Mollaisaqlı abidəsi ― Göyçay çayının sol sahilində, İsmayıllı rayonunun 25 kilometrliyindəki Mollaisaqlı kəndi ərazisində yerləşən antik dövrə aid yaşayış yeri və nekropoludur. Abidə təxminən 30 ha. ərazini əhatə edir.[1] Abidə Qafqaz Albaniyasının tarixinin öyrənilməsində müfəssəl əhəmiyyətə malikdir.
Mollaisaqlı abidəsi | |
---|---|
Mollaisaqlı yaşayış yeri və nekropolu | |
Ölkə | Azərbaycan |
Rayon | İsmayıllı |
Yerləşir | İsmayıllı rayonu, Mollaisaqlı kəndi |
Aidiyyatı | antik dövr |
1938-ci ildə Y. Paxomov tərəfindən İsmayıllı rayonu ərazisində aparılan kəşfiyyat xarakterli axtarışlar zamanı Mollaisaqlı kəndi yaxınlığından nekropol və qədim yaşayış yerinin izlərinə rast gəlinib. Burada müxtəlif qəbir formaları ― təknə, küp, sadə torpaq qəbirlər qeydə alınıb.[2] Ötən əsrin 60–70-ci illərində Mollaisaqlı abidəsində görkəmli arxeoloq Fazil Osmanovun rəhbərliyi ilə aparılan tədqiqatlar Qafqaz Albaniyasının antik dövr mədəni irsinin öyrənilməsinə öz töhfələrini vermişdir. 1962–1964-cü illərin arxeoloji qazıntıları burada antik dövrə aid zəngin mədəniyyətin izlərini aşkara çıxarmışdır. Buradan gil sarkofaqlar, qədim heykəltaraşlıq (insan və heyvan fiqurları) nümunələri əldə olunub. Bənzər tapıntılar 1969-cu ildə abidənin həyətyanı sahəsinə düşən hissəsində kənd təsərüffatı işləri görülərkən tapılmışdır. Bunlar 3 ədəd gil antropomorf fiqur, yəhərli at və digər heyvan fiqurları, gil zənbil və saxsı cam ilə təmsil olunurlar.[3] Mollaisaqlı abidəsində qazıntı işləri 1970 və 1971-ci illərdə də davam etdirilmişdir. Qazıntı işləri nəticəsində müxtəlif saxsı qab fraqmentləri, heyvan sümükləri və yanğın izləri müəyyən olunub.[4] 2002-ci ildə kənd ərazisində görülən təsərrüfat işləri zamanı içərisində metal əşyaların da olduğu gil qablar aşkar olunmuşdur. Metal əşyalar yüksək bədii tərtibatla hazırlanmaqla qədim estetik təsəvvürləri əks etdirir. Bunlar maral, öküz, at fiqurları, iri zəncirlərlə bir-birinə bağlanmış zınqırovlar, asma bəzək əşyalarıdır.[5] Əldə olunan maddi-mədəniyyət nümunələri əsasında tədqiqatçılar Mollaisaqlı abidəsini e.ə IV- b.e I əsrlərinə aid edirlər.[1]
Mollaisaqlı yaşayış yerində mədəni təbəqənin qalınlığı 1,4 m-ə çatır. Təbəqənin üst qatında (yer səthindən 20–25 sm dərinlikdə) gil qab fraqmentləri müşahidə olunur. Yaşayış ərazisində uzun illər təsərrüfat işləri görüldüyündən üst qatın maddi-mədəniyyət nümunələri qarışdırılmışdır. Bundan alt qatlarda müxtəlif formalı saxsı qab, sınmış gil qolbaqlara və suvaq parçalarına küllü miqdarda rast gəlinib. Suvaq parçalarının aşkarlanması burada tikilinin varlığı haqqında təsəvvür yaradır. Suvaq parçalarının aralarında çubuq izləri də möşahidə olunurdu ki, bu da tikilinin divarlarının çubuqla hörülüb, suvaqla suvandığını göstərir. Suvaq parçalarının aşkarlandığı yerdən şimalda 3 ədəd dirək yerləri də qeydə alınıb. Dirək yerlərinin hamısı 0,7 m dərinlikdə olmaqla eyni ölçüdədir. Onların ağızının diametri 48 sm, dibinin diametri 35 sm-dir. Çuxurların qərb istiqamətində və ağızları səviyyəsində nizamsız şəkildə kiçik daşlara təsadüf olunub. Bu səviyyənin döşəməsində 2×1 m ölçüsündə yer suvanaraq hamarlaşdırılmışdır. Suvağın qalınlığı 5–7 sm-ə çatır. Aşkar edilmiş bu çuxurlar, daşlar və suvanmış döşəmə yaşayış otağının qalıqlarıdır. Bu qalıqlar buradakı tikilinin çay daşlarından, çubuq, çiy kərpic və suvaqlardan, ağac basdırmalardan inşa edildiyini göstərir. Tikilinin bünövrəsi daşdan olub, divarları çiy kərpic və suvaqla hörülüb.[1]
Mollaisaqlı qədim yaşayış yerində aparılmış tədqiqatlar Azərbaycanda sinifli cəmiyyətin yaranması və onun sonrakı inkişafı, habelə feodalizm cəmiyyətini öyrənmək üçün müəyyən əhəmiyyətə malikdir.[4]