Moskva metrosunda qəza (2014)

2014 Moskva Metro Qəzası - 2014-cü il iyulun 15-də Moskva metrosunda baş vermiş qəzadır. Baş vermiş qəza nəticəsində ölənlərin sayı 22-yə çatıb. Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi hadisədən sonra 160-dən artıq adamın tibbi yardım üçün müraciət etdiyini bildirib. Bunlardan 118 nəfər artıq xəstəxanaya yerləşdirilib. 42 adamın vəziyyətinin ağır olduğu qeyd olunur. Paytaxt sakinlərindən başqa Rusiyanın 12 regionunun sakini və 5 əcnəbi zərər çəkib, 2 xarici vətəndaşı ölüb.[1] Baş vermiş faciə 79 illik Moskva metropoliteni tarixində ən irimiqyaslısıdır. Rusiya paytaxtının meri Sergey Sobyanin 22 adamın ölümünə səbəb olmuş metro qəzası ilə bağlı 16 iyulu matəm günü elan edib.

Qəza qatarın bir neçə vaqonunun relsdən çıxması nəticəsində baş verib. Rusiya İstintaq Komitəsinin nümayəndəsi terror ehtimalını istisna edib. Komitə sədri Vladimir Markin qəza səbəbi kimi ilk səsləndirilən gərginliyin qəfil düşməsi versiyasının təsdiqlənmədiyini deyib. Stansiyalar arasındakı (“Park Pobedy” - "Slavyanskiy bulvar") elektrik xətlərdə gərginliyin kəskin düşməsi yanlış olaraq siqnalizasiya sistemini işə salıb və buna görə elektroqatarın qəfil dayanması baş verib. Nasazlıqdan sonra qəfil dayanma baş verib. Nəticədə bir neçə vaqon relsdən çıxıb.[2]

Qəzada şübhəli bilinən iki nəfər saxlanılıb. Bunlar “Moskva metropoliteni” yol xidmətinin əməkdaşı Valeri Başkatov və onun köməkçisi Yuri Qordovdur. İstintaqın versiyasına əsasən, həmin şəxslər 2014-cü ilin mayında “Park Pobedı” – “Slavyanski bulvar” stansiyaları arasında qatarları istiqamətləndirən mexanizmin qurulması ilə bağlı aparılan işlər zamanı səhlənkarlığa yol veriblər. Onlar bu işlərə nəzarət ediblər. Rusiya İstintaq Komitəsi icraçılarla yanaşı rəhbər şəxləri də məsuliyyətə cəlb etməyi planlaşdırır.[3]