Mnemonika (yun. μνημονικόν – yaddasaxlama məharəti) — yaddasaxlamanı asanlaşdırmaq üçün süni assosiasiyalar, xüsusi sxem və şərti işarələr sistemi. İbtidai formada qədim insanlara da bəlli idi (müəyyən tapşırıqla əlaqədar armağa sap bağlamaq və s.). Elmin müasir inkişafı dövründə uzunmüddətli yaddasaxlama üsullarının işlənib hazırlanması xüsusi əhəmiyyət kəsb edir.[1]
Mnemometr (yun. Μνήμη – hafizə + μετρεο – ölçürəm) — hafizənin eksperimental tədqiqi üçün istifadə olunan cihaz. Mnemometr yadda saxlamaq üçün zəruri olan söz, hərf, rəqəm və s. təsvirini dəqiq müəyyənləşdirilmiş intervalla avtomatik nümayiş etdirir.[2]
Mnemonik sxem və ya mnemosxem (yun. μνεμονικος – yaxşı yaddaşı olan) — siqnal talosu, operator (dispetçer) pultu qarşısındakı xüsusi panel və ya dispetçer lövhəsi üzərində sxem şəklində qoyulan şərti işarələr sistemi. Mnemonik sxem adətən nəzarət altında olan və ya idarəedilən qurğu, stansiya və ya müəssisənin elementlərini təsvir edən simvollardan ibarət olur. Simvol kimi ümumiyətlə qəbul olunmuş işarələrdən və ya real idarəetmə obyektlərinin əks edən müəyyən formaya salınmış təsvirlərdən istifadə edilir. Nəzarət olunan proseslərin (iş, boşdayanma, qəza. təmir) vəziyyəti avtomatik olaraq mnemonik sxemdə siqnal lampaları, dönən göstəricilər və digər indikatorlarla əks olunur. Müxtəlif obyektlərin məsafədən idarə olunmasında (məs, elektrik stansiyalarında, dəmiryol dispetçer şöbələrində və s.) mnemonik sxemdən geniş istifadə olunur.[3]