Mobil bulud texnologiyaları

Dünyada mobil qurğuların (notbuk, planşet, smartfonların və s.) istifadəsinin sürətlə artması və onların uyğun telekommunikasiya texnologiyalarının (GPS, 3G, 4G, Wi-Fi və s.) köməyi ilə internet üzərindən hesablama buludlarına qoşulması, yeni texnologiyanın – mobil bulud (ing. Mobile Cloud Computing) texnologiyasının yaradılmasına təkan verir. MHB-də məlumatların emalı və yadda saxlanılması mobil qurğulardan kənarda həyata keçirilir. MHB-də mobil qurğular baza stansiyalarının (GPS, 3G, 4G, Wi-Fi və s.) köməyi ilə internet şəbəkəsi üzərindən hesablama buludları sisteminə qoşulur və ona lazım olan servislərdən istifadə edirlər. Hal-hazırda istifadəçilər bulud servislərin üç növündən (IaaS, PaaS və SaaS) geniş istifadə edirlər. IaaS (ing. Infrastructure as a Service - infrastruktur xidmət kimi) xidməti istifadəçilərə bulud sistemlərinin hesablama və yaddaş resurslarından (məsələn, ing. Amazon Elastic Cloud Computing - EC2 və Amazon S3 - Simple Storage Service) istifadə etməyə imkan verir.Hal-hazırda mobil bulud provayderlərinin xidmətindən istifadə etməklə dünyada milyonlarla mobil istifadəçi mobil proqram əlavələrindən (mobil kommersiya, mobil təhsil, mobil sağlamlıq, mobil oyunlar və s. sahələr üzrə) geniş istifadə edir.

Mobil Ticarət[redaktə | mənbəni redaktə et]

Mobil ticarət: mobil qurğulardan istifadə etməklə ticarət işlərini həyata keçirməkdir. Mobil istifadəçilər mobil ticarət vasitəsi ilə mobil bankinq, mobil broker əməliyyatları, mobil marketinq və reklama aid işləri həyata keçirirlər. Mobil ticarət proqramları mobil tranzaksiyalar və ödəmələr, mobil mesajlaşma və mobil bilet sifarişi kimi mobillik funksiyalarını tələb edən bir sıra əməliyyatları yerinə yetirirlər. Mobil ticarət, müxtəlif məhsul və tətbiqlərə malik olduğundan, zəif şəbəkə əhatəsi, mobil qurğuların çox mürəkkəb və müxtəlif konfiqurasiyası, o cümlədən, təhlükəsizlik və məxfilik kimi problemlər mövcuddur. Qeyd edilən problemlərin həlli üçün mobil ticarətdə istifadə olunan tətbiqi proqramların hesablama buludları mühitinə köçürülməsi məqsədəuyğun hesab olunur. Bəzi təhlükəsizlik məsələləri üçün açıq açar infrastrukturundan (ing. Public key infrastructure –PKİ) istifadə edirlər.

Mobil Səhiyyə[redaktə | mənbəni redaktə et]

Mobil Səhiyyə: mobil mühitdə mövcud olan tibbi tətbiqi proqramlar mobil tibbi proqramlar adlanır və tibbi müalicə, xəstənin izlənilməsi, operativ diaqnozların qoyulması və s. üçün istifadə olunur. Mobil səhiyyə aşağıdakıları təmin edir:

• xəstənin istənilən yerdə və istənilən zaman internet vasitəsilə müşahidə olunması üçün tibbi monitorinq xidmətlərinin göstərilməsi;

• hər hansı fövqəladə hal, qəza və hadisə baş verdikdə, tibbi yardım maşınlarının səmərəli şəkildə və vaxtında əlyetərliyini və idarə edilməsini təmin etmək məqsədilə fövqəladə idarəetmə sisteminin yaradılması;

• fövqəladə hallarda nəbzin, qan təzyiqinin və alkoqol dərəcəsinin ölçülməsi üçün həyəcan təbili sistemi ilə təchiz edilmiş tibbi mobil qurğularin təşkili;

• tibbi təcrübə və tədqiqatlar zamanı istifadə olunan xəstələrin tibbi məlumatlarının saxlanması.

Mobil tibbi proqramları buludlarda saxlamaqla istifadəçilərin istənilən saatda və istənilən yerdə resurslara asan və sürətli girişi təmin edilir. Bunlara baxmayaraq, buludlarda xəstələrin tibbi məlumatlarının məxfiliyini qorumaq məqsədilə də təhlükəsizlik həlləri təklif edilməlidir.

Mobil Tədris[redaktə | mənbəni redaktə et]

Mobil tədris mobil qurğular vasitəsilə təlimlərin keçirilməsidir. Bu struktur, e-təlim və mobilliyə əsaslanmışdır. Ənənəvi mobil təlim proqramları şəbəkə üzərində xidmətlərin yüksək olması, zəif şəbəkə sürəti və məhdud tədris resursları sayəsində bəzi məhdudiyyətlərə malikdir. Bulud əsaslı mobil tədris proqramları bu problemlərin həlli üçün təklif edilmişdir. Məsələn, güclü emal imkanları və buludların böyük yaddaş imkanlarının köməyi ilə istifadəçilər daha keyfiyyətli təlim proqramları, daha sürətli emal və daha uzun müddətli enerji ilə təmin edilir.

Mobil Oyunlar[redaktə | mənbəni redaktə et]

Mobil oyunlar: mobil qurğuların emal imkanları məhdud olduğuna görə daha çox sadə oyunlardan istifadə edilir. Daha mürəkkəb, cəlbedici oyunlardan istifadə etmək üçün bulud texnologiyalarından istifadə olunur. Oyun proqramlarının böyük hesablama resursları tələb edən hissəsi buludlarda yerləşdirilir və istifadəçilər yalnız öz mobil qurğularında yerləşdirilən interfeys vasitəsi ilə oyunu idarə edə bilərlər. Bu isə enerji sərfiyyatının azaldılması, buludların emal gücü sayəsində oyun proqramlarından daha sürətli istifadə edilməsi kimi bir çox üstünlüklər verir.Yaradılan mobil proqram əlavələri mobil qurğuların əməliyyat sistemlərindən və qurğunun tipindən asılı olmur. Ona görə də, bulud servislərindən istifadə edən mobil istifadəçilərin sayı gündən-günə böyük sürətlə artır. Bu halda minimal hesablama və yaddaş resurslarına malik olan mobil avadanlıqlar özlərini İnternet şəbəkəsinə qoşulmuş nazik kliyent terminalı kimi aparırlar.

Mobil Bulud Texnologiyaları üstünlükləri[redaktə | mənbəni redaktə et]

* mobil qurğuların batareyalarının işləmə müddətinin artırılması;

* mobil qurğuların hesablama və yaddaş resurslarının imkanlarının artırılması;

* istifadəçilərin məlumatlarının bir neçə ehtiyat kompüterdə saxlanması ilə etibarlılığın artırılmasına imkan yaradır və bu da öz növbəsində mobil qurğularda məlumatların itmə riskin azaldır;

* resursların dinamiki paylanması. Bu, istifadəçinin əvvəlcədən sifariş etmədən lazım olan resusların lazımi vaxtda əldə etməsini təmin edir;

* şəbəkənin ötürmə qabiliyyətini artırması;

* xidmətlərin qiymətlərinin ucuz başa gəlməsi;

* istifadəçilərin məlumatlarını buludlarda saxlanmasını təşkil etməklə dünyanın istənilən nöqtəsindən bu məlumatlardan istifadə etmək imkanlarının yaranması;

* miqyaslanmanın artırılması. Sistem çevik resurs imkanı sayəsində istifadəçinin hesablama və yaddaş resurslarına olan tələbatını qısa zaman müddətində təmin edir;

* sistemin təhlükəsizlik imkanları.

* asan inteqrasiya olunması. Müxtəlif provayderlərin xidmətlərini bulud və İnternet vasitəsi ilə bir-birinə inteqrasiya etməklə istifadəçinin tələblərini ödəmək olur.