Modullu layihələndirmə

Modullu layihələndirmə (ing. modular design, ru. модульное проектирование) - aparat və ya proqram təminatının layihələndirilməsində: layihənin, hər biri ayrıca olaraq işlənib hazırlana, yoxlanıla, başa çatdırıla və son məhsul (proqram) halında birləşdirilə bilən kiçik bloklara və ya modullara ayrılması üsulu. Hər bir blok xüsusi məsələnin yerinə yetirilməsi, yaxud xüsusi fəaliyyət üçün hazırlanır və beləliklə başqa proqramlarda istifadə oluna biləcək modullar “kitabxana”sının bir hissəsi ola bilər. Məsələn, modullardan biri ekranda pəncərənin içərisində kursorun yerini dəyişən komandalardan ibarət ola bilər və bu modul əvvəlcədən proqramın başqa bölmələri ilə də işləyə bilən avtonom blok kimi hazırlandığından, həmin moduldan başqa proqramlarda da istifadə etməklə proqramların işlənib hazırlanma və testlənmə vaxtına qənaət etmək olar. Baxmayaraq ki, layihəçi hər bir modula, proqramın digər hissələri ilə işləmək üçün gərəkli vasitələr qoymalıdır, modullu layihələşdirmənin bir neçə dəyərli üstünlükləri vardır: bir böyük blokla işləməkdənsə, kiçik blokların sınaqdan keçirilməsi və sazlanması daha asandır; layihənin ayrı-ayrı hissələri eyni zamanda işlənib hazırlana bilər; modullar aydın və dəqiq sənədləşmənin olmasını nəzərdə tutur (daha doğrusu, tələb edir); bir mürəkkəb proqrama yerləşdirilmiş və ya səpələnmiş komponentlərdənsə, modullar daha asanca genişləndirilə və ya dəyişdirilə bilər.


Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.