Nanyanq Texnoloji Universiteti (çin. 南洋理工大学) — Sinqapur Respublikasının Nanyanq şəhərində yerləşən iki ən böyük dövlət ali təhsil müəssisəsindən biri. Universitetin Mühəndislik Kolleci bu sahə üzrə dünyanın ən böyük təhsil ocağıdır.
Nanyanq Texnoloji Universiteti | |
---|---|
1°20′41″ şm. e. 103°40′53″ ş. u. | |
Əsası qoyulub | 1981 |
Tip | Dövlət |
Tələbə sayı | 33478 |
Şəhər | Nanyanq şəhəri |
Ölkə | |
Sayt | ntu.edu.sg |
Vikianbarda əlaqəli mediafayllar |
1955-ci ildə Sinqapurda Nanyanq Universiteti fəaliyyətə başlayır. Bu, Çindən kənarda açılan ilk çindilli ali məktəb olur. Universitet cəmiyyətin bütün təbəqələrindən toplanan vəsait hesabına Sinqapur Hokkien Huay Klan Assosiasiyasının bağışladığı torpaq ərazisində (Yunnan Bağında) tikilir.
1980-ci ildə Nanyanq Universiteti Sinqapur Universitetinə birləşdirilir. 1981-ci ildə Nanyanq Universitetinin yerləşdiyi ərazidə dövlət vəsaiti hesabına üç məktəbdən ibarət Nanyanq Texnologiya İnstitutu yaradılır. İnstitutun yaradılmasında əsas məqsəd Sinqapurun inkişaf edən iqtisadiyyatı üçün yeni mütəxəssislər yetişdirmək olur. Ali məktəbdə dərslər ingilis dilində keçirilir. 1987-ci ildə burada Mühasibatlıq və Biznes Məktəbi (hazırkı Nanyanq Biznes Məktəbi), 1988-ci ildə isə Tətbiqi Elmlər Məktəbi açılır.
1991-ci ildə Milli Təhsil İnstitutunun dəstəyi ilə Texnologiya İnstitutu Nanyanq Texnoloji Universiteti adlandırılır. 1992-ci ildə universitetin Kommunikativ Tədqiqatlar Məktəbi fəaliyyətə başlayır. 1995-ci ildən Nanyanq Texnoloji Universiteti keçmiş Nanyanq Universitetinin şərəfinə Çin dilində olduğu kimi "Nantah" adlandırılır.
2000-ci ildə Tətbiqi Elmlər Məktəbinin adı dəyişdirilərək Hesablama Texnikası və Materialşünaslıq Məktəbi olur. Biologiya Elmləri Məktəbinin açılışı 2001-ci ilə təsadüf edir. Kommunikativ Tədqiqatlar Məktəbi 2002-ci ildə Kommunikasiya və İnformasiya Məktəbi adlandırılır. 2003-cü ildə universitetdə TexnoPlaza elmi-tədqiqat mərkəzinin tikintisi başa çatdırılır, bir il sonra isə Humanitar və Sosial Elmlər Məktəbi yaradılır.
2005-ci ildə Nanyanq Texnoloji Universitetinin və keçmiş Nanyanq Universitetinin məzunları bir yerə toplaşaraq 50 illik yubiley mərasimini qeyd edirlər. Həmin il ali məktəbdə İncəsənət, Dizayn və KİV, Fizika-Riyaziyyat Elmləri məktəbləri fəaliyyətə başlayır. Pekin və Şanxay şəhərlərində universitetin filialları açılır. 2006-cı ildə universitetin Beynəlxalq Tədqiqatlar Məktəbi, daha sonra isə Nanyanq Ətraf Mühit və Su Tədqiqat İnstitutu yaradılır. Cakarta, Mumbay, Şanxay, Pekin və Şandun ərazilərində universitetin Məzunlar Assosiasiyası açılır. 2009-cu ildə universitetin Biznes Məktəbinin MBA proqramı dünya üzrə 24-cü yerə layiq görülür. Həmin ildə İncəsənət, Dizayn və KİV Məktəbinin yeni binası istifadəyə verilir. 2010-cu ildən Nanyanq Texnoloji Universiteti Münhen Texniki Universiteti ilə əməkdaşlığa başlayıb və bu universitetlər birgə elektromobil istehsalı üzrə tədqiqatlar aparırlar.
Nanyanq Texnoloji Universitetinin kampusu Nanyanq şəhərində 200 hektar ərazini əhatə edir və Yunnan Bağı adlanır. Kampusun tikintisinə 1986-cı ildə Nanyanq Universiteti fəaliyyət göstərən zaman memar Kenzo Tangenin rəhbərliyi altında başlanılıb. Universitetin kampusu qeyri-adi tərzdə tikilmiş binaları və yaşıllığı ilə seçilir. Yüzlərlə bitki, xüsusilə çiçək növlərinin yetişdirildiyi, rəngarəng canlıların yaşadığı bu şəhərciyi "Yaşıl kampus" da adlandırırlar. Kampusda özünəməxsus memarlıq üslubu ilə diqqəti cəlb edən tikililərdən qazonla örtülmüş dam örtüyünə malik İncəsənət, Dizayn və Media, N4 Kompüter Mühəndisliyi, Biologiya elmləri, Fizika və Riyaziyyat məktəblərinin, mərkəzi Eyri həyətində yerləşən dördmərtəbəli SCI, Nanyanq İcraedici Mərkəzinin, Nanyanq Auditoriyasının binalarını, şam ağaclarından ibarət olan Yunnan Bağı pavilyonunu, Cənubi və Şimali Onurğa Sütunu oranjereyalarını, sıx ağaclar arasında, təpələrin ətəyində və çay sahilində yerləşən tələbə və müəllim yataqxanalarını, yaşıllıq və çay daşları ilə bəzədilmiş süni şəlaləni xüsusi qeyd etmək yerinə düşər.
Nanyanq Texnoloji Universitetində dəqiq elmlər, texnika, biznes, humanitar elmlər və incəsənət, həyat elmləri sahələrini əhatə edən geniş çeşidli bakalavr, magistr və doktorluq proqramları təklif edilir. Universitetdə 4 kollec və 12 məktəb fəaliyyət göstərir.
Nanyanq Biznes Kolleci Avropa Yüksək Keyfiyyət Sistemi (EQUIS) və Universitet Biznes Məktəblərinin İnkişafı Assosiasiyası tərəfindən akkreditasiyaya alınmış və Sinqapurda yeganə, Asiyada isə 3 biznes məktəbindən biridir. Kollec MBA üzrə 100-dən çox proqram təklif edir. Kollecdə Biznes məktəbi, Mühasibatlıq, Bank işi və maliyyə, Biznes hüququ, İnformasiya texnologiyaları və əməliyyatların idarəolunması, Strategiya, Menecment və təşkilatçılıq, Marketinq və beynəlxalq biznes departamentləri fəaliyyət göstərir.
Mühəndislik Kolleci texnologiya və innovasiyalara əsaslanan 6 məktəbdən ibarətdir:
Sinqapurda yalnız bu kollecdə mühəndislik elmləri üzrə aerokosmik proqramlar tədris olunur. Kollec Corciya Texnologiya İnstitutu ilə əməkdaşlıq edir və iki kompleks proqram təklif edir.
Humanitar, İncəsənət və Sosial Elmlər Kolleci Asiyanın nüfuzlu jurnalistika və media ali məktəbidir. Kollecdə İncəsənət, Dizayn və Media, Humanitar və Sosial Elmlər, Vi Kim Vi Kommunikasiya və İnformasiya məktəbləri mövcuddur. Kollecin yeddi elmi-tədqiqat mərkəzində iqtisadiyyat, humanitar və sosial elmlər, Çin dili və mədəniyyəti, rəqəmsal yaradıcılıq, KİV və kommunikasiya sahələri üzrə tədqiqatlar aparılır.
Dəqiq Elmlər Kolleci fizika, riyaziyyat, kimya, biologiya, həyat elmləri və s. üzrə təhsil proqramları təklif edir. Kollecdə Biologiya Elmləri, Fizika və Riyaziyyat Elmləri məktəbləri fəaliyyət göstərir. Biologiya Elmləri Məktəbi "Şərqin Qərblə qarşılaşması" proqramını həyata keçirir. Bu məktəb ənənəvi Çin təbabəti və müasir tibbi birləşdirərək tibbi-bioloji tədqiqatlar aparır. Fizika və Riyaziyyat Elmləri Məktəbi ayrıca fizika və riyaziyyat elmləri üzrə təhsil verir, bu sahələr üzrə tədqiqatlar həyata keçirir.
Kolleclər və onların nəzdində fəaliyyət göstərən məktəblərlə yanaşı, Nanyanq Texnoloji Universitetində müəllim hazırlayan Milli Təhsil İnstitutu, C.Racaratnam Beynəlxalq Tədqiqatlar Məktəbi (məktəbin Müdafiə və Strateji Tədqiqatlar İnstitutu dünyada terrorizmlə mübarizə yollarının axtarılması üzrə tanınıb), zəlzələ, sunami, vulkan püskürməsi, daşqınlar, iqlim dəyişməsi və digər ekoloji təhlükələrin qarşısının alınması üzrə tədqiqatlar aparan Yer Kürəsi Rəsədxanası, su təchizatı və ekoloji sabitlik üzrə problemlərin həlli ilə məşğul olan Ekoloji Həyat Elmləri Mühəndisliyi Mərkəzi fəaliyyət göstərir. Onu da qeyd edək ki, universitetin Yer Kürəsi Rəsədxanasına görkəmli geoloq, Kaliforniya Texnologiya İnstitutunun professoru Kerri Sieh rəhbərlik edir.
Nanyanq Texnoloji Universitetinin kitabxana sistemi müxtəlif təhsil ehtiyacları və maraqlarına cavab verən zəngin kolleksiyaya malikdir. Universitet kitabxanası İncəsənət, dizayn və media, Humanitar və sosial elmlər, Biznes, Çin, Li Vi Nam, Van Qunqvu kitabxanaları, Asiya Kommunikasiya Resurs Mərkəzi bölmələrindən ibarətdir. Kitabxanada 1 milyona yaxın kitab var və hər il bu rəqəmin üzərinə daha 40000 cild əlavə olunur. Universitetin tələbə və müəllimləri istənilən vaxt kitabxanadan 40-dək kitab götürə bilərlər. Kitabxanada 26000-dən çox audio-vizual material, 36000 elektron jurnal, 130 verilənlər bazası və s. mövcuddur. Bu elektron resurslardan tələbələr evdə, yataqxanada, başqa ölkələrdə olarkən də istifadə edə bilərlər. Universitet kitabxanasının saytına daxil olaraq və şifrəni yığaraq kitabxananın elektron resurslarına çıxış əldə etmək mümkündür. Kitabxananın rəqəmsal bazasında tələbələrin dissertasiyaları və imtahan işlərinin bütöv mətni yerləşdirilib. Həmin resursları əldə etmək üçün saytda kitabxana kataloqunu tapmaq lazımdır.
Nanyanq Texnoloji Universitetinin kansleri Sinqapurun hazırkı 6-cı prezidenti Sellapan Ramanatan Natan, prezidenti isə professor Su Quaninqdir. Universitetin əməkdaşlarının ümumi sayı 5761 nəfərdir. Əməkdaşların 1667 nəfərini müəllim-professor, 1621 nəfərini tədqiqatçı, 775 nəfərini idarəetmə, 1698 nəfərini isə əlavə işçilər təşkil edir.
Bu ali məktəbdə 33478 nəfər tələbə təhsil alır. Tələbələrin 23481 nəfəri bakalavr, 9997 nəfəri isə magistr və doktorantlardır. Universitetdə oxuyan əcnəbi tələbələrin ümumi sayı 8212 nəfərdir.
Nanyanq Texnoloji Universiteti tələbələrinə geniş çeşidli yataqxanalar təklif edir. Bakalavrların məskunlaşması üçün universitetdə 16 yataqxana (Holl 1, Holl 2..., Holl 16) mövcuddur. Bu yataqxanalarda 10000-ə yaxın tələbə yerləşə bilər. Lüks nömrələrə malik yataqxananın otaqları, əsasən bir və iki nəfər üçün nəzərdə tutulub. Otaqlar çarpayı, yorğan-döşək, masa və stullar, paltar şkafı, kitab rəfləri, jalüz və ya pərdə, ventilyasiya sistemi və s. ilə təchiz edilib. Otaqların aylıq qiymətləri bir və ya iki nəfərlik olmasından asılı olaraq 165-245 Sinqapur dolları, semestr müddətində isə 825-1450 Sinqapur dolları arasında dəyişir. İşıq, su, qaz pulu bu məbləğə daxil edilir. Tələbələr semestr ərzində soyuducudan istifadə etmək üçün əlavə olaraq 80, kondisioner üçün isə 90 Sinqapur dolları ödəməlidirlər. Yataqxanalarda yerləşdirmə apararkən daha çox yeni qəbul olunmuş tələbələrə üstünlük verilir. Hər bir yeni tələbəyə yataqxanada otaqla təmin olunmasına zəmanət verilir. 9, 11 və 15 nömrəli yataqxanalarda əlil tələbələr üçün xüsusi otaqlar, liftlər, vanna otaqları və digər şərait yaradılıb.
Magistr və doktorantların yataqxanalarda məskunlaşdırılması tələbata uyğun olaraq mövsümi xarakter daşıyır. Onlar üçün universitetdə iki yataqxana kompleksi - Qredyueyt Holl və Nanyanq Vadisi mövcuddur. Tələbə sıxlığı olduğundan, bu yataqxanalarda yalnız əyani təhsil alan magistr və doktorantlar, eləcə də tədqiqatçı tələbələrin qalmasına icazə verilir. Qiyabi və uşaqlı tələbələr kampusdan kənarda Qərbi və Şərqi Curonq ərazilərindəki özəl yataqxanalarda və ya xüsusi evlərdə kirayə yaşayırlar. Yataqxanalarda qalmaq tələbələrə unikal təcrübə bəxş edir və onların tələbə həyatlarını zənginləşdirir.
Universitetin kampusunda tələbə və müəllimlərə dünyanın bir çox mətbəxlərini təqdim edən restoran, kafe və yeməkxanalar mövcuddur. Eyni zamanda kampus ərazisində kitab və kompüter mağazaları, bank ofisləri və bankomatlar, supermarketlər, poçt, təhlükəsizlik xidmətləri, tibbi və stomatoloji klinikalar, idman kompleksləri yerləşir. Tələbə həyatına rəngarənglik qatmaq məqsədi ilə Nanyanq Texnoloji Universitetində geniş mədəni tədbir və sərgilər, yarışlar, muzeylərə, ölkənin tarixi və səfalı yerlərinə ekskursiyalar təşkil olunur. Universitetdə onlarla tələbə təşkilatları, klublar, cəmiyyətlər fəaliyyət göstərir. Belə bir mühit müxtəlif mədəniyyətlərin bir araya gələrək daha yaxından öyrənilməsinə səbəb olur.
Nanyanq Texnoloji Universiteti müxtəlif fənlər vasitəsi ilə keyfiyyətli təhsil verərək sahibkar liderlər yetişdirmək məqsədini daşıyır. Universitet multi-mədəni elmi-tədqiqat mərkəzi olaraq, dünyanın ən aparıcı dövlətləri ilə əməkdaşlıq edir. Ali məktəbin tələbələri ABŞ, Çin, Vyetnam, Hindistan və Avropanın bir çox ölkələrində beynəlxalq təcrübə qazanırlar. Bu gün universitetin məzunları arasında 11 Nobel mükafatı laureatı var və onlar dünyanın müxtəlif elmi-tədqiqat mərkəzlərində çalışaraq yeni-yeni kəşflərə imza atırlar.
Nanyanq Texnoloji Universiteti Cənub-Şərqi Asiya Ali Təhsil Müəssisələri Assosiasiyasının, ASEAN Universitet Şəbəkəsinin üzvüdür.
2009-2010-cu tədris ilində Nanyanq Texnoloji Universitetinin illik gəlirləri 407472000 Sinqapur dolları olub. Bu məbləğin 201313000-ni təhsil haqqı və digər yığımlar, 161364000-ni tədqiqat qrantları, 2428000-ni faiz gəlirləri, qalanlarını isə digər gəlirlər təşkil edib. Həmin tədris ilində ali məktəbin illik xərcləri 927151000 Sinqapur dolları olub. Vəsaitin 534440000-ni əməkdaşların əməkhaqqı və mükafatlar, 108455000-ni tədris-tədqiqat, 59490000-ni administrasiya, 59419000-ni texniki xidmət, 7059000-ni isə amortizasiya xərcləri təşkil edib.
Nanyanq Texnoloji Universitetində təhsil haqqı subsidiya verilən (təhsil qrantı alan) və verilməyən tələbələr üçün fərqlidir. Belə ki, 2010-2011-ci tədris ilində bütün proqramlar üzrə təhsil haqqı subsidiya alan sinqapurlu tələbələr üçün 6890, almayanlar üçün isə 8270 Sinqapur dolları, subsidiya alan əcnəbi tələbələr üçün 11030, almayanlar üçün isə 25230 Sinqapur dolları təşkil edir. Tələbələrə verilən subsidiyaların məbləği ildə 19000, incəsənət, dizayn və media, kommunikasiya elmləri, mühəndislik, dəqiq elmlər, idman elmləri üzrə isə 26400 Sinqapur dollarıdır. Eyni zamanda bu universitetdə tələbələrə müxtəlif məbləğli maliyyə yardımı, qrantlar təklif olunur.
Nanyanq Texnoloji Universitetində təhsil alan tələbələr üçün ali məktəb tərəfindən verilən NTU, MOE, həmçinin özəl şəxslər və təşkilatlar tərəfindən təqdim olunan təqaüdlər mövcuddur. Həmin təqaüdlər əyani təhsil alan, bacarıqlı, ailə büdcəsi 1700 Sinqapur dollarına bərabər və ya bu məbləğdən aşağı olan tələbələrə verilir. Təqaüdlərin məbləği ayda ən azı 800 Sinqapur dollarıdır və tələbələrin nailiyyətlərinə uyğun olaraq artır. Bu ali məktəbdə tələbə təqaüd almaq üçün universitetə ərizə ilə müraciət etməlidir.
2011-2012-ci tədris ilinin yekununa əsasən Nanyanq Texnoloji Universiteti QS World University Rankings[2] tərəfindən tərtib edilmiş "Dünyanın 50 gənc universitetinin reytinq cədvəli"ndə 4-cü pillədə olmuşdur.[3]
2021/2022 | 2020/2021 | 2019/2020 | 2018/2019 | 2017/2018 | 2016/2017 | 2015/16[5] | 2014/15[6] | 2013/14[7] | 2012/13[8] | 2011/12[9] | 2010/11[10] |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
12 | 13 | 11 | 12 | 11 | 13 | 13 | 39 | 41 | 47 | 58 | 74 |
Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar: