Nəqqaşlıq sənəti

Nəqqaşlıq — hansısa şəklin və ya yazının kəsici alətlə müxtəlif materialın üzərinə həkk olunmasıdır. Nəqqaşlıq dekorativ-tətbiqi sənət növü kimi qəbul edilir. Müasir dövrdə əsasən məişət əşyalarının bəzək işlərində tətbiq edilir. Texniki xüsusiyyətlərinin çətinliyi ucbatından uzun illər bu işlə yalnız mahir sənətkarlar məşğul olublar və bu sənət əsrlər boyu yüksək qiymətləndirilib.

Nəqqaşlıqla məşğul olan kəslərə nəqqaşlar deyilir. Nəqqaşlar ya mexaniki üsulla, ya da əl ilə işləyirlər. Bu zaman onlar metal, daş, taxta, şüşə üzərinə müəyyən təsvirləri köçürür, dekorativ bəzək işlərini görürlər. Adətən nəqqaşlar həm də rəssam və xəttat olurlar.

Hələ qədim dövrlərdən insanlar müxtəlif növ metallar üzərinə sözlər, təsvirlər həkk etməyi öyrəniblər. Keçmişdə materialı əsasən kəsmə və döymə üsulu ilə onların üzərinə təsvirləri həkk ediblər. Bu zaman şəkil (və ya yazı) materiala üzə çıxıntılı (relyefli), yaxud da materialın dərinliyinə hopmuş formada həkk oluunb.

Nəqqaşlıq janrları

[redaktə | mənbəni redaktə et]

Metal və ya mis üzərində iynə ilə cızılmış, sonra basma üsulu ilə işlənmiş qravürə oford deyilir. Daş üzərində həkk olunmuş təsvirlərə — litoqrafiya, ağac üzərində həkk olunmuş təsvirlərə isə ksiloqrafiya deyilir. ("lito" yunanca daş, "ksilo" ağac deməkdir). Müasir dövrdə nəqqaşlıqda əsasən kitab qrafikası (kitabların tərtibatı), dəzgah qrafikası (bir nüsxədə yaradılan əsərin çoxaldılması), elmi-tədqiqat qrafikası (elmi cədvəllər, certyojlar, sxemlər, xəritələr, tədris cədvəlləri və s.) istifadə olunur. Hazırda nəqqaşlığın sənaye üsulundan daha çox istifadə edilir. Qəribə səslənsə də açıqçalar, dəvətnamələr, sənaye məhsulları, hətta paltar etiketləri və s. hazırlanmasında nəqqaşlıq tətbiq edilir. Müasir dövrdə həmçinin, saat, silah, bilərzik, alışqanların üzərində müxtəlif yazılar, hərflər və təsvirlər nəqş edilir. Hazırda əsl nəqqaşlığın gen-bol tətbiq edildiyi sahələrdən biri də zərgərlikdir. Ağac, metal, keramika məmulatlarına bəzək vurmaq üçün əlvan metal təbəqələrdən, fil və digər heyvanların sümüyündən, plastmasdan hazırlanan həndəsi formalı kiçik fiqurlar məmulatın üzərinə yerləşdirilib və onlardan müxtəlif formalı naxışlar yaradılır. Məişət əşyaları – mücrü, qələmdan, qutu, güzgü, nərdtaxta, rəhil, kürsü, musiqi alətləri və s) ilə yanaşı memarlıq elementlərinin (sütun, sütun başlığı), eyvan və s. tərtibatında tətbiq edilir.

Nəqqaş alətləri

[redaktə | mənbəni redaktə et]

Nəqqaşlar materialı kəsmək üçün müxətlif alətlərdən istifadə edirlər. Puanson – formasına görə mismara bənzəyən alətdir. Onun köməyilə müxtəlif dərinlikdə və müxtəlif endə xətlər çəkmək (cızmaq) mümkündür. Ştixel — nəqqaş qələmidir. Frezer — fırlanan kəsici alətdir. Əslində, bu alətlərdən indi yalnız zərgərlikdə istifadə olunur. Suvenir əvəzi qılınclar, silah-sursatlar, təbərzinlərin və s. bəzədilməsində tətbiq edilir. Digər sahələrdə isə müasir dövrün nəqqaşları çox vaxt lazerdən istifadə edirlər. Bu zaman material üzərinə hərf və şəkilləri daha aydın təsvir etmək, iti bucaqları, müxtəlif sıxlıqlı şəkilləri daha dəqiq həkk etmək olur. Metal və şüşə üzərinə təsvir salmaq üçün isə nəqqaşlar müxtəlif kimyəvi turşulardan istifadə edirlər.

Nəqqaşlığın tarixi

[redaktə | mənbəni redaktə et]

Mənbələrdə bu sənətin Çində yarandığı bildirilir. Sonralar Yunanıstan və Orta Asiyada geniş yayılan nəqqaşlıq sənəti yeni-yeni keyfiyyətlər qazanıb. Daha çox riyazi dəqiqlik, həvəs və səbir tələb etdiyinə görə kütləvi xarakter almayıb. XI əsrdə Avropa ölkələrində qrafika sənəti təşəkkül tapıb. O dövrdən metalişləmə, ağac oyma və silahların bəzədilməsi dəbə düşüb. Beləliklə, bu sənət tezliklə Yaxın Şərqdə, o cümlədən İran, Türkiyə, Misir, İspaniya və Mərakeşdə geniş yayılıb.

Azərbaycanda nəqqaşlığın tarixi

[redaktə | mənbəni redaktə et]
Şəki Xan Sarayından nəqqaşlıq nümunəsi

Şərq dünyasının ən məşhur musiqiçi və musiqişünaslarından sayılan Səfi əd-Din Əbdülmömin ibn Yusif ibn Faxir Urməvi Azərbaycanın qədim mədəniyyət mərkəzi Urmiya şəhərində 1216-cı ildə anadan olmuşdur. Sonradan bütün Yaxın və Orta Şərqin elm və mədəniyyət mərkəzi olan əfsanəvi Bağdad şəhərinə gələrək, dövrünün ən yaxşı universitetlərindən sayılan "Müstənsəriyyə"də təhsil almışdır. O, burada fəlsəfənin, məntiqin, tibbin, riyaziyyatın, astronomiyanın və dillərin əsasları ilə tanış olur. Musiqi sənətini öyrənməkdə davam edən Səfiəddin xəttatlıqda da böyük uğur qazanmışdır. Təsadüfi deyil ki, əvvəlcə o, musiqi sahəsində deyil, xəttat kimi şöhrət tapmış və Abbasilər sülaləsinin son nümayəndəsi xəlifə əl-Müstəsimin sarayına dəvət olunmuşdur. Az vaxtda xəlifənin yaxın əhatəsinə daxil olan sənətkar bir müddətdən sonra saray kitabxanasının rəhbəri və baş xəttat təyin olunmuşdur. Kitabların üzünü köçürmək və kitabxana rəhbərliyi Səfiəddini musiqi təhsilini davam etdirməkdən yayındırmamışdır.

Azərbaycanda daha çox Təbriz, Ərdəbil, Şuşa və Gəncə sənətkarları nəqqaşlıq elementlərindən istifadə ediblər. Onlar əsasən binaları, məscidləri, kitabları bəzəməklə məşğul olublar. Abbasqulu ağa XVIII əsr Azərbaycanın tanınmış memarı və nəqqaşı olub. Şəki Xan Sarayının tərtibatında iştirak edib. Sarayda böyük salonun tavanında mürəkkəb kompozisiyalar yaradıb, bəzək işləri görüb. Öz adını orijinal şəkildə — sağdan-sola deyil, aynada əks olunduğu kimi, soldan-sağa həkk edib. Ölkəmizdə nəqqaşlıq sənəti XIX yüzillikdə də geniş inkişaf edib. Bu dövrdə sənətin mexaniki üsulla işlənməsi metodu geniş yayılıb. Şamaxıda Mirzə Cəfər, Şuşada Usta Qurban Qarabaği, Usta Zeynal Nəqqaş və başqaları bu dövrün məşhur ustaları olublar. Usta Zeynal Nəqqaş 1829–1904-cü illərdə yaşayıb. Dövrünün məşhur xəttat, nəqqaş və şairi kimi tanınıb. El arasında "Qızıl əlli nəqqaş" adı ilə məşhur olub. Naxçıvanda Xan sarayına, Bakıda böyük mesenat Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinə (indiki Milli Azərbaycan Tarixi Muzeyi), Təbrizdə və Ordubaddakı Cümə məscidlərinə, Məşədi Tağının evinə, Əylis, Vənənd kəndlərində bəzi evlərə çəkdiyi rəsmlər və vurduğu naxışlar hələ də qalmaqdadır. Ordubad şəhərinin "Malik İbrahim" qəbiristanlığındakı dağa bitişik "Qara pir"ə möhtəşəm naxış elementləri vurub. Eyni zamanda XIX əsrin axırlarında İran şahının Ordubada gəlişi ilə əlaqədar Cümə məscidinin arxa tərəfinə yumurta sarısı, əhəng və başqa materiallardan hazırladığı məhlul vasitəsilə "Şiri-xurşid" gerbini işləyib. Həmçinin məscidin divarına öz şeirindən beytlər də həkk edib. Ordubadda təşkil edilən "Əncüməni-şüəra" (1838) adlı ədəbi məclisinin məşğələləri bəzən Usta Zeynal Nəqqaşın evində keçirilib. Görkəmli yazıçı Məmməd Səid Ordubadinin məşhur "Tərcümeyi-halım" əlyazmasında Usta Zeynal Nəqqaş haqqında dəyərli fikirlər var. Mirzə Qədim İrəvani də XIX əsrin tanınmış nəqqaşlarından olub. O, yüksək zövqlə Sərdar sarayının (1850) divar rəsmlərini işləyib.

Azərbaycanlılar nəqqaşlığın irəliləməsində böyük rol oynayıbdır. Öncə çinlilərlə uyğurların əlində olan nəqqaşlıq peşəsi Elxanilər zamanında azərbaycanlılara keçmişdir. Hətta , Şah İsmayıl Xətainin dövründə Səfəvi sarayının yanında məşhur Təbriz sənət məktəbi təsis olunmuşdur. Tanınmış rəssam Behzad Heratdan bura qayıtmış və bu məktəbə başçılıq etmişdir. Behzad bu dövrdə xüsusilə böyük Azərbaycan şairi Nizaminin əsərlərini bəzəməklə məşğul olmuşdur. Qərb aləmində "Şərqin Rəfaeli" adı ilə məşhurlaşan İran miniatürçüsü Kəmaləddin Bəhzad Təbrizli Seyid Əhmədin şagirdidir. Seyid Əhmədin özü isə İranlı Əbu Səidin sarayında çalışan məşhur Azərbaycan rəssamlarının sırasına daxildir. O, Teymurilər dövrünün miniatürçülərindən biri olmuşdur. Gözəl miniatürləri ilə əski yazmaları, xüsusilə böyük Nizaminin "Xəmsə"sini bəzəyən azərbaycanlı Ağamirək də bu məktəbə mənsubdur. Nəqqaşlıq elementləri Azərbaycandakı əl işlərində də görülür. Məsələn, Azərbaycan xalılarının naxışları bütün dünyada məlumdur. Bu gözəl xalçalardan biri XV əsrdə yaşamış holland rəssamı Hans Memlinqin boyadığı "Uşağı ilə Məryəm" (Maria mit den kinde) tablosunda təsbit olunmuşdur. Sənətkar Məryəmin ayağı altına Azərbaycan xalçalarından birini sərmişdir. Şah İsmayıl Xətainin taxtı (XVI əsr, Topqapı muzeyi) və Moskvadakı silah palatasında saxlanılan bədii qalxan (Məhəmməd Mömün) Azərbaycan tarixində nəqqaşlığın ən yaxşı nümunələrindən sayılır. Təbrizdəki Göy Məscid memari gözəllik baxımından bütün mütəxəssislər tərəfindən qeyd olunan bir dəyər və şöhrətə malikdir. Ərdəbildəki Şeyx Səfi məqbərəsindəki nəqşlər də dillərdə əzbərdir. Azərbaycan Atabəyləri tərəfindən tikdirilmiş Naxçıvandakı Möminə Xatun türbəsi (XII əsr) yüksək dəyərli bir abidədir. Şirvanşahlar zamanından qalma (XIV əsr) Bakıdakı binalar xüsusilə əhəmiyyətlidir. Akradakı Böyük Əkbərin sarayını bəzəyən sənətkarlar arasında azərbaycanlılar da olmuşdur. Çaldıranda Şah İsmayıla qələbə çaldıqdan sonra Sultan Səlim Azərbaycandan İstanbula 3000-ə qədər sənətkar gətirmişdi. Odur ki, Bursada gözəl çiniləri ilə məşhur olan Yaşıl Cami Təbrizli ustalar tərəfindən tikilmişdir. Əli ibn Hacı Əhməd ağac üzərində oyma ustası olub. Bursadakı Yaşıl Caminin qapısını bəzəyib. Nemətulla Bəvvab ibn Məhəmmədÿ dövrünün tanınmış xəttat və nəqqaşı olub. Təbrizdəki Göy Məscidin (1465) kitabələrini hazırlayıb. Əmirşah Vəlinənkişiÿ Şirvanşahlar Sarayının (1584) Şərq qapısının bəzəkli baş tağının müəllifidir. Ismayıl Nəqqaş Ərdəbili Şeyx Səfiəddin kompleksində Ali baş qapı tağının (1647) bəzəklərini işləyib.ÿ Mirzə qədim Irəvaniÿ XIX əsrin tanınmış nəqqaşı olub. Sərdar sarayının divar rəsmlərini işləyib (1850). Sovet illərində Azərbaycanda nəqqaşlığın inkişaf dövrü olub. Əsasən də mexaniki üsulla müxtəlif materialların üzərinə təsvirlər nəqş olunmağa başlayıb. Müasir dövrdə işlənilən səlis kompozisiyalı, mürəkkəb naxışlı bədii qutular, mücrülər, hədiyyə qovluqları və s. nəqqaşlıq nümunələri sayılır.

Savalan Fərəcov. Mədəniyyət.- 2013. S. 10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]