Mahmudov Murad Nəbiyeviç (1930, Bakı) — texnika elmləri doktoru, professor
Murad Mahmudov | |
---|---|
Mahmudov Murad Nəbiyeviç | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Mahmudov Murad Nəbiyeviç 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1954-1955-ci illərdə "Artyomneft" trestinin neft mədənlərində texnik, sahə rəisi işləmişdir. 1955-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun qaz-neft-mədən fakültəsini fərqlənmə ilə bitirmişdir. 1957-1970-ci illərdə AzNKİ-da elmi-tədqiqat sektorunun, problemli elmi tədqiqat işləri şöbəsinin rəhbəri, elmi işlər üzrə prorektor olub. 1961-ci ildə "Quyuların sementlənməsi prosesinə bəzi faktorların təsirinin tədqiqi" mövzusunda namizədlik, 1975-ci ildə isə "Quyuların sementlənməsinin bəzi hidravlik problemləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1970-1979-cu illərdə - Sumqayıt Ali texniki idarəsinin rektoru, "Mexanika" kafedrasının rəhbəri olub. 1979-1988-ci illərdə "Neftkimya-avtomat" elmi tədqiqat və layihə institutunun "Qazıma müəssisələri", "Riyazi informasiya təminatı" Avtomatik İdarəetmə Sistemləri (AİS) laboratoriyalarının rəhbəri işləmişdir. 1988-2000-ci illərdə ADNA-da "Neft və qaz quyularının qazılması" kafedrasının professoru, "İstehsalatın idarə edilməsinin iqtisadiyyatı və təşkilatı" kafedrasının rəhbəri, "Sənayenin Təşkilatçıları", "Beynəlxalq İqtisadi Münasibətlər" fakültələrinin dekanı, xalq təsərrüfatı işçilərinin hazırlanması, yenidən hazırlanması, ixtisaslarının artırılması üzrə mərkəzin rəhbəri, "Xarici iqtisadi əlaqələrin idarə edilməsi" laboratoriyasının elmi rəhbəri, SSRİ, Azərbaycan Təhsil Nazirliyinin İBM (ABŞ) korporasiyası ilə birgə yaratdığı Biznes Mərkəzinin baş direktoru, ADNA-da "Neft emalı və neft-kimya sahələrində iqtisadiyyat və menecment" kafedrasının professoru olmuşdur. 2002-2003-cü illərdə Rostov Dövlət İqtisad Universitetinin Dağıstan filialının rektoru işləmişdir. 2003-cü ildən bu günə qədər ADNA-da xarici iqtisadi əlaqələr problem laboratoriyasının elmi rəhbəri və eyni zamanda DənizneftqazDETLİ-da baş elmi işçidir.
Mahmudov M.N. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir.
Elmi tədqiqatların sahəsi: quyuların bərkidilməsi və sementlənməsi məsələləri; qazımada hidromexanika; beynəlxalq iqtisadi münasibətlər və menecment; idarəetmə sistemlərinin avtomatlaşdırılması; riyazi və informasiya təminatı. Mahmudov M.N. 400-dən artıq elmi məqalənin, 12 monoqrafiyanın, bir sıra metodik vəsait və rəhbərliklərin müəllifidir. İxtiralara görə müəlliflik şahədətnamələri alıb. 12 elmlər namizədi hazırlayıb.
Mahmudov M.N. Beynəlxalq Ekoenergetika Akademiyasının akademikidir.
"Azərbaycanın əməkdar müəllimi" fəxri adına layiq görülüb.