Bu məqaləni vikiləşdirmək lazımdır. |
Nağı xan Qarapapaq (?-?) — Qarapapaq elinin rəisi.
14 may 1827-ci ildə rus polkovniki Qurko Arazın sağ sahilində çoxsaylı alaçıqlar görür. Casusluq edən ermənilər xəbər gətirirlər ki, bu alaçıqları Qarapapaq Nağı xan qurub. Başkomandan general İ. Paskeviçin bununla bağlı qraf Nesselroda göndərdiyi rəsmi məktubundan bəzi sətirləri nəzərinizə çatdırırıq: "İrəvan vilayətindən 100 qarapapaq ailəsi Türkiyəyə keçdi. Başqa qarapapaqlar (800 ailə) öz düşərgələrini Arazın o tayında salıblar və Nağı xan ilə İsmayıl ağanın rəhbərliyi altında onların ən yaxşı miniciləri Həsən xana xidmət edir. Rəisləri İsgəndər xan 9 mayda bizimlə vuruşda öldürülmüş Çobankərəlilər (20 ailə) də onlarladır… Qarapapaq eli arasında ətraf vilayətlərin hamısında uğurlu qaçaqçılıqla şöhrətlənmiş çox cəsur insanlar var".
V. Potto: "Şadlılardan 60 nəfər silahlarını atıb Sərdarabaddan qaçdı, Nağı xanın ən yaxşı atlılarından olan 50 qarapapaq onu tərk edib Göyçəyə qayıtdı. Ancaq bu hələ ki, ayrıca istisnalar idi. Tatar tayfalarını daha təhlükəsiz etmək üçün müvafiq tədbirlər həyata keçirmək lazım gəlirdi. Belə tədbirlərdən daha məqsədəuyğunu onlarla dinc münasibətin yaradılması idi. Rus tərəfinə keçmiş tatarların sayı az olsa da, ümid etmək olardı ki, başqaları da onların yolunu seçəcəklər".
General Paskeviçin gördüyü tədbirlər öz müsbət nəticələrini verirdi. Belə ki, A. S. Qriboyedovun xatirələrindən və Pottonun bu müharibə barədə yazdıqlarından aydın olur ki, Həsən xanın 9 iyunda Nağı xanın rəhbərliyindəki qarapapaqlarla rus daşınmalarına hücum etmək, "od və qılıncla Gümrüdən Cəlaloğlu və Başkeçid vasitəsilə Zalqaya keçmək niyyətini" Paskeviçin Eçmiyədzinə gəlişi və dərhal ətraflardakı türk tayfaları ilə apardıqları danışıqlar pozmuşdur. Ruslar iyunun ortasında İrəvan qalasını mühasirəyə alıb hücum etsələr də heç bir nəticəyə nail ola bilmədilər. Paskeviç general Krasovskinin 20-ci piyada diviziyasına qalanın mühasirəsini davam etdirməyi tapşırdı, özü isə əsas qüvvələri ilə Gərniçaya doğru istiqamət götürdü. Çünki Abbas mirzə qoşununu Arazın sağ sahilində cəmləşdirmişdi və ruslarla əsas döyüşü sahildəki Abbasabad qalasında qəbul etməyi planlaşdırırdı. "Paskeviç Gərniçaya hərəkət etməmişdən qabaq qarapapaq xalqının Göyçədə yaşayan hissəsi ilə yeni əlaqələr yaratdı. Ona məlum idi ki, qarapapaqlar arasında Nağı xandan sonra öz ağlı və mərdliyi ilə daha çox Arazın bu tayındakı dağlarda qalmış Məmməd ağa tanınır. Paskeviç Məmməd ağa ilə sıx əlaqələr yaratmağa çalışdı. Bu məqsədlə o poruçik Korqanovu 3 gürcü zadəganı ilə dağlara göndərdi. Şadlı sultanı öz qardaşını və oğlunu düşərgədə girov qoyaraq onların təhlükəsizliyinə cavabdeh oldu". Korqanovun ilkin danışıqları çox uğurlu olur. Ruslar qarapapaqlarla aralarının düzəldiyini sanıb heç nədən çəkinmədən hərəkət edərək 19 iyunda Gərniçaya çatır. Bu vaxt rus düşərgəsinə gözlənilməz xəbər yayılır ki, qarapapaqlar yenidən ruslara qarşı ayağa qalxıb Korqanovla onu müşayiət edən gürcüləri əsir götürüblər və Həsən xan onların dəvətilə dağlarla Alagözdən Göyçəyə keçib. Əsir götürülənlər tezliklə azad olunur və qarapapaqlar sakitləşirlər, Həsən xanın Göyçəyə gəlməsi xəbəri isə doğru deyildi.
Nağı xanın Mehdi xan adlı oğlu vardı.