NHN Məcəlləsi

“Nə? Harada? Nə zaman?” Məcəlləsi (rus. Кодекс спортивного “Что? Где? Когда?”) — “Nə? Harada? Nə zaman?” intellektual oyununun gedişində yaranan əksər vəziyyətləri və oyunun təşkilinin təfərrüatlarını tənzimləyən metodik vasitə və qaydalar külliyatı.

Məcəllə intellektual oyunlar hərəkatının əlaqələndirici beynəlxalq təşkilatı olan “Nə? Harada? Nə zaman?” Klublarının Beynəlxalq Assosiasiyasının Turnir Komissiyasının Qaydaların unifikasiyası Altkomissiyası və Etika Komissiyası tərəfindən ilk dəfə 2003-cü ildə açıqlanmış və 2008-ci ildə yeni redaksiyada dərc edilmişdir.[1]

3 hissə, 13 fəsil, 6 əlavədən ibarət olan Məcəllə oyunun iştirakçıları, oyun üçün materiallar və avadanlıqlar, oyunun formatı, yarışlarda hakimlik, yekunların hesablanması, cavabların sayılma prinsipləri, apelyasiya, intizam-tənbeh tədbirləri, yarışların təşkili, oyunçuların turnirlərdə iştirakı, yüksək səviyyəli yarışların keçirilməsi üzrə tövsiyələr, cavabların düzgünlüyünün qiymətləndirilməsi nümunələri, oyun etikası və bu kimi mühüm məsələləri tənzimləyir.

Azərbaycandilli versiyası

[redaktə | mənbəni redaktə et]

Məcəllənin aktual Azərbaycandilli versiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi şurasının 2013-cü ildə QHT layihələrinin maliyyələşdirilməsi müsabiqəsi üzrə qalib gəlmiş ““Nə? Harada? Nə zaman?” intellektual oyununun Məcəlləsinin tərcümə və nəşr edilməsi” layihəsi çərçivəsində “Atəşgah İntellektual Oyunlar Klubu” İctimai Birliyi tərəfindən hazırlanmışdır.[2][3]

Nə? Harada? Nə zaman? oyunu üzrə məşhur bilici Maksim Potaşov Məcəllənin Azərbaycandilli versiyasına yazdığı ön sözdə aşağıdakıları qeyd etmişdir:

Müxtəlif hallarda sualların cavablarının doğruluğu tamamilə fərqli qaydada qiymətləndirilirdi, apelyasiyalar müxtəlif mübahisələr doğururdu. Masa arxasına hansı sayda oyunçunun olması kimi sadə məsələlərdə də bəzən müxtəlif ölkələrdə fərqli yanaşmalar olurdu. Elə məhz bu səbəbdən KBA tərəfindən bütün fikir ayrılıqlarını müəyyən etməyə və onları ümumi məxrəcə gətirməyə xidmət etməli olan qaydaların unifikasiyası üzrə xüsusi komissiya yaradıldı. Mənə isə bu komissiyanın işinə rəhbərlik etmək nəsib oldu. Mən komissiyanın işinə təcrübəli və peşəkar oyunçuları və təşkilatçıları cəlb etdim. Komissiyanın tərkibi dəfələrlə dəyişsə də Vadim Karlinski, Yuri Vımenets, Anton Qubanov və Roman Nemuçinski bir neçə il ərzində xüsusi fəallıqla komissiyada işləmişdilər. NHN oyununun idman versiyasının Məcəlləsinin ilk redaksiyası üzərində iş təxminən 1 il vaxt aldı və 2003-cü ildə bu sənəd işıq üzü gördu. Daha sonra isə bir neçə il ərzində biz Məcəlləyə müxtəlif düzəlişlər və qeydləri topladıq və 2008-ci ildə Məcəllənin hal hazırda qüvvədə olan ikinci buraxılışını nəşr etdirdik.

  1. "Arxivlənmiş surət". 2013-10-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-01.
  2. http://qhtxeber.az/news/a-25126.html[ölü keçid]
  3. "Arxivlənmiş surət". 2016-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]