Monteneqroda qadınlar — cəmiyyətin həyatında mühüm rol oynayırlar. Müasir cəmiyyətdə bir əsr əvvəlki vəziyyətlə müqayisədə qadınlara qarşı daha hörmətli bir münasibət var.
Monteneqro cəmiyyətindəki qadınların rolunun ən erkən təsvirlərindən biri The New York Times tərəfindən 5 noyabr 1880-ci ildə verilmiş və istehza ilə qeyd etmişdir ki, qadınlar və kişilər bu sahədə işlərini bərabər bölüşsələr də, keçişlər zamanı qadın özü ilə ərinin gətirdiyi hər şeyi daşıyır. Üstəlik həmin qəzetin yazdığına görə qadınlar evi idarə edir, parça toxuyur və sap əyirirdilər[1]. Hollandiyalı yazıçı Henri van der Mandere Monteneqro cəmiyyətindəki qadınların rolunu daha da tənqid edir: arvadın praktik olaraq gücsüz olduğunu və ərindən sonra yükü daşımaq məcburiyyətində olduğunu, qızının isə iradəsinə tabe olmaq məcburiyyətində qaldığını iddia edir. Kişilərlə bir masa arxasında oturmasına icazə verilməyən bir qadını kölə və yük heyvanına bənzədir. Monteneqrolu qızların gözəlliyi arvad olduqları zaman əriyirdi. Antropoloq Zorka Miliçə görə bir qadına münasibət onun neçə oğul və qız övladına sahib olmasından da asılı idi: çox oğlu olan qadınlara hörmət edilirdi[2].
Yuqoslaviya Xalq Qurtuluş müharibəsindən sonra qadınlara orta və ali təhsil almaq, ictimai və siyasi həyatda iştirak etmək və s. hüquqlar verildikdən sonra vəziyyət dəyişir. Lakin eyni zamanda yaşlı nəsil arasında hələ də güclü inam qorunub saxlanılır. Düşüncəyə görə qadın ilk növbədə ev və uşaq məsələlərini həll etməlidir.
Monteneqro qadınları dünyanın ən uzun qadınlarından biri hesab olunur (orta boy 171 sm). Dünya Bankına görə məhsuldarlıq nisbəti (bir qadına düşən uşaq sayı) 2002–2010-cu illərdə azalmışdır (2002-ci ildə 1.77-dən 2010-cu ildə 1.66-ya). Monteneqronun müasir qanunvericiliyinə görə, kişilər və qadınlar bərabər hüquqlara malikdirlər. Ayrıca yaşından asılı olmayaraq, bütün qadınlar cinsi bərabərliyə nail olmaq üçün Milli Plana uyğun olaraq, həyatın bütün sahələrində eyni hüquq və imkanlara sahib olmalıdırlar. Şiddətdən (cinsi daxil olmaqla) qorunması da təmin edilir.
Bölgəyə görə, qadınlar həm Monteneqro cəmiyyətinin mühafizəkar patriarxal hissəsində, həm də daha müasir, matriarxal bir cəmiyyətdə yaşaya bilərlər. Bir ailədə bir qayda olaraq ailə başçısı kişidir və qadın ona ev təsərrüfatını idarə etməsində kömək edir. Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Monteneqro cəmiyyətində köhnə günlərdə bir qızın doğulması həmişə xoş qarşılanmırdı, çünki ailənin yalnız oğul tərəfindən davam etdirilməsi mümkün idi. Nəticədə abortlar başlamış və bu davam etməkdədir. Ancaq mühafizəkar dairələr, abortun qadağan edilməsinə çağıran ictimai elanlar təqdim edərək bu cür hərəkətlərə qarşı mübarizə aparırlar.