Nərgiz Şirəliyeva

Nərgiz Oktay qızı Şirəliyeva (9 noyabr 1974, Bakı) — tarix üzrə fəlsəfə doktoru, Vahid Rusiya Partiyasının üzvü, "Qızıl lira" mükafatı laureatı, Moskva vilayəti İctimai Palatasının üzvü, Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri

Nərgiz Şirəliyeva 9 noyabr 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. Hələ orta məktəbdə təhsil alarkən valideynlərinin məsləhətilə əvvəlcə o, balet kursuna, daha sonra musiqi məktəbinə və bal rəqsinə getmişdir. O, Bakıda 27 nömrəli ingilisdilli təmayüllü orta məktəbi qızıl medalla bitirəndən sonra, 1991-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq jurnalistika fakültəsinə daxil olmuşdur. Jurnalistikanın kulturologiya istiqamətini seçən Nərgiz Şirəliyeva ingilis və fransız dillərində sərbəst danışır.

1995-ci ildə İTAR-TASS agentliyində müxbir kimi praktika keçən N. Şirəliyeva, 1996-cı ildə MDBMİ-ni bitirmiş və "Kultura" qəzetində beynəlxalq icmalçı kimi əmək fəaliyyətinə başlamışdır.

"Kultura" qəzeti ilə yanaşı, o, Moskvada nəşr olunan bir sıra qəzet və jurnallarda da icmallar, esselər, tanınmış mədəniyyət xadimləri ilə müsahibələr dərc etdirmişdir.

N. Şirəliyeva 1998-ci ildə Rusiyanın dövlət telekanalı olan "Kultura"da informasiya xidmətinin müxbiri vəzifəsində jurnalistlik peşəsinə davam etdirmişdir.

Q, 2001-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasına daxil olmuş, 2004-cü ildə "Rusiya və Fransanın mədəni əlaqələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tarix üzrə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.

2003-cü ilin fevralından "Kultura" telekanalında "Mədəniyyət yenilikləri" proqramının "Xudsovet" adlı xüsusi rubrikasının aparıcısı təyin olunan N. Şirəliyeva 2008-ci ildən "Mədəniyyət yenilikləri" verilişinin axşam buraxılışının da daimi aparıcısı olmuşdur.

Nərgiz Şirəliyeva hazırda "Kultura" telekanalında şef-redaktor, icmalçı, "Mədəniyyət yenilikləri" proqramının aparıcısı, Rusiya Dövlət Filarmoniyasında təşkil olunan konsertlərin aparıcısı vəzifələrində çalışır, Moskvanın aparıcı KİV-lərində köşə yazarı kimi çıxış edir.

O, mədəniyyət sahəsində tədbirləri ən yaxşı işıqlandıran və şərh edən peşəkar televiziya jurnalisti kimi Moskva şəhər meriyasının laureatı adına layiq görülmüş, "Qızıl lira" mükafatı ilə təltif olunmuşdur.

Nərgiz Şirəliyeva 2011-ci ilin martından hakim Vahid Rusiya Partiyasının (Yedinaya Rossiya) üzvüdür, 2012-ci ildə Rusiya prezidenti Vladimir Putinin seçkiqabağı kampaniyasında onun etibar edilmiş nümayəndələrindən biri olmuşdur. O, həm də "Əlaçılar" Ümumrusiya qadınlar ictimai təşkilatını yaradanlardan biridir.

Rusiyada ictimai-siyasi və mədəniyyət sahəsində fəal fəaliyyəti ilə seçilən Nərgiz Şirəliyeva 2012-ci ilin sentyabrından Moskva vilayəti İctimai Palatasının üzvü, mədəniyyət və xeyriyyəçilik üzrə beynəlxalq komissiya qrupunun rəhbəridir.

2013-cü ilin fevralından isə Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postunu da tutur.