Mobil sursat (həmçinin intiharçı pilotsuz uçuş aparatı, intiharçı dron[1][2][3][4], kamikadze pilotsuz uçuş aparatı, rouminq silahları və ya kamikadze dron[5][6] kimi tanınır) sursatların müəyyən müddət ərzində hədəf ərazinin ətrafında fırlandığı və yalnız hədəf aşkar edildikdən sonra hücum etdiyi hava silah sistemidir[7][8][9]. Mobil sursatlar, yüksək dəyərli platformalar hədəf əraziyə yaxın yerləşdirildikdən qısa müddət sonra görünən gizli və ya məxfi hədəflərə qarşı daha sürətli cavab müddətlərini təmin edir və həmçinin də hücum əmri asanlıqla ləğv oluna bilindiyi üçün daha seçici olaraq vacib hədəflərə tuşlanmağa imkan yaradır.
Mobil sursatlar qanadlı raketlər ilə silahlı pilotsuz uçuş aparatları (SPUA) arasında qəbul edilir və hər ikisi ilə eyni xüsusiyyətlərə malikdir. Onlar qanadlı raketlərdən hədəf ərazinin ətrafında nisbətən uzun müddət dövrə vurması üçün nəzərdə tutulması, SPUA-lardan isə mobil sursatın bir hücumda sərf edilməsinin nəzərdə tutulması və daxili döyüş başlığına malik olması ilə fərqlənirlər. Buna görə də onları qeyri-ənənəvi mənzilli silahlar da hesab etmək mümkündür.
Mobil silahlar ilk dəfə 1980-ci illərdə yer-hava raketlərinə (SAM) qarşı Düşmənin Hava Hücumundan Müdafiəsinin Zəiflədilməsi (SEAD) rolunda istifadə üçün ortaya çıxmışdırlar və 1990-cı illərdə bir sıra hərbi hava qüvvələrində SEAD rolunda çıxış etməsi üçün yerləşdirilmişdirlər. 2000-ci illərdən başlayaraq, rouminq silahları nisbətən uzun mənzilli hücumlardan və atəş dəstəyindən tutmuş kürək çantasına sığan bir taktiki döyüş vasitələrinə və hətta çox qısa mənzilli döyüş sistemlərinə qədər əlavə rollar üçün hazırlanmışdır.