Nömrə 16 (d. 1974 – ö. 2016) və ya qısaca 16[1] – Qərbi Avstraliyanın Şimali Bungulla qoruğunda yaşamış, Gaius villosus növünə mənsub dişi hörümçək. 43 il yaşadığı təxmin olunur və bu göstəriciyə görə ən çox yaşamış hörümçək kimi tarixə düşmüşdür.[1]
Nömrə 16 | |
---|---|
Növü | Gaius villosus |
Cinsi | Idiopidae |
Cinsiyyəti | dişi |
Doğum tarixi | 1974 |
Doğum yeri | Şimali Bunqulla qoruğu, Qərbi Avstraliya |
Ölüm tarixi | 2016 |
Vəfat yeri | Şimali Bunqulla qoruğu, Qərbi Avstraliya |
Tanınır | ən çox yaşamış hörümçək[1] |
Avstraliya araxnoloqu Barbara York Meyn 1974-cü ilin martında hörümçək fəsilələri üzərində uzun müddət davam edəcək araşdırmasına başlamışdır. O, 10 hörümçəyi işarələmiş və növbəti il yeni hörümçək balaları tapmaq üçün qayıtmışdır. Həmin hörümçəklərdən biri olan Nömrə 16 1974-cü ilin payızında doğulmuşdu.[1][a] Meyn növbəti 40 il ərzində ərazini ildə bir, bəzən isə bir neçə dəfə olmaqla ziyarət etməyə davam etmişdir.
Digər Gaius villosus hörümçəkləri kimi Nömrə 16 bütün həyatını eyni yuvada keçirmiş, yuvasının girişində hördüyü "tələ qapısı" ilə tutduğu həşəratlarla qidalanmışdır.[3][1] Bir müddətdən sonra ən birinci onun yuvasını yoxlamaq bir adətə çevrilmişdir. Nömrə 16 40 yaşına çatanda araşdırma köməkçisi Lianda Meyson ona "ad günü hədiyyəsi" kimi yeməkqurdu vermək istəmişdir, lakin Meyn araşdırmaya təsir etməməsi üçün buna icazə verməmişdir.[4]
Meynin tədqiqat layihəsi Nömrə 16 səbəbilə gözlədiyindən uzun çəkmişdir. O, 80 yaşına qədər layihə üzərində işləməyə davam etmiş, lakin sağlamlığındakı problemlərə görə layihəni Lianda Meysona ötürməli olmuşdur.[5]
31 oktyabr 2016-cı ildə tədqiqatçı Lianda Meyson Nömrə 16-nın yuvasında olmadığını kəşf etmişdir. Yuvanın vəziyyətini araşdıranda onun parazitlik edən bir hörümçək arısı tərəfindən öldürüldüyü qənaətinə gəlmişdir.[4] Belə ki, yuvasındakı tor örtüyü hörümçək ovlayan eşşək arısı tərəfindən deşilmişdi. Altı ay əvvəlki araşdırma zamanı isə Nömrə 16 sağ idi. 2018-ci ilin aprelində "Pacific Conservation Biology" jurnalında dərc olunan araşdırma məqaləsindən sonra Nömrə 16-nın ölüm xəbəri ictimaiyyətə yayılmışdır. Nömrə 16 öləndə 43 yaşında idi və bu, bir hörümçək üçün rekord göstəricidir.[1]
Təqaüdə çıxandan sonra Barbara York Meyn Altsheymer xəstələri üçün nəzərdə tutulmuş baxım müəssisinə yaşamışdır. Onunla əlaqə saxlamağa davam edən Lianda Meyson 2018-ci ildə bildirmişdi ki, "Barbara Nömrə 16-nı xatırlayır, lakin öldüyünü unudur".[5]