Myuon

Myuon (ingilscə - muon, rusca - мюон) subatomik hissəcikdir. İşarəsi – μ-. O, elektronla eyni qrupa – leptonlar
qrupuna daxildir. Myuon (elektron kimi) mənfi yükə və ½ spin-ə malikdir. Lakin (elektrondan fərqli olaraq)
çox ağırdır və stabil deyil, yəni parçalanmaya məruz qalır.

Myuon qısa ömürlü hissəcikdir və zəif qüvvənin təsiri ilə parçalanaraq elektrona və iki müxtəlif tipli neytrinoya
çevrilir.[1] Antihissəciyi μ+ – antimyuondur.

Leptonlar və mezonlar

[redaktə | mənbəni redaktə et]

Leptonlar subatomik hissəciklərdir. Altı lepton məlumdur. Bu qrupun ən tanınmış üzvü elektrondur.

Leptonların xüsusiyyətləri:

Mezonlar subatomik hissəciklərdir. Təqribən 200 mezon məlumdur. Bu qrupun ən tanınmış üzvü piondur.[4]

Mezonların xüsusiyyətləri:

Kosmik şüalar

[redaktə | mənbəni redaktə et]

Kosmik şüalar, mənbəyi GünəşSüd yolu qalaktikasının başqa ulduzları olan yüksək enerjili və sürətli protonlar, elektronlar və başqa hissəciklərdir. Kosmik şüalar 1912-ci ildə avstriyalı fizik Viktor Hes (Victor Hess) tərəfindən kəşf edilmişdir.

Birinci dərəcəli (ingiliscə - primary) kosmik şüalar — hidrogen nüvəsi (yəni proton), helium nüvəsi (yəni alfa hissəcik) və daha ağır nüvələr az miqdarda Yer səthinə qədər gəlib çıxır. Çünki, həmin hissəciklər (və ya şüalar) atmosferin yuxarı qatlarına daxil olur və oradakı atomlarla toqquşaraq ikinci dərəcəli (ingiliscə - secondary) kosmik şüalara — əsasən pionlara parçalanır, çevrilirlər.

Bu toqquşmadan yaranan pionların bir hissəsi öz növbəsində parçalanıb yeni hissəciklərə, o cümlədən myuonlara çevrilir. [5] Buna görə də 1920-ci, 30-cu illərdə tədqiqatçılar orjinal kosmik şüaları tutmaq üçün cihazları (detektorları) dəniz səviyyəsindən mümkün qədər yüksəkdə yerləşdirməyə çalışırdılar.[3]

Yukavanın hipotezi

[redaktə | mənbəni redaktə et]

1930-cu illərdə bir çox nəzəriyyəçi fiziklərin tədqiqatları güclü qüvvə ilə əlaqələndirilən bir hissəciyin olduğunu göstərirdi.

Yaponiyalı fizik Hideki Yukava bu sahədə geniş araşdırma aparmışdı. 1935-ci ildə Yukava məchul hissəciyin haqqında daha dəqiq hesablamalar apardı və məlumatlar əldə etdi.

Yukavanın hesablamalarına görə hissəcik müsbət yükə və ya mənfi yükə malik ola bilərdi və ya neytral ola bilərdi. Hissəciyin spini 0 olmalı idi, kütləsi isə elektronla protonun kütlələri arasında qiymət almalı idi. Nəzəri dəqiqləşmələrə baxmayaraq hissəcik heç bir təcrübədə aşkarlanmamışdı.

Axtarılan hissəcik üçün müxtəlif adlar təklif edilmişdi ki, bunlardan biri də “mezon” (ingiliscə meson; yunan: “orta” deməkdir) idi. [6]

Myuonun kəşfi

[redaktə | mənbəni redaktə et]

1936-cı ildə fiziklər Karl Anderson və Set Neddermeyer bulud kamerasını Kolorado ştatında bir dağın başında quraşdırdılar və burada kosmik şüaları tədqiq etdilər.

Bir müddət sonra tədqiqatçılar əvvəllər məlum olmayan hissəciyin izlərini aşkar etdilər. Hissəciyin kütləsi elektrondan ağır, protondan yüngül idi.

Tədqiqatçılar kəşf etdikləri hissəciyin, Hideki Yukavanın hipotetik hissəciyi olduğunu fərz etdilər, buna görə hissəciyə “mezon” adı verildi. Lakin müxtəlif tədqiqatçılar təcrübəni təkrarlayıb, yeni hissəciyin göstəricilərini dəqiqləşdirəndən və Yukavanın hesablamaları ilə müqayisə edəndən sonra belə qərara gəldilər ki, hissəcik Yukavanın xəbər verdiyi hissəcik deyil.

İki hissəciyi ayırmaq üçün yeni kəşf edilmiş hissəciyi myu mezon, hipotetik hissəciyi pi mezon adlandırmaq qərarına gəldilər. Qısa formada: myu-on və pi-on.

1947-ci ildə Hideki Yukavanın təsvir etdiyi hissəcik — pion kəşf edildi. [7]

Təcrübələr göstərdi ki, pion (pi mezon) üç növdən ibarətdir: [8]
Bununla da myuon və pion hissəciklərinin fəqli siniflərə aid olduqları empirik olaraq təsdiq edildi.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Myuonun kütləsi[9]
Ölçü vahidi Dəyər
kq 1.883 531 475 × 10−28 kq
enerji ekvivalenti – J 1.692 833 667 × 10−11 J
enerji ekvivalenti – MeV 105.658 3715 MeV


Myuon elektrondan təqribən 207 dəfə ağırdır. [1]

Myuonun ömrü 2.2 mikrosaniyə, başqa sözlə 2.2 × 10−6 saniyədir (saniyənin milyonda biri). [10]

Myuon ½ spin hissəcikdir. Myuonlar materiyaya yüksək dərəcədə nüfuz etmə qabiliyyətinə malikdirlər. Beləki, onlar hər saniyə ətrafdakı obyektlərdən, o cümlədən insan bədənindən keçib gedirlər.[5]

Myuonun yaranması və parçalanması

[redaktə | mənbəni redaktə et]
Myuon parçalanmasını göstərən Feynman diaqramı

Kosmik şüalar atmosferin yuxarı qatlarında pionlara parçalandıqdan sonra, pionların da parçalanması myuonları və başqa hissəcikləri yaradır. Mənfi yüklü pionun parçalanmasından myuon və myuon antineytrino yaranır.

Müsbət yüklü pionun parçalanmasından antimyuonmyuon neytrino yaranır.

Myuonun parçalanmasının nəticəsində elektron, elektron antineytrino və myuon neytrino alınır.

[11]

Myuonun materiyaya yüksək dərəcədə nüfuz edə bilmə qabiliyyətindən vulkanların öyrənilməsi üçün istifadə edilir. Myuon radioqrafiyası xüsusiyyətlərinə görə rentgen müayinəsinə oxşayır. Bu metod vulkanın nə vaxt oyanacağını deyə bilməsə də onun daxili vəziyyəti və strukturu barədə məlumat yığmağa imkan verir.[12]

Myuon ağır hissəcik olduğu üçün ağır atom nüvələri ilə (uran, pluton) toqquşduqda (başqa hissəciklərlə müqayisədə) daha çox səpələnir. Bu cəhətinə görə myuondan daşınan yüklərdə gizlədilmiş radioaktiv yüklərin aşkarlanması üçün istifadə etmək təklif olunur.[13]

  1. 1 2 ""Muon"". Encyclopædia Britannica. 2015-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr, 2013.
  2. ""Lepton"". Encyclopædia Britannica. 2015-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr, 2013.
  3. 1 2 3 John Gribbin, Q is for Quantum: An Encyclopedia of Particle Physics, The Free Press, 1998, ISBN 978-0684863153
  4. ""Meson"". Encyclopædia Britannica. 2015-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr, 2013.
  5. 1 2 ""Cosmic rays: particles from outer space"". CERN. 2015-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr, 2013.
  6. Don Lincoln, Understanding the Universe: from quarks to the cosmos, World Scientific, 2004, ISBN 981-238-705-6, p. 78
  7. Don Lincoln, Understanding the Universe: from quarks to the cosmos, World Scientific, 2004, ISBN 981-238-705-6, p. 92
  8. John Gribbin, Q is for Quantum: An Encyclopedia of Particle Physics, The Free Press, 1998, ISBN 978-0684863153
  9. ""Atomic and nuclear constants"". National Institute of Standards and Technology (NIST). 2015-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr, 2013.
  10. ""Cosmic ray muons and relativistic time dilation "". CERN and High School Teachers Programme at CERN. 2016-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr, 2013.
  11. Sylvie Braibant, Giorgio Giacomelli, Maurizio Spurio, Particles and Fundamental Interactions: An Introduction to Particle Physics, Springer, 2012, ISBN 978-94-007-2463-1, p. 86
  12. ""Muons reveal the interior of volcanoes"". CERN. 13 Dec 2010. 7 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: Oktyabr 03, 2013.
  13. ""How to detect smuggled uranium and plutonium using muons"". The Economist. Apr 7th 2012. 2017-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: Oktyabr 03, 2013.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]