi rol oynayıb. İkinci Qarabağ müharibəsində silah yoldaşları tərəfindən "Mixaylo" ləqəbini qazanıb. Mixail Həmidov oktyabrın 23-də Füzulinin azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mixail Həmidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mixail Həmidov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]