Bu məqaləni vikiləşdirmək lazımdır. |
Nəsrulla Kəngərli (25 noyabr 1913 – 25 fevral 1991) — XX əsr Azərbaycan memarlığının görkəmli nümayəndələrindən biri, Bakının, Gəncənin, Sumqayıtın simasını gözəlləşdirən nadir tikililərin müəllifi, II Dünya müharibəsinin iştirakçısı, "Qırmızı Ulduz" ordeni ilə təltif edilmiş, Azərbaycan Respublikasının "Əməkdar inşaatçısı" fəxri adına layiq görülmüş, memar, pedaqoq.[1]
Nəsrulla Yaqub oğlu Kəngərli 1913-cü il noyabr ayının 25-də Naxçıvanda anadan olmuşdur. Babası İsmayıl ağa rus-türk müharibəsində hünər göstərmiş 200 nəfərlik süvari döyüşçüyə rəhbərlik etmiş, şücaətinə görə çar hökuməti ona poruçik rütbəsi və Naxçıvanda mülk vermişdir. Atası Yaqub Paşa cəmi dörd sinif oxusa da, elmlərə bələd, siyasətdən baş çıxaran bir adam kimi tanınmış, ərəb, fars, rus dillərini və osmanlıcanı bilməsi ilə seçilmişdi. İran və Osmanlı ziyalıları ilə əlaqələr saxlayan, zəngin kitabxana yaradan Yaqub Paşa Kəngərli rus şərqşünası Konstantin Smirnova "Naxçıvan elinin tarixi və etnoqrafiyasına dair materiallar" kitabını yazmaqda kömək göstərmişdir. 1918-ci ilin qanlı erməni basqınlarının qarşısının alınmasında ağıl və hünəri ilə fərqlənmişdi. Belə bir mühitdə və huşyar ailədə böyüyən Nəsrulla sovet dovrünün ilk illərində məktəb təhsili almış, 1929-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu və 1939-cu ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) memarlıq-inşaat fakültəsini bitirdikdən sonra muxtar respublikanın kəndlərində dərs demişdi. Yaqub Paşa isə sovet quruculuğunda fəal iştirak etsə də İran vəTürkiyə ilə əlaqə saxlamaqda şərlənib 1939-cu ildə güllələnmişdi. Ailə Qazaxıstana sürgün olunmuş, yalnız 1964-cü ildə vətənə qayıda bilmişdi. Təhsil alması ilə bağlı Naxçıvandan kənarda olması Nəsrullanı bu sürgün və cəzadan xilas etmişdi. O,1932-ci ildə Gəncə Toxuculuq İnstitutuna daxil olmuş, 1 il sonra təhsilini Bakıda Sənaye İnstitutunun memarlıq-inşaat fakültəsində davam etdirmişdi. Gənc memar 1941-ci ildə fəaliyyətini yarımçıq qoyaraq II Dünya müharibəsinə getmiş, 416-cı Azərbaycan diviziyasının tərkibində Qafqazdan Berlinədək yol keçmişdi. Cəbhədən orden-medallarla qayıdan Nəsrulla Kəngərli 46 il "Azərdövlətmemarlayihə", "Bakışəhərbaşlayihə", "Azərdövlətlayihə" institutlarında çalışaraq ömrünü sevimli məşğuliyyətinə həsr etmişdir. Bu dövrün istedadlı və aparıcı memarları olan Mikayıl Hüseynovun, Ənvər Qasımzadənin, Davud Axundovun və başqalarının sırasında peşəkarlığı, çalışqanlığı ilə seçilən Nəsrulla Kəngərli tezliklə bir sıra diqqətçəkən layihələrin müəllifi kimi tanınmışdır.[1] 1945-ci ildən "Azərdövlətmemar-layihə", "Bakışəhərbaşlayihə", "Azərdövlətlayihə" institutlarında çalışmış, Bakıda bir çox yaşayış evlərinin və ictimai, inzibati binaların layihələrini vermişdir. Bakıda Nizami küçəsində, İnşaatçılar prospektində, Nərimanovun heyəlinin ətrafındakı yaşayış binaları klassik və müasir memarlığın sintezi nümunələri kimi memarı şöhrətləndirmişdir. Neftçilər və Azadlıq prospektlərində, şəhərin digər yerlərində tikilmiş məktəb binaları da milli memarlıq elementlərinin zənginliyi, yaraşıqlığı və möhtəşəmliyi ilə bu gün də baxanları heyran qoyur. Bakıda Mərkəzi Univermağın, Tibb Universitetinin korpusunun və idman kompleksinin, Gəncədə Dəmiryol vağzalının, Xankəndində inzibati binanın layihələri Azərbaycan memarlığının seçilən nümunələri sırasında yer alaraq Nəsrulla Kəngərli adına böyük nüfuz gətirmişdir. Onun layihələndirdiyi binaların tam siyahısı çox uzundur. Təkcə onu demək kifayətdir ki, Sumqayıt şəhərinin ən gözəgəlimli binaları da daxil olmaqla, baş planını Nəsrulla Kəngərli layihələndirmişdir. Bu ağır və orijinal işə görə memar SSRİ Nazirlər Sovetinin mükafatına layiq görülmüşdür. Onun, nədənsə, həyata vəsiqə ala bilməmiş əsərlələrindən Kənd Təsərrüfatı Nazirliyinin binası, Ticarət evi, inzibati korpus və s. parlaq memar təxəyyülünün məhsulu kimi indi də xatırlanır.[1] Ümumiyyətlə, 1968–1985-ci illərdə şəhərin baş planı, yaşayış məhəllələrinin, ictimai və digər təyinatlı binaların layihələri "Azərdövlətlayihə" institutunda onun başçılıq etdiyi emalatxanada işlənib hazırlanmışdır. 1951-ci ildən respublikanın orta ixtisas və ali məktəblərində dərs demiş, 1968–1990-cı illərdə Azərbaycan Politexnik institutunda (indiki Azərbaycan Texniki Universiteti), sonralar isə İnşaat Mühəndisləri İnstitutundakı (indiki Memarlıq və İnşaat Universiteti) Memarlıq konstruksiyaları kafedrasının dosenti olmuşdur. "Qırmızı Ulduz" ordeni, digər orden və medallarla təltif edilmişdir. 1960-cı ildə Azərbaycan Respublikasının "Əməkdar inşaatçısı" fəxri adına layiq görülmüş, 1972-ci ildə SSRİ Dövlət Mükafatı laureatı olmuşdur. Nəsrulla Kəngərli 1991-ci il fevral ayının 25-də Bakıda vəfat etmişdir.[2] Böyük oğlu Tələt geoloq alim, Aqşin və Aydın isə tanınmış həkimdirlər.
" Atam sənətini həddən artıq çox sevirdi. Bircə faktı deyim ki, müharibədən qayıdanda Berlindən gətirdiyi yeganə "qənimət" memarlıq albomu olmuşdu. Tez-tez bu toplunu vərəqləyir, dağıdılmış gözəl binalara görə təəssüflənirdi. O, öz layihələrinin həyata keçirilməsinə ciddi nəzarət edir, çox vaxt tikintilərdən toz-torpaq içində gəlirdi. Bu insan memarlığa milli varlığımızın əzəmətli görüntüsü, milli kimliyimizin güc və qüdrəti kimi baxırdı. Bir də atam ömrü boyu Azərbaycanın müstəqilliyi ideyasını qəlbində yaşatmışdı. Nə yaxşı ki, o günü görmək ona qismət oldu. Bu sevinc, sanki, nəslimizin başına açılmış oyunların ağrı-acısını ona unutdurdu. Dünyadan ölkəmizin taleyi sarıdan nigaran köçmədi…" Aqşin Kəngərli (Nəsrulla Kəngərlinin oğlu)[1]