Nadir Şükür oğlu Orucov

Nadir Şükür oğlu Orucov (19691991) — şəhid.

Nadir Orucov
Şəxsi məlumatlar
Doğum tarixi 1969
Vəfat tarixi 1991
Dəfn yeri

Həyatı[redaktə | mənbəni redaktə et]

Nadir Şükür oğlu Orucov 1969-cu ildə kolxozçu ailəsində anadan olmuşdur. Sadınlar kənd səkkizillik məktəbindən sonra Laçın şəhər peşə məktəbini bitirmişdir. Orduda xidməti borcunu başa vurduqdan sonra doğma kəndinə qayıtmışdı. Ölkəmizin çətin günlərində Laçın rayon polis şöbəsində yaradılmış Xüsusi Təyinatlı Milis Dəstəsinə daxil olmuş, general Məhəmməd Əsədovun rəhbərliyi altında vətənimizin sərhədlərini erməni qəsbkarlarından qorumuşdur. Sadəliyi, gözəl əxlaqı, səmimiliyi ilə yoldaşlarının dərin hörmətini qazanmışdı. Nadir 1991-ci il mayın 17-də erməni və rus əsgərlərinin qurduğu pusquya düşmüş, silahdaşları Polad, Tahir və sürücü Qaçayla birlikdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Məzarı Sadınlar kəndinin yuxarı qəbiristanlığındadır. Məzar erməni qəsbkarları tərəfindən 1992-ci ildə dağıdılmışdır.

Haqqıda hekayə:[redaktə | mənbəni redaktə et]

SON DÖYÜŞ

...Baharın ortaları idi. Yuxarılarda qar əriməyə başlamış, aşağılarda- güney və quzeylərdə yaşıl otlar xeyli qalxmışdı. Meşələrdə, bağlarda ağaclar artıq yarpaqlamış, bəzisi çiçəyini tökmüş, göy meyvələr əmələ gətirmişdi. Bu yerlərin özünəməxsus gözəlliyini öz gözlərinlə görməsən duya bilməzsən. Kəndin əhalisi təsərrüfatla məşğul olur, binəgüzarlığını edirdi. İnsanlar öz işində, təbiət də öz işində idi. Gah yağış yağır, gah külək əsir, gah da açıq səmada Günəş şəfəq saçırdı. Dağlarda bahar öz yerini möhkəmlətməkdə, aranda isə artıq ömrünü başa vurmaqda idi. Mayın 17-si də belə adi günlərdən biri idi. Həmin gün hava yağmursuz, lakin çox tutqun idi. Dağlar narahat adamlar kimi elə bil qaş-qabağını tökmüşdü. Yavaş-yavaş külək əsirdi.Dağlıq Qarabağ hadisələri getdikcə geniş vüsət alırdı. Gah ermənilər azərbaycanlıları sıxışdırıb yaşadıqları yerdən çıxarır, gah da əksinə, azərbaycanlılar bunun əvəzini çıxırdı. Belə kəndlərdən biri də Şuşanın ermənilər yaşayan Qaladərəsi kəndi idi ki, bu kənddə yaşayan ermənilər Suşa–Laçın yoluna çıxır, gəlib-gedən maşınları atəşə tutur, Laçınla Şuşanın əlaqəsini kəsməyə çalışırdılar. Odur ki, Şuşa və Laçın rayonunun polis (milis) şöbələri birgə əməliyyat aparıb Qaladərəsini ermənilərdən təmizlədi. Laçın– Şuşa yolu maneəsiz işləyirdi.Ermənilər (xüsusilə millətçi daşnaklar) müxtəlif yollarla və vasitələrlə Ermənistana qaçırdılar. Pul verib rus əsgərlərini ələ alır, onların yardımı ilə Gorusa getməyə cəhd edirdilər. Bəzən onlar rusların yardımı ilə Dağlıq Qarabağa və əksinə silah ötürürdülər. Belə bir şəraitdə ölkəmizin müstəqilliyini, sərhədlərimizin bütövlüyünü xüsusi təyinatlı polis dəstəsi qoruyurdu. Laçında da belə bir qurum yaradılmışdı. Vətənpərvər oğulların toplaşdığı bu dəstələr Azərbaycan tarixinə igidlik simvolu kimi daxil oldu. O zamanlar OMON (rusca “otryad militseyskiy osoboqo naznaçeniya”- xüsusi təyinatlı milis dəstəsi sözlərinin baş hərfləri) adlandırılan dəstələr ermənilərin gözünü elə qırmışdı ki, OMON adını eşidəndə ermənilər zağ-zağ əsirdilər. Vətən sevgisi, torpağa, elə bağlılıq Nadiri polis şöbəsində işə düzəlməyə vadar etdi. Ata-anası onu bu fikrindən yayındırmaq istəsə də Nadir fikrindən dönmədi. “Vətənin dar günündə onun dadına çatmıramsa, mənim bu vətəndə yaşamağa haqqım yoxdur”-dedi.O başqa cür də düşünə bilməzdi. Çünki onu müəllimləri belə tərbiyə etmişdilər. Rayon polis şöbəsində işə düzələn Nadir təlimlərdə iştirak etdi. Vətəni qorumaq üçün hərbi sirlərə yiyələndi. Hərbi təlim alan Nadir sərhədlərdə yaradılmış postlara göndərildi. Yaxşı yadımdadır, 1990-cı ilin yayı idi. Elat yaylağa qalxmışdı. Yaylaqlar tez-tez erməni quldurlarının hücumuna məruz qaldığından Laçın polisinin rəhbəri Akif Səlimov Nadirə və onun dostları Poladla Tahirə yaylaqlara yaxşı bələd olduğu üçün çobanların təhlükəsizliyini təmin etməyi tapşırmışdı. Nadir və onun dostları Sona bulağı, Qoşanohur, Novlu, Göybulaq yaylaqlarının təhlükəsizliyini təmin edirdilər.

Gözəl bir yay səhəri hava işıqlananda həmişə olduğu kimi torağayların nəğməsini dinləyən Nadir və dostları görürlər ki, bütün yüksəkliklər erməni saqqallıları tərəfindən tutulub. Obanın igid oğlanları Nadirgilin köməyinə gəldilər. Qadınlar və uşaqlar aşağı-kəndə endirildi. Gün çıxanda atışma başlandı. Bizimkilərin silahı üç Kalaşnikov avtomatından, iki vintovka və bir neçə ov tüfəngindən ibarət idi. Atəş məsafələri yaxın olduğundan belə yerdə ov tüfəngləri effekt vermir. Nadir danışırdı ki, Laçından kömək gələnə kimi ermənilərlə atışdıq, onlara yaxınlaşmağa imkan vermədik, ermənilər də bizim patronumuzun tükəndiyini hiss etmişdi. Artıq onlar yavaş-yavaş yaxınlaşırdı. Məqsədləri yəqin ki, bizim döyüşçüləri diri tutmaq idi. Mövqeləri tərk etmək mümkün deyildi. Ermənilər getdikcə yaxınlaşırdı, səsləri aydın eşidilirdi. Demək olar ki, hamıda sonuncu patron qalmışdı. Nə edəcəyimizi kəsdirə bilmirdik. Ermənilər də elə bil başa düşmüşdülər ki, patronumuz tükənib. Onlar yaxınlaşmaqda davam etdiyi vaxt aşağıdan–kənd tərəfdən UAZ göründü. Demək kömək gəlirdi. Bunu görən ermənilər geri çəkilməyə başladılar. Atışma yenidən qızışdı. Quldurlar geri çəkilərkən bir neçəsi yaralandı, biri isə öldürüldü. Dildə danışmaq asandır. Amma ermənilərin o qədər canlı qüvvəsinin qarşısında tab gətirmək üçün insandan böyük cəsarət, ürək və igidlik tələb olunurdu. Erməniləri sərhədimizdən kənarlaşdırdıqdan sonra çobanlar mal-qaranı, qoyun-quzunu, qadınları, uşaqları geri–yurdlara qaytardılar.

Bu Nadir və onun dostlarının keçirdiyi çoxlu döyüşlərdən biri idi. Dağlarda nə qədər döyüş keçirmişdi, nə qədər əldə silah torpaqlarımızın keşiyini çəkmişdi Nadir! Laçının Dağlıq Qarabağla, Ermənistanla həmsərhəd olan dağ zirvələrində Nadir düşmənlə nə qədər üz-üzə gəlmişdi. 21-22 yaşlarında olan bu gənc oğlan xalq arasında da çox böyük nüfuza malik idi. Çox tərbiyəli, nəzakətli, böyüyün-kiçiyin yerini bilən, qanacaqlı bir gənc idi.

...1991-ci il may ayının 17-si adi günlərdən biri idi. Həmin gün kəndə üstü çadırla örtülü olan və rus hərbçilərinə məxsus hərbi maşın gəldi. Kənddə onlar qarşılaşdığı adamlardan rus dilində Ermənistanın sərhədinə çıxan yolu soruşdular. O zamanlar sərhəddə yerləşən kəndlərdə rus hərbçiləri çox olurdu. Odur ki, kənd əhalisi bu hərbçilərə elə də çox fikir vermədi. Camaat heç nədən şübhələnmədən yolu göstərdilər. “Ural” markalı hərbi maşın xeyli köhnə idi. Hərəkət edərkən yavaş-yavaş gedirdi. Azərbaycan–Ermənistan sərhədinə gedən yol kəndin içindən keçib qərbə–İşıqlı səmtə doğru uzanırdı. Çətinliklə, ağır-ağır hərəkət edən maşın kənddən çıxıb üzbəüz dağ yolu ilə sərhədə tərəf yol aldı. Maşında səkkiz rus hərbçisi var idi, onların silah, yaxud digər hərbi sursat aparmasından şübhələnən Nadir və onun dostları Tahir və Polad Məmmədovlar kolxozun sürücüsü Qaçay Allahverənovun idarə etdiyi maşınla kənddən bir kilometr yuxarıda Alçalar deyilən istiqamətdə yerləşən mövqeymizə tərəf qalxdılar. Səngərlərə az qalmış Pənahın yurdu deyilən yer var idi. Qaçayın maşını həmin yerə çatıb səngərlərə tərəf yönəldi (burada yol iki yerə ayrılırdı– biri Güney yolu ilə Ermənistanla sərhədə, digəri isə Arxac yerindən çıxıb Alçalara, ordan da keçib Dik yurd yolu ilə üzüyuxarı yaylaqlara qalxırdı). Kənddən baxanda Arxac yeri çala olduğundan görünmürdü. Qaçayın maşını Arxac yerinə çatanda dayandı. Bir-iki dəqiqə keçdikdən sonra AKS tipli avtomatdan dalbadal üç atəş açıldı, ardınca isə pulemyot gurladı. Güllələr üç istiqamətə– kəndə tərəf, Şirinin meşəsinə tərəf və Meşə başına tərəf yayılırdı. Artıq qaranlıq düşmüşdü, saat doqquza on beş dəqiqə işləyirdi. Kəndin yuxarıda yerləşən evlərindən atışma daha aydın görünürdü. Az keçmədi ki, atışma dayandı və birdən yenə başladı, tez də dayandı. Qaranlıq düşdüyündən daha heç nə görünmürdü.

Hamıya gün kimi aydın idi ki, rus əsgərləri bizimkiləri pusquya salıb. Camaat hadisə yerinə çatanda, rus hərbçilərinin maşını oradan getmişdi. Onlar Nadiri və yoldaşlarını da aparmışdılar. Hərbçilərin maşını sərhədə çatıb, Xoznavar istiqamətinə döndü. Kəndin bütün əhalisi gecəni səhərə qədər yatmadı. Gündüz yavaş əsən külək gecə daha da güclənmişdi. Saat iki radələrində rus hərbçilərinin maşını Xoznavardan Hacılara gələn yolla geri qayıdıb Hacılarda yerləşən rus hərbi hissəsinə döndü.

Kənd əhalisi hadisə yerində Nadiri və yoldaşlarını çox axtardı, lakin onlardan heç bir əsər-əlamət tapmadı. Səhərin açılmasını gözləyən camaat ertəsi gün Nadir və yoldaşlarının rus hərbçiləri tərəfindən vəhşicəsinə qətlə yetirildiyini öyrəndi.

Həyatına həsr edilmiş şer:[redaktə | mənbəni redaktə et]

Mərhum şairimiz Hüseyn Kürdoğlu o zamanlar Nadirin dilindən belə demişdi:

Ölməz əməl qurbanıyam,

Şəhidəm, el qurbanıyam,

Qanımdan qızıl gül bitər

Bülbüləm, gül qurbanıyam,

Ağlama, anam, ağlama,

Yaralı sonam, ağlama!

...

Sadınların üstü meşə

Dik bulağın suyu şüşə

Orda yolumu gözləyir

Boynuburuq mor bənövşə

Ağlama, anam, ağlama,

Yaralı sonam, ağlama!

...

Gözləri tanıdar sənə

Könül verdiyim gözəli.

Şirindir eşqin əzəli

Nə tez töküldü xəzəli?

Ağlama, anam, ağlama,

Yaralı sonam, ağlama!

...

Qara gölün yolu bağlı,

Ayı bağlı, ili bağlı

Qonşumuz yağıya dönüb

Təpəl şaha beli bağlı

Ağlama, anam, ağlama,

Yaralı sonam, ağlama!

...

Qayalarda səsim qalıb,

Güllərdə nəfəsim qalıb

Belini əyməsin atam

Kinli müxənnəsim qalıb

Ağlama, anam, ağlama,

Yaralı sonam, ağlama!

...

Çox da tutmayın yasımı,

Mən almışam qisasımı.

Sıyrılmış el qılıncıyam

Qanla yumuşam pasımı.

Ağlama, anam, ağlama,

Yaralı sonam, ağlama!

İstinad:[redaktə | mənbəni redaktə et]

Zakir Orucov, Fehruz İsmayılov. "Dağlarda qalan izlər" Bakı, “Elm və təhsil”, 2016