Nadir Quliyev (tam adı: Nadir İmamnəzər oğlu Quliyev; 1928, Bakı – iyul 1993, Bakı) — Azərbaycanlı ictimai xadim, Azərbaycan SSR-in xalq deputatı, Lenin ordeni mükafatı laureatı (1979), "Şərəf nişanı" ordeni mükafatı laureatı (1981), "Oktyabr inqilabı" ordeni mükafatı laureatı (1986).
Nadir Quliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1928 |
Doğum yeri | |
Vəfat tarixi | iyul 1993 |
Vəfat yeri | |
Təhsili | Moskva Mühəndis İqtisad Universiteti |
İxtisası | İqtisadiyyat |
Fəaliyyəti | Taxılçılıq Sənayesi, Xalq Deputatı |
nadirquliyev.az/?lang=az |
Nadir İmamnəzər oğlu Quliyev 1928-ci ildə Bakı şəhərində anadan olub[1].
1936-cı ildən 1942-ci ilə qədər Buzovna qəsəbəsində yerləşən 125 nömrəli tam orta məktəbdə, 1945–1948-ci illərdə Bakı Energetika-Maşınqayırma Kollecində təhsil alıb. O, yeniyetmə yaşlarında kolxozda suçu, anbardar, "Buzovnaneft" mədənlərində boruçəkən və sürücü kimi işləyib. Daha sonra 38 nömrəli fəhlə-gənclər məktəbində təhsilini davam etdirib.
1972-ci ildə iqtisadçı ixtisası üzrə Moskva Mühəndis İqtisad İnstitutunu bitirib.
Nadir Quliyev 1948-ci ildən 1953-cü ilə qədər "Buzovnaneft" trestinin Tikinti-Quraşdırılma kontorunda böyük mexanik vəzifəsində çalışıb. O, 1953–1954-cü illərdə Tikinti İdarəsində böyük mexanik vəzifəsini icra edib. O, müxtəlif illərdə sürücü, qaraj müdiri, avtoprofilaktoriyada rəis kimi fəaliyyət göstərib. 1964-cü ildən taxıl məhsullarının qəbulu, saxlanması, emalı və satışı sahəsi ilə məşğul olub. O, 1964–1973-cü illərdə Azərbaycan SSR Tədarük Nazirliyinin Təmir-İstehsalat kombinatının Yumşaq Tara fabrikinin direktoru vəzifəsində çalışıb.
1973-cü ildə yenicə yaradılan Bakı Taxıl Məhsulları Kombinatına direktor təyin olunub.
Nadir Quliyevin rəhbərliyi illərində Bakı Taxıl Məhsulları Kombinatında bir çox yeni istehsalat binaları və qurğuları tikilib, yeni şöbələr yaradılıb, məhsuldarlıq səviyyəsi artırılıb və işçilərin sosial-mədəni həyatının yaxşılaşdırılması istiqamətində işlər görülüb.
O, ictimai-siyasi fəaliyyətlə də məşğul olub. 1990-cı ildə 12-ci çağırış Azərbaycan Respublikasının Xalq deputatı, dalbadal 4 çağırış isə Bakı Şəhər Sovetinin deputatı seçilib.
Nadir Quliyev 1979-cu ildə Lenin ordeni, 1981-ci ildə "Şərəf nişanı" ordeni, 1986-cı ildə isə "Oktyabr inqilabı" ordeni ilə təltif edilib.
Nadir Quliyev 1993-cü ildə Bakı şəhərində vəfat edib.