Bu səhifə və ya bölmənin müəlliflik hüququ pozuntusu olduğu güman edilir. Məzmun böyük ehtimalla heç bir dəyişiklik edilmədən İ. Hacıyev, B. İsmayılov. Naxçıvan Muxtar Respublikası — 90 (Quruculuq salnaməsi). Naxçıvan — 2014. 184 səh. kopyalanıb.
Əgər bunun belə olmadığını düşünürsünüzsə, müzakirə səhifəsində öz fikrinizi bildirin. Əgər müəllif sizsinizsə, lütfən mətndən istifadə etmək üçün icazə alın. Pozuntunun aşkar edildiyi tarix: 1 may 2024. Məqalənin müəllifinə: Müəlliflik hüquqları |
Sovetlər Birliyinin yarandığı ilk dövrlərində Naxçıvan Muxtar Respublikasında iqtisadi islahatların başlıca istiqamətini kollektivləşmə, əsaslı təsərrüfatçılıq və sənaye potensialının dirçəlişinə yönəlmiş tədbirlər təşkil edirdi.
Naxçıvanda da sənaye istehsalının nisbətən yeni texniki baza üzərində qurulmasına səy göstərilirdi. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində həmin illərdə Ordubad rayonunda konserv zavodu və yeni tipli ipəkçilik fabriki tikilmiş, Şərur rayonunda pambıq zavodu bərpa olunmuş, Naxçıvan şəhərində yeni pambıq zavodu tikilmiş, şərabçılıq müəssisəsi bərpa olunmuşdur. Tarixi inkişafın gedişini əks etdirən sosial-iqtisadi xarakterli materialların, sənədlərin təhlili göstərir ki, sonrakı dövrlərdə Naxçıvan iqtisadiyyatına real vəziyyətdən irəli gələn diqqət göstərilməmiş, müxtəlif dövrlərdə onun qarşısında duran vəzifələrin yerinə yetirilməsinə respublika üzrə icra templərindən gec başlanılmışdır. Azərbaycanda sənayeləşdirmə və birinci beşillik planın vəzifələrinin yerinə yetirildiyi vaxtda muxtar respublikada sənayenin qismən yeni texniki baza üzərində bərpası işləri həyata keçirilirdi. Tarixi mənbələr göstərir ki, muxtar respublikada dağılmış sənayenin ilkin bərpası duz mədəni üzrə 1924–1926-cı, ipəkçilik üzrə 1924–1927-ci, konserv istehsalı üzrə 1925–1927-ci, şərabçılıq üzrə 1926–1927-ci illərdən başlayaraq həyata keçirilmişdir. Sosialist inqilabı ərəfəsində Naxçıvan ərazisində olan sənaye müəssisələri yüngül və yeyinti sənayesi sahələrinə aid olmaqla, əsasən, kiçik kustar xarakteri daşıyırdı. İnqilabdan sonrakı dövrdə aparılan bir sıra yenidənqurma işlərinə baxmayaraq, birinci beşilliyin axırlarında muxtar respublikada hələ də tam gücü ilə işləməyən, texniki bazası zəif olan xeyli sayda kooperativləşdirilməyən xırda müəssisələr vardı. 1930-cu ildə bütün sənayedə işləyənlərin 43,2 faizi, 1932-ci ildə isə 50 faizi fabrik-zavod sənayesinin payına düşürdü. Beləliklə, hələ birinci beşilliyin axırlarında sənaye istehsalının iri fabrik-zavod müəssisələri hesabına təşkili başa çatmamışdı. Şübhəsiz ki, bu proses sonrakı beşillikdə də xeyli vaxt və vəsait tələb etməklə sənayenin ümumi inkişafını və sahə quruluşunun təkmilləşdirilməsi imkanlarını məhdudlaşdırmışdı.1933–1937-ci illərdə Naxçıvanda yağ və pendir zavodları, mərmər və mebel fabrikləri tikilib istifadəyə verildi. Badamlı mineral su doldurma zavodunun tikintisinə başlanıldı. Ordubad baramaaçma fabriki yenidən quruldu. Qarabağlar və Xok kəndlərində muxtar respublikada ilk dəfə olaraq kənd elektrik stansiyaları tikildi. 1940-cı ilə nisbətən 1950-ci ildə muxtar respublikada sənaye məhsulu istehsalı 44 faiz artmışdır. Yeni sənaye müəssisələri Naxçıvan və Ordubad şəhərləri ilə yanaşı, Şərur, Şahbuz və Culfa rayonlarında da tikilirdi. 1951–1955-ci illərdə Şərur rayonunda elektrik şəbəkəsi, Ordubad rayonunda Parağaçay, Şərur rayonunda Gümüşlü dağ-mədən sənaye müəssisələri, Naxçıvan şəhərində çörək zavodu, ət kombinatı, Şahbuz rayonunda Badamlı mineral su doldurma zavodu tikilib işə salındı. Nəticədə, sənayenin yeni sahələri, o cümlədən mineral sular, ət, süd, çörək-bulka, əlvan metal istehsalı sahələri meydana gəldi və bu sahələr hesabına sənaye məhsulu istehsalı 1951–1955-ci illərdə 87 faiz artdı.1956–1965-ci illərdə tikilən elektrotexnika zavodu, tikinti sənaye müəssisələri, tütün fermentasiya zavodu və Sirab mineral su zavodu muxtar respublika iqtisadiyyatının inkişafında böyük rol oynadı. Bunlarla yanaşı, Naxçıvanda dəmir-beton məmulatları zavodunun tikintisinə, Naxçıvan duz mədəninin texniki cəhətdən yenidən qurulmasına başlanıldı. Artıq 1965-ci ildə sənaye sahəsində 40 adda məhsul buraxılırdı. Bu dövr ərzində muxtar respublikanın elektrikləşdirilməsi istiqamətində mühüm addımlar atılmış, Naxçıvana Mingəçevir Su Elektrik Stansiyasından enerji verilməsinə başlanılmışdır. Xam ipək istehsalı həmin dövrdə 40 tona çatdırılmışdır. 1964-cü ildə yaradılmasının 40 illiyi və əldə etdiyi nailiyyətlərə görə Naxçıvan Muxtar Respublikasına Lenin ordeni verilmişdir.
Naxçıvan iqtisadiyyatının 1956–1965-ci illərdəki inkişafı çox iddiyyətli, natamam xarakter daşımışdır. Belə ki, həmin illərdə sənaye sahəsində bir sıra irəliləyiş baş versə də, kənd təsərrüfatının daha da inkişaf etdirilməsi vaxtında və lazımi səviyyədə yerinə yetirilmədi. Başlıcası isə 1956–1965-ci illərdə kənd təsərrüfatı xammalı emal edən və bu əsasda inkişafına böyük imkanlar olan ənənəvi sənaye sahələrinə diqqət olduqca zəifləmişdi. Nəticədə, 1954-cü ildən başlayaraq sənayedə durğunluq və tənəzzül yarandı. 1956–1959-cu illərdə sənayedə məhsul istehsalının həcmi mütəmadi olaraq azalmış, 1958-ci ildə 1955-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 91 faiz, 1959-cu ildə 99,2 faiz olmuşdur. Ümumiyyətlə, sənaye məhsulu istehsalının həcmi 1956–1960-cı illərdə cəmi 6 faiz, 1961–1965-ci illərdə 8 faiz artmışdır. İnkişafı kənd təsərrüfatının vəziyyətindən asılı olan yüngül, yeyinti sənaye sahələri, inkişafına böyük imkanlar olan tikinti materialları istehsalı sahələri həmin illərdə durğunluq dövrü keçirirdi. 1960-cı illə müqayisədə 1965-ci ildə meşə, ağac emalı və kağız-sellüloz sənayesi məhsulunun həcmi 92 faiz, tikinti materialları sənayesi məhsulunun həcmi 95 faiz təşkil etmişdir. Yüngül sənayedə məhsul istehsalının həcmi cəmi 14 faiz, yeyinti sənayesində isə 5 faiz artmışdı. Naxçıvanın ənənəvi kənd təsərrüfatı sahələri və onun xammalını emal edən sənaye açıq-aşkar tənəzzülə uğrayırdı. Ümumiyyətlə, 1960-cı illərin ikinci yarısınadək təqribən 40 il ərzində Naxçıvanın iqtisadiyyatı Azərbaycanın bir çox başqa ərazilərinə nisbətən aşağı səviyyədə olmuş, sənaye məhsulunun artım sürətinə görə o həm də keçmiş SSRİ-də olan muxtar qurumlar arasında axırıncı yerlərdən birini tutmuşdu.
1960-cı illərin əvvəllərində SSRİ Dövlət Plan Komitəsinin xalq təsərrüfatının inkişafına dair hazırladığı arayışda, eləcə də SSRİ Ali Sovetinin yenə həmin vaxt apardığı təhlillərdə Qafqazın və Orta Asiyanın muxtar vilayətləri və muxtar respublikaları arasında əhalinin hər bir nəfərinə düşən sənaye məhsulunun həcminə görə Naxçıvan Muxtar Respublikasının axırıncı yerlərdə olduğu qeyd olunmuşdur.
Muxtar respublika iqtisadiyyatının həmin dövrdə ümumi inkişafdan xeyli geri qalmasının bir səbəbi rəhbərliyin təşəbbüskarlıqdan uzaq xarakterli idarəetməyə üstünlük verməsi və mərkəzi direktivlərdən asılı mövqeyi idisə, digər bir səbəbi erməni millətçilərinin törətdiyi fitnəkarlıqlardan ibarət idi. Duz istehsalının yüksək səviyyəli inkişafını təmin etmək üçün Naxçıvanda olan böyük duz mədənlərində hasilatın genişləndirilməsi istəyinin də qarşısı ermənilər tərəfindən alınmışdır. Buna alternativ kimi həmin illərdə SSRİ Dövlət Plan Komitəsində işləyən ermənilərin dəstəyi ilə Ermənistanın Avan adlı çox cüzi ehtiyatlara malik duz yataqlarından istifadə məsələsi ortaya atılmış, Naxçıvan duzunun guya çox baha başa gəldiyi "əsaslandırılmışdır". Azərbaycan isə öz kimya sənayesini inkişaf etdirmək üçün baha qiymətə başqa yerlərdən duz gətirməyə məcbur olmuşdur.
Sovet hakimiyyəti inqilabdan əvvəl ölkənin bütün torpaq fondunun 92,1 faizinə sahiblik edən xanlardan, bəylərdən və həmçinin dövlət və dini idarələrdən torpaqları müsadirə edib, 20 mindən artıq yoxsul kəndli təsərrüfatları arasında payladı. Həmin islahat nəticəsində 10344 torpaqsız kəndli torpağa malik oldu. Beləliklə, muxtar respublikanın bütün torpaq fondunun 75 faizi əhalinin ən geniş təbəqəsini təşkil edən yoxsul kəndli təsərrüfatlarına verildi. Qalan 25 faiz torpaqlar isə dövlət fondunda qaldı ki, bunlardan da kəndlilər yay və qış otlaqları kimi istifadə etməyə başladılar.
1924-cü il fevralın 9-da Naxçıvan MSSR yaradılaraq Azərbaycan SSR-in tərkibinə daxil edildikdən sonra ilk növbədə xalq təsərrüfatının əsas sahəsi olan kənd təsərrüfatının geniş inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilməyə başlanılmış, dövlətin vəsaiti və köməyi ilə dağıdılmış suvarma kanalları bərpa edilmişdir.
1924-cü ildə muxtar respublikada əkin sahələrinin altında bütün təsərrüfat kateqoriyaları üzrə 45 min hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi olmuşdur. 1925-ci ildə 36275 hektar əkin sahəsinin 19770 hektarı buğda, 7675 hektarı arpa, 7583 hektarı pambıq, 365 hektarı çəltik, 78 hektarı bostan, 804 hektarı isə digər əkinlərin payına düşmüşdür. 1926-cı ildə əkin sahəsi 5339 hektar artaraq 41614 hektar olmuşdur ki, bu artım buğda əkinlərində 830 hektar, pambıq əkinlərində 789 hektar, bostan əkinlərində 1765 hektar, çəltik əkinlərində isə 7 hektar olmuşdur.
1930-cu illərdə kollektiv təsərrüfatların (kolxozların) yaradılması, kənd təsərrüfatının yeni formada idarə olunması bu sahənin inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur.
1940-cı illə müqayisədə 1945-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artmışdır. Bu artım buğda istehsalında 19433,4 ton, arpa istehsalında 7460 ton, paxlalı bitkilər istehsalında 3040 ton, çəltik istehsalında 2363 ton, darı istehsalında 1058 ton olmuşdur. 1924-cü illə müqayisədə buğdanın əkin sahəsi 7601 hektar, arpa əkini sahəsi 2832 hektar, pambıq əkini sahəsi 1867 hektar artmışdır. Bu dövrdə yeni bitkilər əkin dövriyyəsinə daxil edilmişdir. Belə ki, 950 hektar sahədə paxlalı bitkilər, 149 hektarda isə darı əkini aparılmışdır.
1940-cı illərdə pambıq istehsalına maraq artdığından əkin sahəsi 9450 hektara çatmış, məhsul istehsalı 5805 ton, məhsuldarlıq 6,1 sentner olmuşdur. 1941–1945-ci illərdə pambıq əkini sahəsi azalaraq 4656 hektar olsa da, məhsuldarlıq 6,1 sentnerdən 15 sentnerə yüksəlmiş və məhsul istehsalı 6996 tona çatmışdır. Pambıqdan hazırlanan məhsullara tələbat artdığından sonrakı illərdə də əkin sahəsində və məhsul istehsalında artım templəri davam etmişdir. Belə ki, 1951–1955-ci illərdə pambığın əkin sahəsi 1945-ci ilə nisbətən iki dəfə artaraq 9278 hektara çatmış, məhsul istehsalı isə 2,7 dəfə artmaqla, 19069 ton olmuşdur. Orta hesabla məhsuldarlıq hektara 20,5 sentner olmuşdur ki, bu da 1941-ci illə müqayisədə 1,4 dəfə və ya 5,5 sentner çoxdur.
1954-cü ilin dekabrında 1955–1960-cı illərdə Naxçıvanda kənd təsərrüfatının daha da inkişaf etdirilməsi haqqında Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Soveti və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən xüsusi qərar qəbul edildi. Bu qərar muxtar respublikanın mürəkkəb iqtisadi inkişaf problemləri qarşısında tam əhatəli olmasa da, hər halda onun məhsuldar qüvvələrinin inkişafında xeyli imkanlara malik olan suvarma əkinçiliyinin, bu əsasda kənd təsərrüfatı məhsulları emalı sahələrinin genişlənməsinə müəyyən təkan verməli idi. Həmin qərar əsasında bir neçə su anbarının və başqa əhəmiyyətli suvarma obyektlərinin tikilməsi nəzərdə tutulurdu ki, bu da iqtisadiyyatın bir qədər canlanmasına səbəb olmalı idi. 1956-cı ildə istismara verilən Yuxarı Sovxoz kanalı əsrlərdən bəri istifadəsiz qalan min hektardan çox yeni münbit sahələrin əkilməsinə şərait yaratdı.
Kənd təsərrüfatının ümumi məhsulu, min manat
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
Həmin illərin əkin strukturunda ərzaq bitkiləri üstünlük təşkil etsə də, sənaye əhəmiyyətli texniki bitkilərin əkilməsinə də üstünlük verilmişdir. Belə ki, 1940-cı ildə muxtar respublikada tütünün əkin sahəsi 500 hektar olduğu halda, 1961–1965-ci illərdə bu göstərici 958 hektara yüksəlmişdir. Məhsul istehsalı 1940-cı ildə 450 ton, 1950-ci ildə 542,1 ton, 1960-cı ildə 1185,5 ton, 1965-ci ildə 1458,2 ton olmuşdur. Məhsuldarlıq 1940-cı ilə nisbətən 1945-ci ildə 62,2 faiz, 1950-ci ildə 150 faiz, 1955-ci ildə 2,2 dəfə, 1960–1965-ci illərdə isə 170 faiz artmışdır. 1965-ci ildə Naxçıvan MSSR-də kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 27385 hektar olmuşdur. Ümumi əkin sahəsinin 60,5 faizini, yəni 16577 hektarını dənli-paxlalılar, 17,6 faizini, yəni 4812 hektarını pambıq, 4,2 faizini, yəni 1154 hektarını tütün, 1,4 faizini, yəni 377,4 hektarını bostan və tərəvəz, 16,3 faizini, yəni 4464,6 hektarını isə yem bitkiləri əkini sahəsi təşkil etmişdir.
Kənd təsərrüfatının inkişaf etdirilməsində mövcud kənd təsərrüfatı texnikalarının böyük rolu olmuşdur. Belə ki, 1964-cü ildə Naxçıvan MSSR-də kolxozlarda olan 570 ədəd traktorlardan 287 ədədi tırtıllı, 283 ədədi isə təkərli traktorlar olmuşdur. Bundan başqa, taxılbiçən kombaynlar 154 ədəd, yük avtomobilləri 316 ədəd olmuşdur. Bu texnikaların kənd təsərrüfatı işlərinin aqrotexniki qaydaya uyğun vaxtında və keyfiyyətlə aparılmasında, eyni zamanda məhsuldarlığın yüksəldilməsində müstəsna əhəmiyyəti olmuşdur.
Sovetlər Birliyi dövründə də muxtar respublika iqtisadiyyatının əsasını kənd təsərrüfatı sahəsi təşkil etdiyindən meliorasiya və su təsərrüfatı sahəsinin inkişafı həmişə ön planda olmuşdur. Lakin 60-cı illərə qədər bu sahənin inkişaf tempi tələb olunan səviyyədə olmamışdır. Muxtar respublikanın əsas su mənbələri olanAraz, Arpaçay, Naxçıvançay, Əlincəçay və Gilançay kimi çayların potensialından lazımınca istifadə olunmamış, hidrotexniki qurğuların tikintisi prosesinin ləng aparılması kənd əməkçilərini daima su çatışmazlığı ilə üzləşdirmişdir. 1951–55-ci illərdə Batabat 0–1–2 göllərinin istifadəyə verilməsi irriqasiya sahəsində əlamətdar bir hadisə olsa da, bu göllərdə yığılan su tələbatı ödəmirdi. 1961–1966-cı illərdəUzunoba, Nehrəm, Qahab göllərinin və bundan sonra da bir sıra kiçik sututarlarının tikintisi başa çatdırıldı. Lakin buna baxmayaraq, yenə də suvarma suyuna olan tələbat ödənilmirdi.
Həmin dövrdə ermənilərin Naxçıvan iqtisadiyyatına vurduğu ən böyük zərbələrdən biri də Arpaçayın suyunun Göyçə gölünə axıdılması oldu ki, bu da əsas kənd təsərrüfatı məhsulları istehsalının mərkəzi olan Şərur rayonunda kəskin su qıtlığı yaratdı.
Rabitənin inkişafı istiqamətində 1920-ci ildə Naxçıvan Rabitə Şəbəkəsinin yaradılması haqqında layihə təsdiq edilmiş və rabitə stansiyasının mərkəzi Naxçıvan şəhərində olmaqla, Şahtaxtı, Culfa, Yaycı və Ordubadda rabitə məntəqələrinin açılması qərara alınmışdır.
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Soveti tərəfindən 1926-cı il 17 mart tarixli "Naxçıvan MSSR-nin telefonlaşdırılması haqqında" qərar qəbuledilmiş və həmin qərara əsasən, ilk növbədə, Naxçıvan-Qıvraq-Baş Noraşen və Naxçıvan-Cəhri-Şahbuz-Biçənək xətti, ikincinövbədə isə Naxçıvan-Culfa-Ordubad-Parağa xəttinin çəkilməsi nəzərdə tutulmuşdur.
1929-cu ildə Naxçıvan MSSR üzrə təkcə Naxçıvan şəhərində 42 nöqtədə radio qovşağı mövcud idisə, 1932–1933-cü illərdə bu göstərici 80-ə çatdırılmış, Ordubadda, Culfada, Şərur və Şahbuzda 30 yerdə radio qovşağı quraşdırılmışdır. 1932–1934-cü illərdə Culfada, Əbrəqunusda və Şahbuzda radio qovşağı tikilərək istifadəyə verilmişdir. 1932-ci il aprelin 1-də Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvan Radio Verilişləri Komitəsi yaradılmışdır.
1932-ci ildə Naxçıvanda 7 poçt-teleqraf və telefon müəssisəsi, 10 poçt-teleqraf agentliyi, Naxçıvan şəhərində 100 nömrəlik telefon stansiyası tikilib istifadəyə verilmiş, telefon xətlərinin uzunluğu 1414 km-ə çatdırılmışdır. 1933–1936-cı illərdə muxtar respublikada 2 kommutator olmaqla, 42 telefon nöqtəsini əhatə etmiş, kənd sovetlərinin 67 faizi telefonlaşdırılmışdır.
1956-cı ildə muxtar respublikada 7767 radio qovşağı mövcud olmuş, 101 kolxoz, 57 kənd sovetliyi telefonlaşdırılmış, abonentlərin sayı 1168-ə çatdırılmışdır. 1968-ci ildə muxtar respublikada 18 000 radio qovşağı, 4550 telefon nömrəsi olmuşdur ki, bundan 3300-ü şəhərdə, 1250-si isə kəndlərdə xidmət göstərmişdir.
Naxçıvanda sərnişin və yükdaşımaların tarixi nə qədər qədim olsa da, onun dövlət səviyyəsində idarə olunması avtomobil nəqliyyatının təşəkkülü ilə bağlıdır. Muxtar respublikada avtomobil nəqliyyatının mərkəzləşdirilmiş qaydada fəaliyyəti ötən əsrin iyirminci illərindən, muxtariyyət dövründən başlanmış, avtomobil nəqliyyatı ilə əlaqədar olan ilk təşkilatlar Naxçıvan Kommunal Təsərrüfat Komissarlığının tərkibində yaranmışdır. Naxçıvan İnqilab Komitəsinin 32 nömrəli qərarı ilə Naxçıvan Dəmir Yolunun Naxçıvan Şöbəsi yaradılmışdır.
Naxçıvan Sovet Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 18 yanvar tarixli birinci plenumunda yolların və körpülərin vəziyyətinə diqqətin artırılması tələb olunurdu. Həmin tarixdən Naxçıvan Sovet Sosialist Respublikası Xalq Kommunal Komissarlığının tərkibində avtonəqliyyat şöbəsi fəaliyyətə başlamışdır.
Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 1926-cı il 20 oktyabr tarixli qərarı ilə Naxçıvan Dəmir Yolu Stansiyası yaradılmışdır. Şərur-Culfa sahəsindəki yol təsərrüfatı qurğularına xidmət göstərmək məqsədilə 1928-ci ildə Naxçıvan Yol Distansiyası yaradılmışdır.
1938-ci ildə Naxçıvan Kommunal Təsərrüfat Şöbəsinin balansında 3 avtobus, 2 taksi, 8 yükdaşıyan maşın, Ordubad Rayon Şöbəsində 4 avtomaşın, Culfa Rayon Şöbəsində isə cəmi 1 avtomaşın olmuşdur. 1938-ci ildə Naxçıvan Kommunal Təsərrüfat Şöbəsinin tərkibində "Taksi" bölməsi, Ordubad Kommunal Təsərrüfat Şöbəsinin tərkibində "Avtotransport" bölməsi, Culfa Kommunal Təsərrüfat Şöbəsinin tərkibində isə "Yükboşaltma avtotransportu" bölmələri təşkil olunmuşdur.
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Soveti 1940-cı il 18 sentyabr tarixində "Nəqliyyat ekspedisiya kontorunun təşkil edilməsi və Azərbaycan Sovet Sosialist Respublikası Avtonəqliyyat Xalq Komissarlığının Naxçıvan Muxtar Respublikasında şöbəsinin təşkil edilməsi haqqında" qərar qəbul etmişdir. Qərarda xalq təsərrüfatının inkişafında avtonəqliyyat sahəsinin əhəmiyyəti qeyd olunmaqla avtodaşımaların tənzimlənməsi üçün avtotəmir sexlərinin yaradılması, avtomaşınların yanacaqla təmin olunması, Naxçıvan şəhərində traktorçu və avtomobil sürücüləri üçün kursların təşkil olunması məsələləri öz əksini tapmışdır.
1941-ci ildə uzunluğu 126 km olan Mincivan-Culfa dəmir yolu xətti istismara buraxılmış və bununla da, Naxçıvan Muxtar Respublikası əvvəlki dövrlərə nisbətən çox əlverişli nəqliyyat imkanı əldə etmişdir.
1924-cü ildə Naxçıvan MSSR-də 3 qəza və 12 dairə təşkil olunmuş, 1925-ci ildə qəzalar ləğv edilmiş, dairələrin sayı 8-ə endirilmişdi. 1930-cu ildə Şərur, Naxçıvan, Ordubad, Culfa, Əbrəqunus və Şahbuz rayonları yaradılmışdır. 1948-ci ildə Əbrəqunus rayonu Culfa rayonuna birləşdirildikdən sonra Naxçıvan MSSR inzibati cəhətdən beş rayona – Naxçıvan, Şərur, Şahbuz, Ordubad və Culfa rayonlarına bölünmüşdür.
II mərhələ: 1969–1987-ci illər Naxçıvanın iqtisadiyyatının inkişafında və sosial-mədəni həyatında əsaslı dönüş mərhələsi Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlməsi və misilsiz fəaliyyəti ilə bağlıdır. Ölkənin Bakı və Sumqayıt şəhərləri istisna olmaqla, digər inzibati ərazilərində sosial-iqtisadi inkişafın çox geri qaldığını və bunun da Azərbaycanın ümumi inkişafı qarşısında ciddi maneəyə çevrildiyini aydın görən H. Əliyev Azərbaycan Kommunist Partiyasına rəhbərlik etdiyi ilk günlərdən aqrar rayonların inkişafını, onlara investisiya qoyuluşlarının fasiləsiz artırılmasını ön plana çəkdi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının da sosial-iqtisadi həyatında yüksək inkişaf mərhələsinin əsasları qoyulmuşdur. Bu islahatların intensivliyini belə bir fakt da təsdiq edir ki, 8-ci beşilliyin ilk üç ilində – 1966–1968-ci illərdə Naxçıvanın xalq təsərrüfatına cəmi 91 milyon manat və ya hər il orta hesabla 30,3 milyon manat kapital qoyulduğu və sənaye məhsulu istehsalı 1965-ci ilə nisbətən 1968-ci ildə 20 faiz artdığı halda, 1969–1970-ci illərdə kapital qoyuluşu 105 milyon manata və ya hər il orta hesabla 52,5 milyon manata çatmış, sənaye məhsulunun həcmi 83 faiz artmışdır. Elə ilk illərdən tikinti-quraşdırma işlərinə də xüsusi diqqət yetirilmişdir. Əgər 1966–1968-ci illərdə bu sahəyə 58 milyon manat vəsait yönəldilmişdisə, sonrakı iki ildə 76 milyon manat əsaslı vəsait qoyulmuşdur. Növbəti beşilliklər dövründə də Naxçıvanın iqtisadiyyatı sürətlə inkişaf etdirildi. 1966–1970-ci illərdə muxtar respublikanın xalq təsərrüfatına əsaslı vəsait qoyuluşu 1961–1965-ci illərdə olduğuna nisbətən 4,8 dəfə çox idi. 1971–1975-ci illərdə isə xalq təsərrüfatına əsaslı vəsait qoyuluşu 46 il (1925–1970-ci illər) ərzində qoyulmuş əsaslı vəsaitdən xeyli çox olmuşdur. Ümumiyyətlə, iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün 1970–1985-ci illərdə 900 milyon manat investisiya qoyulmuşdur. Onun orta illik həcmi 60 milyon manat təşkil edirdi ki, bu da əvvəlki on ilin orta göstəricisindən (21 milyon manat) 2,9 dəfə çox idi. Nəticədə, muxtar respublikada xalq təsərrüfatının müxtəlif sahələrində 783 milyon manatlıq əsas fondlar yaradıldı. Həmin illərdə Araz çayı üzərində iri su anbarı ilə birlikdə su elektrik stansiyası, Alt Trikotaj Məmulatları Fabriki, yeni mineral su zavodu, Şüşə Qablar Zavodu, Taxıl Məhsulları Kombinatı, Evtikmə Kombinatı, Dəmir Beton Məmulatları Zavodu, şərabçılıq müəssisələri, süd zavodu, bütövlükdə, 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verildi.
Naxçıvan Xalça Kombinatının, Şərur Konserv Zavodunun, yeni dəmir-beton məmulatları müəssisələrinin tikintisinin başa çatdırılması, mövcud müəssisələrin, xüsusən Naxçıvan Elektrotexnika Zavodunun, Ordubad Konserv Zavodunun və İpək Fabrikinin yenidən qurulması sahəsində əsaslı tədbirlər həyata keçirildi. Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasında 1969-cu ildə 1, 1970–1979-cu illərdə 13, 1981–1985-ci illərdə 7 (cəmi 21 iri müəssisə) sənaye müəssisəsi tikilmiş, bir neçə sənaye müəssisəsi əsaslı surətdə yenidən qurulmuşdur. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artmışdır. Bütün mühüm sənaye məhsulları istehsalı, o cümlədən elektrik enerjisi 35 dəfə, ipək xammalı 2,2 dəfə, konservləşdirilmiş məhsullar 3,5 dəfə, daşduz 2 dəfə, mineral sular və şərab məhsulları bir neçə dəfə artmışdır. Sənaye məhsulları istehsalının sürətli artımı istər 70-ci illər, istərsə də 80-ci illərin birinci yarısı üçün xarakterikdir. Sənaye məhsulunun həcmi 1970-ci ilə nisbətən 1980-ci ildə 2,6 dəfə, 1980-ci ilə nisbətən 1985-ci ildə 1,7 dəfə artmışdır. Sovet hakimiyyəti dövründə ilk dəfə öz imkanlarına uyğun səviyyədə inkişaf edərək sənayenin miqyasına görə muxtar respublika Azərbaycanın sənaye potensialında öz mövqeyini gücləndirə bildi. Ölkə üzrə sənaye məhsulu istehsalında Naxçıvan sənayesinin xüsusi çəkisi artaraq 1970-ci ildəki 1,1 faizdən 1985-ci ildə 2,3 faizə çatmışdır. Bu dövr ərzində bir sıra sənaye məhsullarının istehsal həcminə görə muxtar respublikanın Azərbaycan iqtisadiyyatında rolu artmışdı. 1985-ci ildə Azərbaycanda istehsal olunan daş-duzun hamısı (118 min ton), mineral suların (147,5 milyon litr) və alt trikotaj məmulatlarının əsas hissəsi, konservlərin (35 milyon şərti banka) 6 faizə qədəri, ipək xammalının (107 ton) 23 faizdən çoxu, üzlük travertin və butulka istehsalının hamısı, şərab məhsulunun xeyli hissəsi Naxçıvanın payına düşürdü. Sənaye sahələri arasında və sahələr daxilində istehsal əlaqələri yaranır və getdikcə genişlənirdi ki, bu da sənayenin tədricən kompleks inkişafının və səmərəliliyinin artmasını təmin edən amilə çevrilirdi.
1970-ci illəri əvvəlki illərdən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, muxtar respublikada tarixən mövcud olmuş yüngül və yeyinti sənaye sahələri inkişaf etdirilməklə bərabər sənayenin yeni sahələri də yaranmış, energetika, dağ-mədən, maşınqayırma və metal emalı kimi mütərəqqi sənaye sahələri də sürətlə inkişaf etmişdir. Yerli kənd təsərrüfatı xammalını və təbii ehtiyatları istehsal dövriyyəsinə cəlb etməklə ət-süd, tütün — fermentasiya, mineral sular, pambıq, parça-tikiş istehsalı kimi yeni istehsal sahələri və müəssisələr işə salınmışdır ki, bu da muxtar respublikada vahid ərazi istehsal kompleksinin formalaşmasına kömək etmişdir.
1970-ci illərdə muxtar respublikada sənayenin sahə quruluşunda xeyli dəyişikliklər baş vermişdir. Maşınqayırma və metal emalı, tikinti materialları və yeyinti sənayesinin ümumi məhsul istehsalında xüsusi çəkisi artmışdır. Maşınqayırma və metal emalı muxtar respublikanın sənaye strukturunda 1970-ci illərdə baş vermiş mütərəqqi dəyişikliklərin məhsuludur. 1970-ci ildə bu sahənin payına ümumi sənaye məhsulunun 2,1 faizi və sənaye məhsulu istehsalının 6,6 faizi düşdüyü halda, 1982-ci ildə bu göstərici müvafiq olaraq 3,8 və 13,2 faiz olmuşdur. Maşınqayırma və metal emalı sahəsi Naxçıvan üçün vacib olan bir çox sənaye məhsulu, o cümlədən elektrotexnika məhsulları, istehsal təyinatlı metal məhsullar, təsərrüfat və məişət təyinatlı metal qablar istehsal edir, maşın və avadanlıqların təmirini və modernləşdirilməsini həyata keçirirdi. Maşınqayırma sahəsi üzrə ən böyük müəssisə Naxçıvan Elektrotexnika Zavodu idi. Elektrotexnika zavodunda müxtəlif tənzimləyici aparatlar, drossellər, starter tutacaqları və digər istehlak malları istehsal olunurdu. Naxçıvan Alüminium Qablar Zavodu, Şahbuz Avtomobil Təmiri Zavodu, Naxçıvan Məişət Texnikası Zavodu da maşınqayırma və metal emalının tərkibinə daxil olmaqla müxtəlif təsərrüfat, məişət xarakterli məhsullar istehsal edir və ya onlara xidmət göstərirdilər.
İqtisadiyyatın və əhalinin sürətlə artan tələbatını, habelə uzaqdan daşınmasının çox baha başa gəldiyini nəzərə alaraq 1970–1980-ci illərdə tikinti materialları istehsalının artmasına və bu sahədə yeni müəssisələrin tikilib işə salınmasına xüsusi fikir verilmişdir. 1973-cü ildə gücü 20 min kubmetr olan dəmir-beton məmulatları zavodu, 1977-ci ildə həmin güclə yığma dəmir-beton məmulatları zavodu, 1979-cu ildə şüşə tara zavodu, 80-ci illərin əvvəllərində Şahtaxtı travertin bloklar karxanası və iri panelli evtikmə zavodu tikilib istifadəyə verildi. Tikinti materialları sənayesi dəmir-beton məmulatları, tikinti daşı, emal olunmamış mərmər, müxtəlif üzlük plitələr, kərpic, inşaat gəci, travertin bloku və bu kimi digər məhsulların istehsalından ibarət olmaqla çox sahəli xarakter daşıyır və əsasən yerli tələbatı ödəyirdi. İstehsal olunmuş mərmərin, üzlük plitənin, travertin blokunun bir hissəsi muxtar respublikadan digər bölgələrə ixrac olunurdu. Şahtaxtı kəndində istehsal olunan yüksəkkeyfiyyətli travertin üzlük plitələri metro, kinoteatr, inzibati binaların tikintisində və digər işlərdə istifadə olunurdu. Bu qiymətli tikinti materialı təkcə Azərbaycanda deyil, həm də keçmiş SSRİ-nin başqa regionlarında, eləcə də xarici ölkələrdə yüksək qiymətləndirilmişdir. Təkcə 1983-cü ildə istehsal olunmuş 27,6 min kubmetr travertinin 10 min kubmetri Moskva, Leninqrad, Minsk, Daşkənd və Soçi şəhərlərinə ixrac olunmuşdur. 1985-ci ildə 47,7 min kubmetr travertin istehsal olunmuş, həmin şəhərlərə travertin bloku ixracı daha da artmışdı.
Şüşə sənayesi Azərbaycanda yeganə olan irihəcmli (50 milyon ədəd butulka istehsalı gücündə) şüşə tara zavodu ilə təmsil olunmuşdu. Bu zavod Naxçıvanda mineral su istehsalının (Badamlı, Sirab, Vayxır) artması nəticəsində şüşə qablara yaranmış tələbatı ödəmək üçün tikilmişdi. 1983-cü ildə 34 milyon ədəd yarım litrlik şüşə tara istehsal olunmasına baxmayaraq, tələbat yenə də ödənmirdi.
İpəkçilik isə bu sənayenin ən böyük sahələrindən biri idi. Hələ inqilaba qədər bu diyarda ipəkçilik fabrikləri fəaliyyət göstərirdi. Bu fabriklər baramaaçma ilə məşğul olurdu. Sovet dövründə onların bazasında Azərbaycanda ən böyük ipəkçilik fabriklərindən biri olan Ordubad baramaaçma fabriki təşkil olundu. 1969-cu ildə bu zavod yenidən quruldu və burada 144 ədəd baramaaçan dəzgah quraşdırıldı. Artıq 1980-ci ildə o, Naxçıvan Muxtar Respublikasının ən böyük yüngül sənaye müəssisəsi idi. 1982-ci ildə muxtar respublikanın yüngül sənayesində işləyənlərin 27 faizi və istehsal olunan ümumi məhsulun 63 faizi bu müəssisənin payına düşürdü. Ordubad baramaaçma fabriki yerli və qonşu regionlarda istehsal olunan baramanı ilkin emal edərək ölkənin bir çox toxuculuq müəssisələrinə göndərirdi. 1985-ci ildə burada 107 ton xam ipək istehsal olunmuşdu ki, bu da 1940-cı ildəki göstəricidən 6,3 dəfə, 1970-ci ildəki göstəricidən isə 2,2 dəfə çox idi. 1981-ci ildə istifadəyə verilmiş istehsal gücü il ərzində 9,1 milyon ədəd olan alt trikotaj fabriki Azərbaycanın həmin profildə məhsul istehsal edən ən böyük müəssisələrindən biri idi. Cəmi üç il sonra – 1983-cü ildə fabrikin istehsal gücünün bir hissəsi ilə işləməsinə baxmayaraq, burada artıq 678 nəfər (bütün yüngül sənaye işçilərinin 23 faizindən çoxu) işləməklə 5,6 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal edilmişdi.
Tikiş sənayesi Naxçıvanın nisbətən əvvəllər yaranmış yüngül sənaye sahəsidir. Bu sahə 1970–1980-ci illərdə daha da inkişaf etmişdir. Bu sahəyə aid olan müəssisələr muxtar respublikanın bütün rayon və şəhərlərində olan məişət xidməti kombinatlarının nəzdində fəaliyyət göstərmişdir. Bunlardan ən böyükləri Naxçıvan Tikiş Fabriki, Naxçıvan İstehsal Kombinatı və Naxçıvan Fərdi Tikiş Fabriki idi. Müəssisələr yerli əhalinin və Azərbaycanın başqa rayonlarının əhalisinin tələbatını ödəmək üçün geniş çeşiddə məhsullar istehsal edirdi. 1970-ci illərdə Naxçıvan Fərdi Tikiş Fabriki əsaslı surətdə yenidən qurulmuş, genişləndirilmiş və texniki bazası yenilənmişdir. 1983-cü ildə muxtar respublikanın yüngül sənaye müəssisələri 2 milyon ədəddən çox kişi və uşaq köynəkləri, 15 min metr pambıq parça, ayaqqabı və başqa məhsullar istehsal etmişdi.
Yeyinti sənayesi Naxçıvan Muxtar Respublikasının tamamilə yerli xammala əsaslanan, daha çox şəbəkələri olan, daha qədim tarixə malik və daha çox çeşidli məhsul istehsal edən sənaye sahəsidir. 1970–1985-ci illərdə muxtar respublikada sənaye sahəsində tikilib istifadəyə verilmiş 21 müəssisədən 11-i və ya 52 faizi yeyinti sənayesinin payına düşmüşdür. 1970–1985-ci illərdə 5 ilkin şərab zavodu, quşçuluq fabriki, pivə zavodu, süd zavodu, pendir zavodu, dəyirman kombinatı, mineral su zavodu, çörəkbişirmə müəssisələri tikilib istifadəyə verilmiş, mövcud müəssisələrdə yenidənqurma işləri aparılmışdır. Bütün bunların nəticəsində Naxçıvanda çoxsahəli yeyinti sənayesi istehsal kompleksi formalaşmışdır. Yeyinti sənayesinin məhsul istehsalında xüsusi çəkisi 1960–1980-ci illərdə daha da artmışdır. 1955-ci ildə muxtar respublikada istehsal olunan sənaye məhsulunun həcminin 36,3 faizi, 1970-ci ildə 62 faizi, 1975-ci ildə 76,1 faizi və 1980-ci ildə 77,5 faizi yeyinti sənayesinin payına düşmüşdür. 1970–1985-ci illərdə şərabçılıq muxtar respublikanın ən çox inkişaf etmiş yeyinti sənayesi sahəsi hesab olunurdu. 1970-ci ildə yeyinti sənayesi məhsulunun həcminin 57,5 faizi və burada işləyənlərin 17,3 faizi, 1978-ci ildə isə müvafiq olaraq 64,5 və 22,1 faizi, 1982-ci ildə isə bütün sənaye məhsulunun həcminin 42 faizi və yeyinti sənayesi məhsulunun həcminin 63 faizi şərabçılıq sənayesinin payına düşmüşdür. 1985-ci ildə şərabçılıq 10 iri müəssisə ilə təmsil olunmuşdu. Bu müəssisələr muxtar respublikanın bütün rayonlarında və Naxçıvan şəhərində yerləşərək üzümün ilkin emalını və şərab istehsalını həyata keçirirdilər. 1970-ci ildə 75 min dekalitr şərab istehsal edildiyi halda, bu göstərici 1980-ci ildə 319, 1983-cü ildə isə 536 min dekalitrə çatmışdı. Həmin göstəricilər 1970-ci ilə nisbətən müvafiq olaraq 4,2 və 7,1 dəfə çox idi. Şərabçılığın əsas mərkəzi Şərur rayonu idi. Ordubad Konserv Zavodu Naxçıvanın yeyinti sənayesinin ən iri müəssisəsi idi. 9–11-ci beşilliklər dövründə bu müəssisə yenidən qurulmuş və genişləndirilmişdi. Yerli tərəvəz və meyvələr emal edən bu müəssisədə məhsul istehsalı ilbəil artırdı. Burada 1970-ci ildə 10 milyon şərti banka məhsul istehsal edildiyi halda, 1980-ci ildə həmin göstərici 26 milyon, 1985-ci ildə isə 34,5 milyon şərti bankaya çatmış, 1970-ci ilə nisbətən müvafiq olaraq 2,6 və 3,5 dəfə artmışdı. Zavod, əsasən, meyvə, giləmeyvə və tərəvəz konservləri istehsal edirdi. Bu konservlər, xüsusilə gül, tut, qoz mürəbbələri özünün yüksək keyfiyyəti ilə seçilmiş, keçmiş ittifaq bazarında özünə layiqli yer tutmuşdur. Ordubad Konserv Zavodunu lazımi xammal bazası ilə təmin etmək üçün 1970-ci illərdə Ordubad rayonunda meyvə-tərəvəz sovxozu təşkil olunmuş və müvafiq kənd təsərrüfatı məhsullarının istehsalı artırılmışdı. Naxçıvan öz yeraltı sərvətləri ilə də məşhurdur. Onu haqlı olaraq mineral sular qalereyası adlandırırlar. Naxçıvan ərazisində 200-dək mineral su mənbəyi var. 1940-cı illərdə Badamlıda kiçik bir mineral su dolduran müəssisə işə salındı. Sonrakı illərdə onun texniki bazası möhkəmləndirildi və istehsal həcmi artırıldı. 1953-cü ildən Badamlıda mexanikləşdirilmiş və avtomatlaşdırılmış müəssisə fəaliyyət göstərməyə başladı. 1970–1980-ci illərdə Badamlı Mineral Su Zavodunun istehsal gücü xeyli artırıldı. Vayxır və Sirab mineral su mənbələrindən məqsədəuyğun istifadə olunmağa başlandı. 1979-cu ildə Naxçıvan şüşə tara zavodunun tikilib istifadəyə verilməsi mineral su zavodlarının şüşə taralarla təminatını yaxşılaşdırmağa imkan verdi. Beləliklə, özünün fiziki-kimyəvi xassələrinə görə bir-birindən tamamilə fərqlənən yerli mineral su mənbələrindən istifadə etməklə 1970-ci illərdə muxtar respublikada iri sənaye sahəsi yaradıldı. Artıq 1980-ci illərin birinci yarısında Naxçıvan Azərbaycanın nəinki təkcə mineral su istehsal edən əsas mərkəzinə çevrilmiş, eyni zamanda Sovetlər Birliyinin müxtəlif müalicə suları istehsal edən iri bölgələrindən biri kimi tanınmışdı. Badamlı və Sirab mineral su mənbələri (müvafiq olaraq "Narzan" və "Barjomi" tipində) əsasında tikilmiş zavodlarda 1940-cı ildə (Badamlı) 4,4 və 1970-ci ildə 37 milyon ədəd yarım litrlik şüşə taralarda mineral su istehsal olunmuşdur. 1985-ci ildə Sirab mineral su mənbəyi əsasında ildə 200 milyon şərti butulka mineral su istehsal edən zavod tikilib istifadəyə verildi. 1980-ci illərdə istehsal olunan mineral suyun 60 faizdən çoxu muxtar respublikadan kənara ixrac edilirdi. 1983-cü ildə istehsal olunmuş 134 milyon butulka mineral suyun 80 milyon butulkası Sovetlər Birliyinin 150-dən çox şəhərinə göndərilmişdi.
Naxçıvanda duz istehsalının həcmi mövcud ehtiyatla müqayisədə həmişə az olmuşdur. Duzun hasilatında mövcud olan çətinliklər, texniki bazanın zəifliyi və məhsulun daşınması imkanlarının məhdudluğu üzündən uzun illər burada duz istehsalı aşağı səviyyədə olmuşdu. Sonrakı illərdə duz mədəninin maddi — texniki bazası genişləndirilmiş, daşınmanın nəqliyyatla təminatı yaxşılaşdırılmış və nəticədə, duz istehsalı ildən-ilə tədricən artmışdır. 1940-cı ildə Naxçıvan duz mədənindən 45,5, 1970-ci ildə 62,1, 1980-ci ildə 81,8 və 1983-cü ildə isə 104 min ton duz çıxarılmışdı. 1983-cü ildə istehsal olunan duzun miqdarı 1940-cı ilə nisbətən 2,3 dəfə çox idi. Muxtar respublikada bu dövr ərzində yeyinti sənayesinin bir sıra başqa müəssisələri də, o cümlədən bütün rayon mərkəzlərində və Naxçıvan şəhərində fəaliyyət göstərən çörək zavodları, Naxçıvan ət kombinatı, Tumbul pivə zavodu, Naxçıvan dəyirman kombinatı, süd, pendir zavodları, əsasən, yumurta istehsalı üzrə ixtisaslaşmış quşçuluq fabriki fəaliyyət göstərmişlər.
Bu illərdə muxtar respublikada heyvandarlığın inkişafı üçün kompleks işlər aparılmışdır. Həyata keçirilən tədbirlər sırasında bu sahənin ixtisaslaşdırılması, mal-qara cinsinin yaxşılaşdırılması, təmərküzləşmə və təsərrüfatlararası kooperasiyaların yaradılması xüsusi yer tuturdu. Bu tədbirlərin nəticəsi olaraq, kollektiv təsərrüfatlarda heyvandarlığın inkişafında müsbət dəyişikliklər baş verdi. 1970-ci ilə nisbətən 1980-ci ildə muxtar respublikanın kolxoz və sovxozlarında ət istehsalı 1,5 dəfə, süd istehsalı 1,4 dəfə, yumurta istehsalı 2,1 dəfə, yun istehsalı 1,3 dəfə artmışdı. Ötən dövr ərzində heyvandarlıq sahəsində hər il yüksək artım əldə edilmişdir. 1971-ci ildə muxtar respublikada iribuynuzlu mal-qaranın sayı 63,8, 1981-ci ildə 69, 1986-cı ildə 72,5 min baş, qoyun və keçilərin sayı isə müvafiq olaraq 254,8, 292,2 və 281,7 min baş olmuşdur. Bütün təsərrüfat kateqoriyalarında əsas heyvandarlıq məhsulları, o cümlədən ət, süd, yumurta, yun və barama istehsalı artmışdı.
Əsas növ bitkiçilik məhsullarının istehsalının dəstəklənməsinin nəticəsidir ki, 1975-ci ildə 1970-ci illə müqayisədə tərəvəz-bostan məhsulları istehsalı 180 faiz, meyvə-giləmeyvə istehsalı 129 faiz, üzüm istehsalı 133 faiz, tütün istehsalı 2,1 dəfə artmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalındakı artım templəri sonrakı illərdə də davam etdirilmişdir. Belə ki, 1981-ci ildə tərəvəz-bostan məhsulları istehsalı artaraq 18100 tona, meyvə-giləmeyvə istehsalı 7187 tona, üzüm istehsalı 103543 tona, tütün istehsalı isə 6403 tona çatmışdır. 1975-ci illə müqayisədə tərəvəz-bostan məhsulları istehsalı 120 faiz, məhsuldarlıq 23 sentner, üzüm istehsalı 334 faiz, məhsuldarlıq isə 46,9 sentner artmışdır. Sənaye sahəsində yeni müəssisələrin yaradılması, öz növbəsində, muxtar respublikada əkin sahələrinin artmasını da şərtləndirmişdir. 1970-ci ilə nisbətən 1985-ci ildə muxtar respublikada üzümlüklərin sahəsi 8,1 min hektardan 13,8 min hektara, meyvə bağlarının sahəsi 1,9 min hektardan 2,6 min hektara, heyvandarlığın yem bazasını möhkəmləndirmək məqsədilə yem bitkilərinin əkini sahəsi 9 min hektardan 13,5 min hektara çatdırıldı. Kənd təsərrüfatı məhsulları istehsalının sahə quruluşunda baş verən köklü dəyişikliklər nəticəsində burada əkinçilik və heyvandarlıq məhsullarının ümumi həcmi 1,7 dəfə artmışdır.
1969-cu ildən başlayaraq 1980-ci ilin axırlarınadək meliorasiya və su təsərrüfatı sahəsində intibah dövrü yaşanmış, yeni hidrotexniki qurğular və su anbarları tikilmiş, kanallar çəkilmiş, torpaqlarda meliorativ tədbirlər həyata keçirilərək əkin dövriyyəsinə qatılmışdır. Muxtar respublika ərazisindəki böyük su anbarlarının hamısı, kiçik sututarlarının isə əksəriyyəti bu dövrdə yaradılmışdır. Heydər Əliyevin səyi nəticəsində 1971-ci ildə həcmi 1 milyard 350 milyon kubmetr olan Araz, 1977-ci ildə həcmi 150 milyon kubmetr olan Arpaçay, 1980-ci ildə həcmi 12,7 milyon kubmetr olan Sirab, 1989-cu ildə həcmi 17,4 milyon kubmetr olan Bənəniyar su anbarları tikilib istifadəyə verilmişdir. Məzrə, Salvartı, Cəhri-1–2–3, Dizə, Yaycı kimi kiçik sututarları da 1970–1980-ci illərdə tikilmişdir. Heydər Əliyevin 1969-cu ildə qəbul etdiyi qərarla muxtar respublika ərazisində ilk xüsusi mühafizə olunan təbiət ərazisi – ümumi sahəsi 40 000 hektar olan Ordubad Dövlət Təbiət Yasaqlığı yaradılmışdır.
Həmin illərdə Naxçıvanda informasiya və telekommunikasiya sistemlərinin əsaslı inkişafı üçün bir sıra mühüm addımlar atılmışdır. Azərbaycan televiziyasının və radiosunun, o cümlədən Moskva televiziyasının muxtar respublikada yayımlanması üçün 285 kilometrlik Yevlax-Şuşa-Naxçıvan radiorele xətti çəkilmiş və güclü radio-televiziya verici stansiyaları işə salınmışdır. 1970–1980-ci illər ərzində o zaman texnoloji nailiyyət sayılan addım tipli avtomat telefon stansiyaları quraşdırılaraq hər üç ailədən biri telefonla təmin olunmuşdur. 1974-cü ilin sentyabrında Naxçıvan şəhərində rabitə evinin tikilib istifadəyə verilməsi əhalinin rabitə vasitələrindən geniş istifadə etməsinə imkan yaratmışdır. Naxçıvan və Culfa şəhərlərində ümumi tutumu 2000 nömrəlik avtomat telefon stansiyalarının istifadəyə verilməsi, şəhərlərarası telefon rabitəsi kanallarının sayının artırılması, Bakı, Sumqayıt, Yevlax və digər şəhərlərlə avtomat telefon əlaqəsinin yaradılması, Moskva şəhəri ilə birbaşa danışıq kanalının təşkil edilməsi rabitə sahəsindəki nailiyyətlərdən idi. Muxtar respublikada şəhərlərlə, yanaşı kəndlərdə də telefon rabitəsinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. 1978-ci ilədək Culfa rayonunun Qazançı, Ordubad rayonunun Əylis, Şərur rayonunun Xanlıqlar və Qıvraq kəndlərində 100 nömrəlik yenitipli ATS-lər quraşdırılıb istifadəyə verilmiş, bir sıra kəndlərdə köhnətipli avtomat telefon stansiyalar yeniləri ilə əvəz edilmiş, şəhərlə kəndarası birləşdirici xətlərin sayı artırılmışdır. Şəhər əhalisinə 5883 nömrəlik, kənd əhalisinə isə 2610 nömrəlik avtomat telefon stansiyaları xidmət göstərmişdir. Əhalinin poçt rabitəsinə olan tələbatı nəzərə alınaraq 1980-ci ilə qədər poçt məntəqələrinin sayı 98-ə, poçt daşınmalarında istifadə edilən avtomaşınların sayı 22-yə çatdırılmışdır. 1980–1985-ci illərdə Naxçıvan şəhəri ilə muxtar respublikanın bütün rayon mərkəzləri arasında 60 kanallı kabel xətləri istifadəyə verilərək tam avtomat telefon əlaqəsi yaradılmışdır. 1985-ci ilin sonuna hər yüz ailəyə düşən telefon aparatlarının sayı 25-ə çatmışdır.
Heydər Əliyevin siyasi rəhbərlikdə olduğu illərdə Naxçıvanda nəqliyyatın inkişafı daim diqqət mərkəzində saxlanılmışdır. 1969–1982-ci illərdə Naxçıvanda nəqliyyatın inkişafı ilə əlaqədar mühüm tədbirlər həyata keçirilmiş, bu sahədə maddi-texniki baza daha da möhkəmləndirilmiş, bütün rayon mərkəzlərində və Naxçıvan şəhərində avtovağzallar tikilərək istifadəyə verilmişdir. Bundan əlavə, 1976-cı ildə Naxçıvanda 1800 metrlik uçuş-enmə zolağı olan hava limanı tikilib istifadəyə verilmişdir ki, bu da o dövrün tələblərinə uyğun olaraq, naxçıvanlıların tələbatını tamamilə ödəmək gücünə malik idi. Muxtar respublika iqtisadiyyatının inkişafı nəticəsində müxtəlif xalq təsərrüfatı yüklərinin həcmi 1985-ci ildə (20 milyon tondan çox) 1970-ci ilə nisbətən 7 dəfə, həmin dövrdə yük dövriyyəsi isə 8 dəfə artmışdır.
İqtisadi inkişafda baş verən yüksəliş Azərbaycanın bütün bölgələrində olduğu kimi, burada da bir sıra sosial problemlərin həllinə imkan vermişdir. Bu cəhətdən muxtar respublikada uzun müddət kəskin problem kimi özünü göstərən yerli əmək ehtiyatlarından daha səmərəli və dolğun istifadə edilməsi sahəsində qazanılan nailiyyətlər xüsusilə əhəmiyyətli olmuşdur. Belə ki, təkcə 1985-ci ildə iqtisadiyyatın bütün sahələrində işləyənlərin sayı 1970-ci ildəki müvafiq göstəriciyə nisbətən 2,1 dəfə artmışdır.
Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan rayonunun tərkibindən ayrılmaqla yeni rayonun yaradılması qərara alınmışdır. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1978-ci il 23 oktyabr tarixli Fərmanı ilə Babək rayonu yaradılmışdır.
Əvvəlki illərdə mövcud olmuş inkişaf sürəti və yeni sənaye müəssisələrinin tikilib istifadəyə verilməsi elə təsəvvür yaradırdı ki, muxtar respublika iqtisadiyyatı on ikinci beşillik dövründə də sürətlə inkişaf edəcəkdir. Lakin 1985-ci ildən başlayaraq M. S. Qorbaçovun rəhbərliyi ilə Sov. İKP-nin guya iqtisadiyyatın sosial yönümünü gücləndirmək məqsədilə aqrar-sənaye kompleksinin yenidən qurulması və spirtli içkilər istehsalının kəskin surətdə azaldılması siyasəti Azərbaycanın, o cümlədən Naxçıvanın sənayesinə mənfi təsir göstərdi. Üzüm istehsalının azalması nəticəsində şərab və başqa sənaye məhsulu istehsalı da azaldı. 1986-cı ildə muxtar respublikada istehsal olunan sənaye məhsulunun həcmi 1985-ci ilin müvafiq göstəricisinin 77,6 faizinə bərabər idi. 1987–1990-cı illərdə sənayenin inkişafında bir sıra müsbət meyillər olsa da, bütövlükdə, durğunluq baş vermiş, ümumi məhsulun həcmi 1990-cı ildə 1985-ci ilə nisbətən 92,6 faiz, 1989-cu ilə nisbətən isə 95,9 faiz təşkil etmişdir. 1990-cı ildə 1985-ci ilə nisbətən dəmir-beton məmulatı istehsalı 47,7 min kubmetrdən 40 min kubmetrə, xam ipək ipliyi istehsalı 107 tondan 83 tona, duz istehsalı 118 min tondan 99 min tonadək azalmışdır.
Erməni millətçilərinin Dağlıq Qarabağ ətrafında yaratdıqları fitnəkarlıq, iqtisadi və nəqliyyat əlaqələrinin blokada səbəbindən kəskin qırılması, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, daxildə ictimai-siyasi sabitliyin pozulması səbəbindən muxtar respublika iqtisadiyyatı 1990-cı ilin əvvəlində Azərbaycanın digər regionlarına nisbətən daha ağır vəziyyətdə idi. Həmin dövrdə sovet imperiyası rəhbərliyinin Azərbaycanın maraqlarına zidd siyasəti, ermənilərin Naxçıvana ərazi iddiaları və sərhədlərdə hərbi toqquşmalar yaratması muxtar respublikanın həyatına ciddi mənfi təsir göstərməkdə idi. Heydər Əliyev 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, iyulun 22-də isə doğulduğu Naxçıvana gəldi. 1990-cı il 30 sentyabr seçkilərində Azərbaycan SSR-in və Naxçıvan MSSR-in xalq deputatı seçilərək Naxçıvanın ərazisini erməni işğalından, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi. Həmin dövrdə muxtar respublikanın sosial-iqtisadi inkişafı üçün tədbirlər görüldü. 1991-ci il 29 oktyabr tarixində onun ciddi səyi ilə Sədərək rayonunda Naxçıvanla Türkiyə arasında salınmış körpünün rəsmi açılış mərasimi olmuşdur. 1992-ci il 22–25 mart tarixlərində Türkiyə Cümhuriyyəti ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında əməkdaşlıq protokolu imzalanmışdır. 1992-ci il 22–26 avqust tarixlərində Heydər Əliyev İran İslam Respublikasına səfər etmiş və müxtəlif sahələrdə əməkdaşlığa dair protokollar imzalanmışdır. 1992-ci ildə İran və Türkiyə ilə bağlanmış əməkdaşlıq müqavilələri əsasında Sədərək, Culfa və Şahtaxtı keçid məntəqələri yaradıldı. Bundan əlavə, Naxçıvan şəhəri yaxınlığında istilik-elektrik stansiyası tikildi. İran və Türkiyədən Naxçıvan ərazisinə yüksəkgərginlikli elektrik xətlərinin çəkilişi həyata keçirildi ki, bu da təsərrüfat həyatını xeyli canlandırmağa imkan verdi. Muxtar respublikada iqtisadiyyatın yenidən qurulması istiqamətində Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən onun təşəbbüsü ilə 1992-ci il aprel ayının 6-da "Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında" və "Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında" qərarlar qəbul edilmişdir. 1992-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölkədə ilk dəfə olaraq ictimai təsərrüfatlarda islahata başlanılmış və ilk özəl təsərrüfat qurumları yaradılmışdı. Bu təcrübə sonralar 1993-cü ildə ölkədə aqrar islahatların aparılmasına hazırlıq dövründə nümunə rolunu oynamış və müxtəlif bölgələrdə kəndlilərin birləşdiyi kəndli (fermer) təsərrüfatlarının yaradılması ilə nəticələnmişdir.
Sovetlər Birliyi dövründə Naxçıvanın bütün telekommunikasiya xətləri Ermənistan ərazisindən keçirdi. 1990-cı ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi ilə başlanan müharibə vəziyyəti ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının tam blokadaya salınmasına gətirib çıxardı. Ermənistan ərazisindən keçməklə Naxçıvana gələn bütün kommunikasiya xətləri, avtomobil və dəmir yolları, yüksəkgərginlikli elektrik dirəkləri, qaz kəməri, yeraltı magistral rabitə qurğuları, radio-televiziya ötürücü rele stansiyaları erməni hərbi qüvvələri tərəfindən tamamilə dağıdılaraq məhv edilmiş, muxtar respublika tam blokada vəziyyətinə düşmüşdü. Belə bir ağır blokada şəraitində insanların dünyada və Azərbaycanda gedən proseslərdən tamamilə təcrid olunması onsuz da dözülməz olan vəziyyəti daha da çətinləşdirmişdi. Qısa müddətdə Türkiyə ilə Naxçıvan arasında radiorele xətti tikilib istifadəyə verildi. Naxçıvan şəhərində 512 nömrəlik beynəlxalq avtomat telefon stansiyası işə salındı. Teleradio verilişlərinin və mətbuatın Naxçıvana çatdırılması üçün tədbirlər həyata keçirildi. Görülən işlər nəticəsində muxtar respublika əhalisi lazımi məlumatlar almaq imkanı əldə etdi.
1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan Heydər Əliyev hava limanının uçuş-enmə zolağının yenidən qurulması təşəbbüsünü irəli sürmüş və bu iş yerli mütəxəssislər cəlb olunmaqla qısa müddət ərzində həyata keçirilmiş, uzunluğu 3300 metr olan uçuş-enmə zolağı istifadəyə verilmişdir. O vaxta qədər hava limanı kiçik təyyarələri qəbul edirdisə, uçuş-enmə zolağının yenidən qurulması nəticəsində iritutumlu təyyarələri qəbul etməyə başladı ki, bu da gün ərzində 800–1000 nəfərin hava limanının xidmətindən istifadə etməsi demək idi. Muxtar respublikanın Türkiyə ilə həmsərhəd bölgəsində sosial-iqtisadi inkişafın gücləndirilməsi məqsədilə, həmçinin ərazinin geostrateji mövqeyi nəzərə alınaraq 1990-cı ildə Sədərək rayonu yaradılmışdır.
Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra Naxçıvan Muxtar Respublikası da özünün əsl inkişaf yoluna qədəm qoydu. 1993–2003-cü illərdə Naxçıvan Muxtar Respublikasında reallaşdırılan sosial-iqtisadi islahatların hədəfi blokada şəraitinin doğurduğu çətinliklərin aradan qaldırılmasına, alternativ yollarla bu problemin kompensasiya olunmasına yönəlmişdir. İqtisadi və nəqliyyat əlaqələrinin məhdud olduğu şəraitdə yüksək iqtisadi fəallığa nail olunmasını, istehsal potensialının hərəkətə gətirilməsini, davamlı quruculuq işlərini, sosial problemlərin səmərəli həllini və ən əsası əhalinin güzəranının layiqincə yaxşılaşdırılmasını, demək olar ki, hər bir naxçıvanlının qayğısını çəkmək bacarığını yalnız sadə formada tərəqqi və inkişaf yolu adlandırmaq doğru olmazdı. Bu yol Vətən və dövlət sevgisindən doğan, gərgin əmək və misilsiz əzmkarlığın təcəssümü olan əsl qəhrəmanlıq salnaməsi kimi yaddaşlara həkk olunmuşdur. Naxçıvan Muxtar Respublikasının yeni inkişaf mərhələsi öz başlanğıcını Ali Məclisin 1995-ci il dekabrın 16-da keçirilmiş sessiyasından götürür. Məhz həmin sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmiş cənab Vasif Talıbov 1969-cu ildən başlanan Heydər Əliyev quruculuq və inkişaf xəttinin konkret bir regionda – ağır blokada şəraitində yaşayan, davamlı olaraq enerji qıtlığı keçirən, kommunikasiya əlaqələrinin olmaması ucbatından mal, material və xammal gətirilməsində ciddi problemlərlə üzləşən muxtar respublikamızda fəal yaradıcı gücə malik olduğunu öz əməyi və gərgin işi ilə sübut etdi. Uzun illər blokada şəraitində olması ilə əlaqədar fəaliyyətini dayandırmış sənaye müəssisələrinin 1996-cı ildən başlayaraq fəaliyyətinin bərpa edilməsi və yeni istehsal sahələrinin yaradılması, nəticə etibarilə, əvvəllər istehsal olunmayan yeni sənaye məhsullarının istehsalının təşkilinə və ümumilikdə, sənaye məhsulu istehsalının dinamik artımına səbəb olmuşdur. Belə ki, 2003-cü ildə muxtar respublikada istehsal edilmiş 17,6 milyon manatlıq sənaye məhsulunun 1993-cü ildəki eyniadlı göstəricini 3,4 dəfə üstələməsi əsas göstəricilərdən biridir.
Muxtar respublikada enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində 1993-cü ilin may ayında Türkiyə Respublikasındakı "İğdır" elektrik yarımstansiyasından Naxçıvan Muxtar Respublikasına 87,5 km uzunluğunda 154 kilovotluq ikidövrəli elektrik verilişi xəttinin çəkilişi başa çatdırıldı və Naxçıvana qardaş Türkiyə Respublikasından 50–60 mvt gücündə elektrik enerjisinin ötürülməsinə başlanıldı. Beləliklə, 1993-cü ilin ortalarında muxtar respublikaya İran İslam Respublikasından 42 mvt, Türkiyə Respublikasından isə 63 mvt gücündə elektrik enerjisi daxil olunurdu ki, bu da yaşayış standartlarının normallaşmasında mühüm mərhələ idi. 2002-ci ildən etibarən muxtar respublikaya daxil olan enerjinin artırılması, paylanmasının yaxşılaşdırılması sahəsində mühüm tədbirlər görülmüşdür. Belə ki, İran İslam Respublikasından alınan elektrik enerjisinin miqdarını artırmaq üçün 132/110 kilovoltluq "Araz" elektrik yarımstansiyasında 150 mva güclü yeni transformatorun quraşdırılması və 9,5 km uzunluğunda 110 kilovoltluq elektrik verilişi xəttinin çəkilməsi işləri həyata keçirilmişdir ki, bu da daxil olan enerjinin gücünün 50 mvt artırılmasına şərait yaratmışdır. 2003-cü ildə Culfa şəhərində yeni 132/110 kilovoltluq 50 mva güclü "Culfa" elektrik yarımstansiyasının tikilib istismara verilməsi və 132 kilovoltluq 3 km uzunluğunda Culfa-Culfa elektrik verilişi xəttinin çəkilməsi İran İslam Respublikasından alınan elektrik enerjisinin gücünün 120 mvt-a çatdırılması üçün texniki imkan yaratmışdır.
Muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində 1993–2003-cü illər ərzində 37 obyekt, o cümlədən 3 qərargah binası, hərbi hissələrin bölük mərkəzləri üçün 4 bina, 2 zabit və əsgər yataqxanası, 3 yeməkxana, 1 tədris binası, 2 tibb məntəqəsi, 1 klub və 21 müxtəliftəyinatlı obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Muxtar respublikanın uzunmüddətli dövrdə dayanıqlı və tarazlı inkişafının təmin edilməsində investisiyaların cəlbi xüsusi rol oynamaqdadır. İnvestisiyaların tələb olunan həcm və keyfiyyətinin təmin edilməsi məqsədilə investisiya mühitinin daha da yaxşılaşdırılması əsas vəzifələrdən biri kimi müəyyənləşdirilmiş, 1993–2003-cü illər ərzində muxtar respublikada əsas kapitala 147 milyon 394 min manat həcmində investisiya yönəldilmişdir. 1 yanvar 1993-cü ildən 1 yanvar 2004-cü ilədək olan dövr ərzində muxtar respublikada 15 inzibati bina, 24 nasos stansiyası, 135 subartezian quyusu, 34 körpü, 6 ticarət mərkəzi, 60 elm və təhsil müəssisəsi, o cümlədən 16038 şagird yerlik 55 ümumtəhsil məktəbi, 43 mədəniyyət obyekti, 28 səhiyyə müəssisəsi, 5 idman obyekti, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərər çəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 47 fərdi ev, 123 istehsal və xidmət obyekti tikilərək istifadəyə verilmişdir. Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmişdir. 2003-cü ildə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına 12,7 min kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir.
Ölkəmizdə ilk dəfə olaraq aqrar islahatlara başlayan muxtar respublikada artıq bu islahatlar başa çatdırılmışdır. İqtisadi təhlil göstərir ki, muxtar respublikada həyata keçirilən islahatlar aqrar-sənaye potensialından səmərəli istifadə edilməsi üçün zəmin yaratmışdır. Müstəqillik dövründə xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsi daha da inkişaf etdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı ilə ərazisi 12131 hektar olan Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı, ərazisi 3139 hektar olan Şahbuz Dövlət Təbiət Qoruğu yaradıldı. Muxtar respublikada ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində 1993–2003-cü illər ərzində 4270 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 2 milyon 135 mindən çox ağac və gül kolu əkilmişdir.
Muxtar respublikada ərzaq balansının müsbət meyilliliyini təmin etmək, idxaldan asılı olmayan dayanıqlı ərzaq təminatına nail olmaq üçün bitkiçiliyin inkişafı ötən dövr ərzində prioritet istiqamət kimi diqqətdə saxlanılmışdır. 2003-cü ilin məhsulu üçün 46 min 648 hektar sahədə əkin işləri aparılmışdır ki, bu, 1993-cü ildəki əkilmiş sahədən 72,1 faiz çoxdur. Əkin sahələrinin artımı məhsul istehsalının artmasına təsir göstərmişdir. Belə ki, 2003-cü ildə 81438 ton dənli və dənli-paxlalılar, 14234 ton kartof, 53350 ton tərəvəz, 41700 ton bostan məhsulu istehsal edilmişdir ki, bu da 1993-cü ildəki göstəricilərdən müvafiq olaraq 4,1 dəfə, 7,9 dəfə, 3,6 dəfə və 41,7 dəfə çoxdur. Bu dövr ərzində meyvə istehsalı 3,5 dəfə artaraq 28632 tona çatmışdır.
Muxtar respublikada kənd təsərrüfatının əsas sahələrindən biri olan heyvandarlığın inkişafına xüsusi diqqət yetirilmiş, heyvanların baş sayında və heyvandarlıq məhsullarının istehsalında artıma nail olunmuşdur. 2003-cü ilin sonuna muxtar respublikada 81202 baş iribuynuzlu mal-qara, 474898 baş xırdabuynuzlu mövcud olmuşdur ki, bu da 1993-cü ilin sonuna olan göstəriciləri müvafiq olaraq 1,7 dəfə və 1,9 dəfə üstələmişdir. Heyvandarlıqda baş sayının artımı heyvandarlıq məhsullarının artmasına müsbət təsir göstərmişdir. 2003-cü ildə muxtar respublikada 6879 ton ət (kəsilmiş çəkidə), 58927 ton süd, 43327 min ədəd yumurta və 793 ton yun istehsal edilmişdir ki, bu da 10 il öncə olan göstəricilərə nisbətdə müvafiq olaraq 1,7 dəfə, 3,5 dəfə, 1,5 dəfə və 2,7 dəfə çoxdur. Muxtar respublikada kənd təsərrüfatının perspektivli sahələrindən biri olan arıçılıq sahəsinin inkişafı arı ailələrinin sayının və məhsul istehsalı həcminin artmasına zəmin yaratmışdır. 1 yanvar 2004-cü il tarixə muxtar respublikada 17451 arı ailəsi mövcud olmuşdur ki, bu da 1993-cü ilin sonuna olan müvafiq göstəricidən 3,9 dəfə çoxdur. 2003-cü ildə bal istehsalı 1993-cü ilə nisbətən 5 dəfə artaraq 155 tona çatmışdır. Kənd təsərrüfatı sahəsində qazanılmış uğurların nəticəsidir ki, 2003-cü ildə 71 milyon 822 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 10 il öncəki müvafiq göstəricidən 3,7 dəfə çoxdur.
Ötən dövr ərzində rabitə sahəsinin inkişafı istiqamətində muxtar respublikanın bütün ərazisini əhatə edən elektron telefon stansiyaları istifadəyə verildi, Bakı-Naxçıvan arası peyk kanalları vasitəsilə rabitə əlaqələri yaradıldı, Azərbaycan televiziya və radio verilişlərinin peyk üzərindən Naxçıvana çatdırılması təmin edildi. 1998-ci ildə muxtar respublikada istismar olunan koordinattipli avtomat telefon stansiyaları yüksək keyfiyyətə məxsus Cənubi Koreya istehsalı olan yeni elektrontipli avtomat telefon stansiyaları ilə əvəz olundu. 2003-cü ilin sonuna muxtar respublikada hər yüz ailəyə düşən stasionar telefon aparatlarının sayı 46-ya çatmışdır.
Nəqliyyat infrastrukturu quruculuğu üzrə 2002-ci il oktyabr ayının 1-də inşasına başlanan hava limanında bölgənin sərt iqlim şəraiti nəzərə alınaraq tikinti-quraşdırma işləri ən müasir tələblər səviyyəsində həyata keçirildi. Hava limanında saatda 300 sərnişinə xidmət göstərmək imkanı yaradıldı. 1993–2003-cü illər ərzində muxtar respublikada həyata keçirilmiş tədbirlər nəticəsində 1856 kilometr uzunluğunda yeni avtomobil yolları salınmış və ya əsaslı təmir olunmuş, 34 körpü tikilmiş, 32 halda isə körpülər əsaslı təmir olunmuşdur. Digər tərəfdən bu müddət ərzində dəmir yolu nəqliyyatının gələcək inkişaf perspektivləri nəzərə alınaraq infrastrukturu davamlı olaraq təkmilləşdirilmiş və muxtar respublika daxilində ahəngdar işi təmin edilmişdir.
2003-cü ildə muxtar respublikada yük daşınması 5949,1 ton, sərnişin daşınması 37661,7 min nəfər təşkil etmişdir ki, bu da 1993-cü ildəki göstəriciləri müvafiq olaraq 5,8 dəfə və 2 dəfə üstələmişdir.
Muxtar respublikada sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması məqsədilə sahibkarlığın hüquqi bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirilmiş, idarəetmənin və iqtisadiyyatın bütün sahələrində mühüm əhəmiyyətə malik qanunlar, proqramlar və fərmanlar qəbul edilmişdir. Bunlardan ən əsası bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən bir sıra amillərin aradan qaldırılması sahəsində qəbul olunmuş "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli 790 nömrəli və müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 30 sentyabr tarixli 69-II-FR nömrəli fərmanları muxtar respublikada sahibkarların hüquqlarının qorunması sahəsində xüsusi əhəmiyyətə malikdir. Fərmanın icrası istiqamətində bir sıra mərkəzi və yerli icra hakimiyyəti orqanlarının sahibkarlıq subyektlərinə kənar müdaxilələri qadağan edilmiş, sahibkarlarla operativ əlaqə sistemi yaradılmışdır. 2000-ci ildən 1 yanvar 2004-cü il tarixə sahibkarlıq subyektlərinə güzəştli şərtlərlə 8 layihənin maliyyələşdirilməsinə 1 milyon 522 min manat həcmində kredit verilmişdir. Muxtar respublika iqtisadiyyatında və sosial sahədə qazanılmış uğurlar məşğulluq probleminin də həllinə zəmin yaratmışdır. 1993-cü ildən 2003-cü ilin sonunadək olan dövr ərzində muxtar respublikada 21851 yeni iş yeri yaradılmışdır ki, bunun da 11377-si və ya 52,1 faizi daimi iş yerləridir. Ötən dövr ərzində məşğulluq səviyyəsinin yüksəlməsi əməkhaqlarının da artımına səbəb olmuşdur. 2003-cü ildə muxtar respublikada bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 38,4 manat olmuşdur ki, bu da 1993-cü ildəki müvafiq göstəricidən 3 dəfə çoxdur. 2003-cü ildə muxtar respublikada əhalinin gəlirləri 1993-cü ilə nisbətən 10,5 dəfə artaraq 170 milyon 397 min manata, onun hər bir nəfərə düşən həcmi isə 9 dəfəlik artımla 458 manata çatmışdır. Ötən dövr ərzində əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əlillərin tibbi-sosial reabilitasiyası sisteminin müasir tələblər səviyyəsində qurulması, əlillərin minik avtomobili, əlil arabaları və digər reabilitasiya vasitələri ilə təminatı, pensiya və müavinətlərin artırılması istiqamətində uğurlu tədbirlər həyata keçirilmişdir. 1993–2003-cü illər ərzində muxtar respublikada əlil və şəhid ailələrinə 47 fərdi yaşayış evi və mənzil tikilmiş, 62 nəfər müharibə əlilinə minik avtomobili verilmişdir.
Ötən dövr ərzində milli-mədəni irsin qorunub saxlanılması, zənginləşdirilməsi və muxtar respublikanın turizm potensialının mövcud imkanlarından səmərəli istifadə edilməsi üçün mühüm tədbirlər görülmüş və bir sıra nəticələr əldə edilmişdir. 2003-cü ildə muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 69 min nəfər turist gəlmişdir ki, bu da 1993-cü ildəki müvafiq göstəricini 2 dəfə üstələmişdir.
Muxtar respublikada qazanılmış uğurlar makroiqtisadi göstəricilərin artım tempində də öz əksini tapmışdır. Belə ki, 2003-cü ildə muxtar respublikada 168040,4 min manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 1993-cü ildəki müvafiq göstəricidən 6,8 dəfə çoxdur. 1993-cü illə müqayisədə 2003-cü ildə sənaye məhsulunun həcmi 3,4 dəfə, əsas kapitala yönəldilən investisiyalar 31,3 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 3,7 dəfə, nəqliyyat sektorunda yük daşınması 5,8 dəfə, informasiya və rabitə xidmətləri 61,5 dəfə, pərakəndə əmtəə dövriyyəsi 5,2 dəfə, əhaliyə göstərilən pullu xidmətlər 6,3 dəfə, ixracın həcmi 5,6 dəfə, əhalinin gəlirləri 10,5 dəfə, hər bir nəfərə düşən gəlirlər 9,1 dəfə, orta aylıq əməkhaqqı isə 3 dəfə artmışdır.
Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci illərdə salınmış qəsəbə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2000-ci il 23 mart tarixli Qərarına əsasən, Sədərək kəndinin tərkibindən ayrılaraq müstəqil inzibati vahidə – Heydərabad qəsəbəsinə çevrilmişdir.
Ümumi Daxili Məhsul, min manat
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
Ötən dövr ərzində ölkəmizdə iqtisadiyyatın və sosial sahələrin kompleks şəkildə inkişafını, o cümlədən yeni iş yerlərinin və müəssisələrin yaradılmasını, kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsini, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını, iqtisadiyyata investisiya qoyuluşlarının artmasını, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsini, yoxsulluğun azaldılmasını təmin etmək üçün dövlət proqramları qəbul edilmişdir. İcrası uğurla başa çatdırılmış 2004–2008-ci illəri əhatə edən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "2009–2013-cü illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ümumiqtisadi inkişafın mərkəzlə yanaşı, regionlara doğru istiqamətlənməsində müstəsna əhəmiyyət kəsb etmişdir. Müvafiq dövlət proqramlarının muxtar respublikada icrasını təmin etmək məqsədilə axçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005–2008-ci illər)" və "Naxçıvan Muxtar Respublikasının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" muxtar respublikada investisiya potensialından tam və kompleks şəkildə istifadə olunmasını, yeni sənaye, kənd təsərrüfatı, xidmət müəssisələrinin yaradılmasını, məşğulluq səviyyəsinin yüksəldilməsini, əhalinin təhsil, səhiyyə və digər sosial təminatlarının daha da yaxşılaşdırılmasını təmin etmişdir.
İqtisadi inkişafın əsas ölçüsü hesab olunan Ümumi Daxili Məhsul istehsalının həcmi 2013-cü ildə 2 milyard 339 milyon manat olmaqla 2003-cü ildəki müvafiq göstəricini müqayisəli qiymətlərlə 8,4 dəfə üstələmişdir. 2013-cü ildə hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2003-cü ilə nisbətən müqayisəli qiymətlərlə 6,9 dəfə artaraq 5423 manat səviyyəsində olmuşdur. 2003-cü illə müqayisədə 2013-cü ildə sənaye məhsulunun həcmi 49 dəfə, əsas kapitala yönəldilən investisiyalar 16,4 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 4,7 dəfə, nəqliyyat sektorunda yük daşınması 2,6 dəfə, informasiya və rabitə xidmətləri 10,3 dəfə, pərakəndə əmtəə dövriyyəsi 11,1 dəfə, əhaliyə göstərilən pullu xidmətlər 12,9 dəfə, ixracın həcmi 96,6 dəfə, icmal büdcənin həcmi 12,7 dəfə, əhalinin gəlirləri 10,2 dəfə, hər bir nəfərə düşən gəlirlər 8,8 dəfə, orta aylıq əməkhaqqı isə 9,8 dəfə artmışdır. Sənaye sahəsinin aparıcı mövqedə olduğu müasir iqtisadiyyatın qurulması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində son illər ərzində ciddi iqtisadi uğurlar qazanılmış, sürətli inkişaf üçün zəngin potensial formalaşmış, azad sahibkarlığın inkişafına əlverişli şərait yaradılmışdır. Aparılan iqtisadi siyasətin davam etdirilməsini və sənayenin modernləşməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 6 iyun tarixli Fərmanı ilə "Sənaye parkları haqqında Əsasnamə" təsdiq olunmuşdur. 2003-cü ilin sonuna muxtar respublikada 66 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, 2013-cü ilin sonuna bu göstərici 7 dəfə artaraq 438-ə çatmışdır. Sənaye müəssisələrinin fəaliyyətinin bərpa edilməsi və yeni istehsal sahələrinin yaradılması sənaye məhsulu istehsalının dinamik artımına səbəb olmuşdur. 2013-cü ildə muxtar respublikada 862 milyon 871 min manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2003-cü illə müqayisədə 49 dəfə çoxdur. Muxtar respublikada sənaye sahəsində əldə olunmuş dinamik inkişaf meyillərinin dayanıqlılığının təmin olunması üçün həyata keçirilən kompleks tədbirlərin mühüm bir istiqaməti bu sahədə səmərəli kreditləşdirmə mexanizminin formalaşdırılmasından ibarətdir. Təkcə 2005–2013-cü illər ərzində sənaye sahəsində iqtisadi aktivliyi gücləndirmək üçün sahibkarlara 70 milyon manatdan artıq həcmdə güzəştli kreditlər verilmişdir. 2013-cü ildə muxtar respublikanın sənaye müəssisələrində 15385 nəfər işçi çalışmışdır ki, bu da 2003-cü ildəki müvafiq göstəricini 5,4 dəfə üstələmişdir. Muxtar respublikada orta aylıq əmək haqqının yüksək olduğu iqtisadi fəaliyyət sahələrindən biri olan sənaye sahəsində bu göstərici 2013-cü ilin sonuna 356,3 manata çatmaqla 2003-cü ildəki müvafiq göstəricidən 4,7 dəfə artıqdır. Uzun müddət ərzində enerji resurslarına çıxış imkanlarının məhdudluğu blokadanın yaratdığı ən kəskin problemlərdən biri kimi ümumi inkişafa ciddi mənfi təsir göstərməkdə idi.
Ötən illər ərzində bu sahədə intensiv tədbirlər həyata keçirilmiş, infrastruktur müasir standartlar səviyyəsində yenilənmiş, davamlı olaraq yeni güclər yaradılmışdır ki, bu da, son nəticədə, enerji təhlükəsizliyimizin səmərəli qurulmasını şərtləndirmişdir. Ötən dövr ərzində gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası, gücü 22 meqavat olan Biləv Su Elektrik Stansiyası, gücü 20,5 meqavat olan "Arpaçay-1" Su Elektrik Stansiyası, Heydər Əliyev Su Anbarı üzərində gücü 4,5 meqavat olan su elektrik stansiyası tikilmiş, gücü 60 meqavat olan Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası yenidən qurulmuşdur. Bu sahədə tədbirlərin intensivləşdirilməsi məqsədilə 2014-cü ilin 14 mart tarixində Azərbaycan Respublikasının Prezidenti Naxçıvan Muxtar Respublikasında "Arpaçay-2" Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən, "Arpaçay-2" Su Elektrik Stansiyasının tikintisini başa çatdırmaq məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 4 milyon manat vəsait ayrılmış və stansiyanın tikintisi başa çatdırılmışdır. Əgər 2003-cü ildə muxtar respublikada 1 elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, aparılan məqsədyönlü islahatlar nəticəsində bu müəssisələrin sayı 7-yə çatdırılmış, hazırda Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının inşası davam etdirilməkdədir. Bu dövr ərzində muxtar respublikada 9 elektrik yarımstansiyası yaradılmış, 4 elektrik yarımstansiyası isə yenidən qurulmuşdur. Enerji təhlükəsizliyi ilə bağlı görülən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada yaradılmış elektrik stansiyaları elektrik enerjisinə olan daxili tələbatı tam ödəməklə yanaşı, elektrik enerjisinin ixracına imkan yaratmışdır. Əgər 2003-cü ildə muxtar respublikaya 949 milyon kilovat-saat elektrik enerjisi idxal olunmuşdursa, 2013-cü ildə 339 milyon kilovat-saat elektrik enerjisinin ixracı təmin olunmuşdur.
Muxtar respublikada istehlakçıları, ən əsası isə əhali təsərrüfatlarını təbii qazla təmin etmək məqsədilə 1992-ci ildə İran İslam Respublikasına səfəri zamanı Heydər Əliyev tərəfindən "Xoy-Culfa" qaz kəmərinin çəkilməsi və Naxçıvanın qazla təmin edilməsi barədə protokol imzalanmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na (2004–2008-ci illər) uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının təbii qazla təminatının bərpası və təbii qaza olan tələbatını ödəmək məqsədilə 5 avqust 2004-cü ildə "Azəriqaz" QSC və İran Milli Qaz İxrac Şirkəti arasında "Təbii qaz mübadiləsi" haqqında müqavilə imzalandı. Bununla da, bölgə üçün sosial sahədə olan ən zəruri məsələ uğurlu və daimi həllini tapmış oldu. Nəhayət, 20 dekabr 2005-ci ildə 14 illik fasilədən sonra muxtar respublikaya mavi yanacağın verilməsi bərpa olundu. Təbii qaz təminatı üzrə 1 yanvar 2014-cü il tarixə muxtar respublikada 81 min 162 əhali abonenti mavi yanacaqla təmin olunmuş, təsərrüfat subyektlərinin bu yanacağa olan tələbatı ödənilmişdir.
Ötən dövr ərzində ordu quruculuğu istiqamətində muxtar respublikanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, hissə və bölmələrin döyüş qabiliyyətinin artırılması məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılmışdır. 2004–2013-cü illər ərzində muxtar respublikada ordu quruculuğu istiqamətində 173 obyekt, o cümlədən 15 qərargah binası, səfərbərlik və hərbi xidmətə çağırış, hərbi prokurorluq orqanları və hərbi hissələrin bölük mərkəzləri üçün 13 bina, 26 zabit və əsgər yataqxanası, 17 yeməkxana, 22 yaşayış binası, 4 tədris binası, 1 orta məktəb, 2 uşaq bağçası, 4 xəstəxana, 5 tibb məntəqəsi, 3 klub və 61 müxtəliftəyinatlı obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Bundan əlavə, 2013-cü ildə hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Naxçıvan şəhərində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş 16 hərbi qulluqçuya yeni mənzillər verilmişdir.
İnvestisiyaların geniş sahə quruluşu və intensivliyi diqqətdə saxlanılmış, 2013-cü ildə əsas kapitala yönəldilən investisiyaların həcmi 2003-cü ildəki müvafiq göstəricini 16,4 dəfə üstələyərək 1 milyard 37 milyon 748 min manatı ötmüşdür. 2004–2013-cü illər ərzində muxtar respublikada 227 inzibati bina, mənzil təsərrüfatı üzrə 42 obyekt, 29 nasos stansiyası, 150 subartezian quyusu, 61 körpü, 119 elm və təhsil müəssisəsi, o cümlədən 26164 şagird yerlik 83 ümumtəhsil məktəbi, 159 mədəniyyət obyekti, 146 səhiyyə müəssisəsi, 18 idman obyekti, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərər çəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 420 fərdi ev, 590 istehsal və xidmət obyekti tikilərək istifadəyə verilmişdir. İdarəetmənin səmərəli təşkili və ucqar yaşayış məntəqələrinin – kəndlərin, qəsəbələrin inkişafı bu müddət ərzində diqqətdə saxlanılmış və son illər ərzində 101 kənd mərkəzi, 3 qəsəbə mərkəzi istifadəyə verilmişdir. Ötən dövr ərzində dayanıqlı əhali məskunluğunun təmin edilməsi üçün tədbirlər görülmüşdür.
2013-cü ildə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına 358 min kvadratmetr yaşayış sahəsi tikilmişdir ki, bu da 2003-cü ildəki müvafiq göstərici ilə müqayisədə 28,2 dəfə çoxdur. Əhalinin rahatlığına və yaşayış səviyyəsinin yüksəlməsinə xidmət edən kommunal-məişət sistemlərinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin tərkib hissəsi kimi içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işi xüsusilə diqqətdə saxlanılmaqdadır. Ötən dövr ərzində muxtar respublikada mövcud olan kaptajlar, içməli su xətləri bərpa olunmuş, yeni kaptajlar tikilmiş və içməli su xətləri çəkilmişdir. Muxtar respublikada su və kanalizasiya sistemlərinin müasir standartlar səviyyəsində qurulması istiqamətində reallaşdırılan tədbirlər davam etdirilir. Naxçıvan şəhərində əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilmiş, 1 may 2014-cü il tarixə 208 kilometr uzunluğunda kanalizasiya və 222 kilometr uzunluğunda içməli su xətləri çəkilmişdir. Bundan əlavə, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının mərkəzləri və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi istiqamətində, ümumilikdə, 415 kilometr uzunluğunda içməli su və 266 kilometr uzunluğunda kanalizasiya xətləri çəkilmişdir.
Kompleks tədbirlər çərçivəsində yeni emal müəssisələrinin yaradılması, məhsul istehsalçılarına dövlət maliyyə yardımlarının göstərilməsi, gübrələrin güzəştlə çatdırılması, meliorasiya irriqasiya sistemlərinin yenilənməsi, səmərəli kreditləşdirmə mexanizminin formalaşdırılması, lizinqin inkişafının dəstəklənməsi, lazımi texnikaların sayının tələbata uyğun artırılması, yeni satış bazarlarının təşviqi kənd təsərrüfatı sahəsində iqtisadi aktivliyi əhəmiyyətli dərəcədə intensivləşdirmişdir. Bu müddət ərzində kənd təsərrüfatının davamlı inkişafına yönəldilmiş kompleks islahatlar üzrə mühüm qərarlar qəbul edilmiş, proqram xarakterli idarəetmə formalaşdırılmış, 2005–2010-cu illəri əhatə edən Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə, 2008–2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair və 2012–2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramları qəbul olunmaqla konkret inkişaf istiqamətləri müəyyənləşdirilmişdir.
Əkinəyararlı torpaqlar tam şəkildə əkin dövriyyəsinə qatılmaqla 2013-cü ilin məhsulu üçün 60 min 127 hektar sahədə əkin işləri həyata keçirilmişdir ki, bu da 2003-cü ilin məhsulu üçün əkilmiş sahədən 29 faiz çoxdur. Taxılçılığa mühüm əhəmiyyətli sahə kimi yanaşılması nəticəsində bu sahədə yüksək artım meyillərinə nail olunmuşdur. Bunun nəticəsində 2003-cü ilə nisbətən 2013-cü ildə taxıl istehsalı 41 faiz artmışdır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Sərəncamının icrası istiqamətində ötən dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə yardımların və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi təmin edilmişdir. Ötən dövr ərzində muxtar respublikada istehsalçıların məhsul tədarükü zamanı rastlaşdıqları problemlərin aradan qaldırılmasında və ən əsası taxıl ehtiyatının yaradılmasında mühüm əhəmiyyətə malik olan, tutumu 27 min ton taxılı saxlamağa imkan verən anbarı yaradılmışdır. Yüksək istehlak xüsusiyyətləri nəzərə alınaraq muxtar respublikada kartof istehsalına xüsusi önəm verilir. Daxili bazarın kartofla təminatında idxaldan asılılığı azaltmaq, əhali tələbatının keyfiyyətli yerli məhsul hesabına ödənilməsini təmin etmək məqsədilə reallaşdırılan tədbirlərə uyğun olaraq, kartof əkini üçün əlverişli torpaq sahələri müəyyənləşdirilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində 2013-cü ildə 2957 hektar sahədə kartof əkilmişdir. Əkilmiş sahələrdən 41296,8 ton məhsul yığılmışdır ki, bu da 2003-cü ildəki göstəricidən 2,9 dəfə çoxdur. Muxtar respublikada bitkiçilik məhsullarına olan tələbat əsas etibarilə yerli istehsal hesabına ödənilməkdədir. 2013-cü ildə muxtar respublikada 102960 ton taxıl, 66497 ton tərəvəz, 39037,5 ton bostan məhsulları, 58389 ton meyvə və giləmeyvə istehsal olunmuşdur. 2003-cü illə müqayisədə taxıl istehsalı 41 faiz, tərəvəz istehsalı 24,6 faiz, meyvə və giləmeyvə istehsalı isə 46 faiz artmışdır. Əsas strateji xəttə uyğun olaraq, yerli tələbatın səmərəli ödənilməsi ilə yanaşı, muxtar respublikada son illər ərzində yerli tələbatdan artıq səviyyədə istehsal olunan bir sıra meyvə və tərəvəz məhsullarının ixracı davamlı xarakter almışdır. Aqrar sahədə nəzərdə tutulan xidmət işlərinin yerinə yetirilməsini sürətləndirmək, sahibkarların əməyini yüngülləşdirmək, onların lazımi texnika ilə vaxtında və guzəştli şərtlərlə təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" 2005-ci il 28 yanvar tarixli Sərəncamı ilə "Naxçıvan Aqrolizinq" Acıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Hazırda cəmiyyətin 1 satış xidmət bazası və muxtar respublikanın 6 rayonunda texniki xidmət servisləri fəaliyyət gostərir. Ötən dövr ərzində "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 348 ədədi 2013-cü ildə olmaqla, cəmi 1227 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. Aqrar sektorun inkişafında mühüm mərhələ kimi soyuducu anbarların yaradılması prosesinə xüsusi diqqət yetirilmiş və bu dövr ərzində ümumi tutumu 11 min 970 ton olan 17 soyuducu anbar istifadəyə verilmişdir.
Muxtar respublikada kənd təsərrüfatının əsas sahələrindən biri də heyvandarlıqdır. Əhalinin heyvandarlıq məhsulları ilə etibarlı təminatı məqsədilə bu sahəyə ötən dövr ərzində xüsusi diqqət yetirilmişdir. "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti 2009-cu ildən başlayaraq Almaniyadan, Avstriyadan, qonşu İran və Türkiyədən 1688 baş, o cümlədən 84 baş "Şvis", 423 baş "Simmental" və 1181 baş "Holştin-friz" cinsindən olan damazlıq boğaz düyələr gətirərək lizinq yolu ilə sahibkarlara verilmişdir. Muxtar respublikada maldarlığın cins tərkibini yaxşılaşdırmaq məqsədilə 19 süni mayalandırma məntəqəsi yaradılmışdır. 1 yanvar 2014-cü il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 106 min 215 baş, qoyun və keçilərin sayı isə 635 min 464 baş olmuşdur. Yüksək tələbata uyğun olaraq, kənd təsərrüfatının mühüm sahələrindən olan quşçuluq və balıqçılığın inkişafı müntəzəm olaraq dəstəklənmiş, ötən dövr ərzində 60 yeni quşçuluq və 11 balıqçılıq təsərrüfatları istifadəyə verilmişdir. Muxtar respublikada quşçuluq təsərrüfatlarının fəaliyyətini əlaqələndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Quşçuluq Birliyi yaradılmışdır. Heyvandarlıqda və quşçuluqda qüvvəli yemlərə olan tələbatı ödəmək məqsədilə Naxçıvan şəhərində qarışıq qüvvəli yem, Ordubad rayonunda quş yemi və Culfa rayonunda heyvan yemi istehsalı sahələri yaradılmışdır. Muxtar respublikada kənd təsərrüfatının perspektivli sahələrindən biri də arıçılıqdır. Bu sahənin inkişafı ilə əlaqədar son illər göstərilən dövlət maliyyə dəstəyinin həcmi artırılmış, balın emalı və qablaşdırılması ilə məşğul olan istehsal sahələri istifadəyə verilmişdir. Arıçılıqla məşğul olan istehsalçıların fəaliyyətinin tənzimlənməsi, bu sahədə təşkilatlanma işlərinin aparılması məqsədilə Naxçıvan Muxtar Respublikası "Arıçılar" İctimai Birliyi yaradılmışdır. 1 yanvar 2014-cü il tarixə muxtar respublikada arı ailələrinin sayı 2003-cü ilə nisbətən 3,9 dəfə artaraq 68 min 705-ə çatmışdır. 2013-cü ildə muxtar respublikada 1304 ton bal istehsal olunmuşdur ki, bu da 2003-cü ildəki müvafiq göstəricini 8,4 dəfə üstələmişdir.
Ötən əsrin 80-ci illərindən tikintisinə başlanılmış, lakin məlum səbəblər üzündən sona çatdırılmamış Vayxır Su Anbarının tikintisinə 2003-cü ildə yenidən başlanılmış və muxtar respublika rəhbərliyinin səyi nəticəsində 2005-ci ilin dekabr ayında başa çatdırılmışdır. Su anbarına Heydər Əliyevin adı verilmişdir. Həcmi 100 milyon kubmetr olan anbar istifadəyə verildikdən sonra 6919 hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılmış, ümumilikdə isə 16830 hektar sahənin suvarma suyu ilə təmin edilməsi mümkün olmuşdu. Bundan əlavə, 2007-ci ildə Arpaçay su anbarında əsaslı təmir işlərinə başlanılmış və 2008-ci ildə başa çatdırılaraq istifadəyə verilmişdir. Hazırda muxtar respublikada 30-dan artıq su anbarları və sututarları mövcuddur ki, bunlara da Araz Su Anbarı istisna olmaqla, 304,3 milyon kubmetr su ehtiyatı toplamaq mümkündür. Hər il bu su anbarlarına su ehtiyatı toplanaraq suvarma mövsümündə istifadə olunur ki, bu da çayların təbii rejimdəki su çatışmazlığının qarşısının alınması deməkdir. Ötən dövr ərzində muxtar respublikada torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması üçün Babək rayonunda bir neçə kollektor-drenaj şəbəkəsi, Şərur rayonunda 25 km uzunluğunda kollektor çəkilərək ona açıq su yığıcıları və qapalı drenajlar qoyulmuşdur ki, bu da min hektarlarla torpaq sahələrinin meliorativ cəhətdən yaxşılaşdırılmasına səbəb olmuşdur. Muxtar respublikada öz axını ilə suvarma şəbəkələri ilə yanaşı, mexaniki suvarma sistemlərinin də böyük əhəmiyyəti vardır. Belə ki, Araz çayı və digər su mənbələri üzərində qurulmuş nasos stansiyaları və ərazidəki subartezian quyuları su təminatında mühüm əhəmiyyət kəsb edirlər. Ötən dövr ərzində muxtar respublikada 48 yeni nasos stansiyası tikilərək istismara verilmiş, 35 nasos stansiyasında əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Yeraltı sulardan istifadə dünyanın bir çox yerlərində olduğu kimi, muxtar respublikamızda da böyük əhəmiyyət kəsb edir. Tariximizi özündə əks etdirən kəhrizlər qədim zamanlardan əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsində əsas hidrotexniki qurğu olmuşdur. Muxtar respublikanın relyef quruluşuna uyğun olaraq kəhriz sistemi geniş yayılmış və bəzi yaşayış məntəqələrinin su təminatı yalnız kəhrizlər vasitəsilə olmuşdur. Bu sahəyə xüsusi xidmətin vacibliyi nəzərə alınaraq 2003-cü ildə Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin nəzdində Kəhrizlər İdarəsi yaradılmışdır. Ötən müddət ərzində Kəhrizlər İdarəsi tərəfindən 380 kəhriz qeydiyyata alınmış və 131 kəhriz bərpa edilərək əhalinin istifadəsinə verilmişdir. Muxtar respublikada yeraltı sulardan həm suvarma, həm də içməli su kimi istifadə olunmaqdadır. Muxtar respublikada suvarma suyunun itkisiz torpaq mülkiyyətçilərinə verilməsi və su bölgüsü işinin düzgün qurulması məqsədilə 2005-ci ildən başlayaraq sudan istifadə edənlər birlikləri yaradılmışdır. Muxtar respublikada yerləşən yaşayış məntəqələrini və əkin sahələrini yaz mövsümində sel sularından qorumaq üçün hər il mütəmadi olaraq sahilbərkitmə işləri aparılır. 2003-cü ildən Araz çayının sol sahilində sahilbərkitmə işləri aparılmaqdadır. 2013-cü ilin sonuna Araz çayı sahilində 30 km məsafədə daşla sahilbərkitmə işləri aparılmış və bu işlər davam etdirilməkdədir. Həmçinin Arpaçay, Naxçıvançay və digər çayların da məcrasının sağ və sol sahilindəki kəndləri və əraziləri sel sularından qorumaq məqsədilə istiqamətləndirici bəndlər salınmışdır. 2000–2013-cü illərdə 188 km uzunluğunda yeni içməli su xətləri çəkilmiş, 177 km uzunluğunda içməli su xətlərində isə təmir, bərpa işləri görülmüşdür. Muxtar respublikada həyata keçirilən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın saxlanılmasından ibarətdir. Muxtar respublikanın təbii iqlim xüsusiyyətləri və relyefi, xüsusilə sənayenin müxtəlif sahələrinin inkişafı nəzərə alınaraq region üçün ən mühüm ekoloji amil olan meşələrin, yaşıllıqların qorunması və artırılması sahəsində qəbul edilmiş dövlət proqramlarına uyğun olaraq görülən işlər nəticəsində meşə ehtiyatları dəfələrlə artmışdır. Hazırda muxtar respublikanın ümumi ərazisinin 10 faizindən çoxunu yaşıllıqlar əhatə edir. 1990-cı ilin əvvəllərində isə bu göstərici 0,6 faiz həddində olmuşdur. Ötən dövr ərzində torpaqların münbitliyinin qorunması, sudan səmərəli istifadə edilməsi, ekoloji və iqtisadi səmərəlilik əsas götürülərək ölkəmizdə ilk dəfə olaraq muxtar respublikada damcı üsulu ilə suvarma sistemi yaradılmış və 1000 hektardan çox ərazidə tətbiq edilmişdir.
Muxtar respublika ərazisində təbii mühitin unikallığı, maddi-mənəvi sərvətlərin zənginliyi, flora və fauna müxtəlifliyi bu ərazilərin xüsusi qorunmasını zəruri edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 23 sentyabr tarixli Sərəncamı ilə Qafqaz ekoregionunda transsərhəd çay boyunca ilk xüsusi mühafizə olunan təbiət obyekti, Araz çayı boyunca (muxtar respublika hüdudlarına aid hissədə) "Arazboyu" Dövlət Təbiət Yasaqlığı (ərazisi 9118 hektar) yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 22 iyun tarixli Fərmanı ilə Şərur, Kəngərli, Şahbuz və Babək rayonlarının ərazisində 68 min 911 hektar sahədə "Arpaçay" Dövlət Təbiət Yasaqlığının yaradılması təbiət komplekslərinin, flora və fauna ehtiyatlarının qorunmasına, bərpasına, ekoloji balansın təmin edilməsinə müsbət təsir göstərmişdir. Kiçik Qafqazın Zəngəzur-Dərələyəz dağ silsilələrinin Naxçıvan hüdudlarına aid hissəsini əhatə edən, təbiət komplekslərinin, təbiət və tarixi mədəniyyət abidələrinin yerləşdiyi coğrafi ərazilərdə respublika və beynəlxalq əhəmiyyətli milli parkın yaradılması sahəsində zəruri işlər görülmüşdür. Ekoloji mühitin sağlamlaşdırılması, ekoturizm potensialının inkişaf etdirilməsinin dəstəklənməsi məqsədilə ölkə Prezidentinin 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə Akademik Həsən Əliyev adına Ordubad Milli Parkının ərazisi, Şahbuz Dövlət Təbiət Qoruğu, habelə muxtar respublikanın Culfa və Ordubad rayonlarının inzibati ərazisində olan dövlət meşə fondu, Şahbuz, Culfa, Ordubad rayonlarının ərazisindəki yay otlaqlarının torpaqları hesabına genişləndirilmiş, 42 min 787 hektar ərazidə Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı yaradılmışdır.
Muxtar respublika ərazisində ən xarakterik, xüsusi gözəlliyi ilə seçilən təbiət guşələri, şəlalələr, mağaralar, nadir göllər, geoloji nadir çıxıntılar, yüzillik ağaclar və digər elmi, təcrübi, tarixi əhəmiyyətə malik olan obyektlər, təbii komplekslər təbiət abidələri kimi qeydiyyata alınmış və pasportlaşdırılmışdır. Muxtar respublika ərazisində məskunlaşmış nadir və nəsli kəsilmək təhlükəsi olan bitki və heyvan növlərinin qeydiyyatının aparılması və xüsusi mühafizə olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamına əsasən, ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair "Qırmızı kitab"ların hazırlanması sayı azalmaqda olan növlərin qorunub saxlanılmasına, artırılmasına, xüsusi qaydada mühafizə edilməsinə təminat yaratmışdır. Muxtar respublikada ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində 2004–2013-cü illər ərzində 8480 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 5 milyon 512 mindən çox ağac və gül kolu əkilmişdir.
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları hər bir ölkənin sosial-iqtisadi həyatına geniş nüfuz etmişdir. Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da bu sahəyə daim diqqət və qayğı ilə yanaşılır, informasiya-kommunikasiya texnologiyaları sahəsi sürətlə inkişaf etdirilir. Muxtar respublikada rabitə və informasiya sistemlərinin, informasiya-kommunikasiya texnologiyalarının inkişafını təmin etmək məqsədilə reallaşdırılmış məqsədyönlü tədbirlər hazırkı sosial-iqtisadi inkişafda bu sahənin rolunu artırmaqdadır. Ötən dövr ərzində informasiya-kommunikasiya texnologiyalarının Naxçıvanda inkişafı üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, şəhər və rayon rabitə idarələri müasir inzibati binalarda fəaliyyət göstərir. 2002-ci ildən etibarən muxtar respublikada 114 poçt bölməsi, 115 avtomat telefon stansiyası yeni binaya köçürülmüşdür. Poçt bölmələrindən 74-ü yeni fəaliyyətə başlamış, avtomat telefon stansiyalardan isə 78-i yeni istifadəyə verilmişdir. 2002-ci ildən 2014-cü ilin yanvar ayının 1-nə kimi muxtar respublikada yeni elektrontipli avtomat telefon stansiyalarının və "Naxtel" simsiz rabitə şəbəkəsi üzrə yeni baza stansiyalarının yaradılması ilə 31 min 710 ədəd yeni telefon nömrəsi istismara verilmişdir.
Muxtar respublika ərazisində 4 mobil operator fəaliyyət göstərir və bu da yaşayış ərazilərinin 90 faizindən çoxunu mobil rabitə ilə təmin edir. 1 yanvar 2014-cü il tarixə muxtar respublikada hər yüz ailəyə düşən stasionar telefon aparatlarının sayı 67-yə çatmış, əhalinin hər 100 nəfərinə isə düşən mobil telefonlarının sayı isə 104 ədəd olmuşdur.
Muxtar respublikanın telekommunikasiya şəbəkəsi beynəlxalq Trans-Asiya-Avropa fiber-optik kabel magistralına qoşulmuş, ilk dəfə Naxçıvanın tranzit telekommunikasiya imkanları yaradılmışdır. Magistralın Naxçıvan-Ordubad, Naxçıvan-Sədərək və Naxçıvan-Şahbuz hissələri üzərində qurulan optik rəqəmsal şəbəkələr elektron hökumət və genişzolaqlı xidmətlərin həyata keçirilməsinə şərait yaratmışdır. Hazırda muxtar respublikanın mövcud telekommunikasiya şəbəkəsinin 94 faizi optik şəbəkəyə birləşdirilmişdir. Optik şəbəkənin genişləndirilməsi evlərə də optik kabelin çəkilməsinə imkan vermiş, 2012-ci ilin avqust ayından etibarən Naxçıvan şəhərində "Evədək optika" layihəsinin icrasına başlanmışdır. Telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi məqsədilə Naxçıvan-Türkiyə-Gürcüstan-Bakı istiqamətində optik kabel üzərindən rabitə kanalları yaradılmış, Naxçıvan-İran-Bakı istiqamətində yeni STM-16 səviyyəli telekommunikasiya əlaqələri təşkil edilmişdir. Bundan əlavə, daxili telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi məqsədilə hazırda Ordubad-Sədərək arası fiber-optik magistralın tikintisi davam etdirilir. Ötən müddət ərzində muxtar respublikanın telekommunikasiya sisteminin yenilənməsi diqqət mərkəzində saxlanılmış, Şərur, Sədərək, Şahbuz və Babək rayonlarını əhatə edən 3-cü nəsil telekommunikasiya xidmətlərindən istifadəyə imkan verən NGN avadanlıqları istifadəyə verilmişdir. Muxtar respublikanın telekommunikasiya şəbəkəsi üzrə telefon nömrələri 7 rəqəmli nömrə planına keçirilmişdir. Hazırda istifadə olunan avtomat telefon stansiyalarının 80-i yeni nəsil texnologiyaları təşkil edir. Hazırda muxtar respublikanın yaşayış ərazilərinin 92 faizində genişzolaqlı internet, 80 faizində isə simsiz internet xidmətləri göstərilir. Muxtar respublikaya daxil olan internet kanalının sürəti 512 kb/san-dən 2 gb/san-dək artırılmış, internet xidmətlərinin tarifləri aşağı salınmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışarkən demişdir: "Bu gün muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük layihələr həyata keçirilir. 1997-ci ildən başlayaraq muxtar respublikada bütün telefon stansiyaları avtomatlaşdırılmış, fiber-optik kabellər çəkilmiş, yeni poçt şöbələri yaradılmış və digər tədbirlər həyata keçirilmişdir. Qısa zaman kəsiyində görülən işlər muxtar respublikanın informasiya blokadasından çıxmasına səbəb olmuşdur". Naxçıvan Muxtar Respublikasında informasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması sahəsində də ardıcıl tədbirlər görülür. Bu gün informasiya sistemlərinin inkişafına, informasiya təhlükəsizliyinin təmin edilməsinə, elektron hökumət, elektron imza və elektron sənəd dövriyyəsinin tətbiqinə, elektron poçt-maliyyə xidmətlərinin, rəqəmsal yayımın təşkilinə, ayrı-ayrı sahələr üzrə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə, internetdən istifadə səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikasında "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanına əsasən, dövlət orqanlarının göstərəcəyi elektron xidmətlərin reqlamentləri təsdiq edilmiş, reyestr kodları verilmiş və internet saytlarında yerləşdirilmişdir. Dövlət orqanlarının elektron xidmətlərindən "bir pəncərə" prinsipi əsasında istifadənin təşkili məqsədilə "Elektron hökumət" portalı yaradılmış, 34 dövlət orqanının xidmətləri portala inteqrasiya edilmişdir. "Elektron hökumət" portalı üzərindən real vaxt rejimində elektrik, təbii qaz və rabitə xidmətləri genişzolaqlı internet xidmət haqlarının ödənilməsi təşkil edilmiş, istifadəçilərin portalda online qeydiyyatdan keçməsi üçün İAMAS sisteminə qoşulma və portalın təhlükəsizliyi ilə əlaqədar tədbirlər görülmüşdür.
Hər 100 ailəyə düşən stasionar telefon aparatlarının sayı, ədəd
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
Muxtar respublikada keyfiyyətli televiziya yayımının təşkili istiqamətində 2012-ci ilin mart ayından etibarən rəqəmsal televiziyanın yayımına başlanılmışdır. Hazırda muxtar respublikanın yaşayış ərazilərinin 94 faizində rəqəmsal yayım təşkil edilmiş və bu sahə üzrə müvafiq işlər davam etdirilir. Bundan əlavə, Naxçıvan ərazisində geniş imkanları olan İP televiziya fəaliyyətə başlamışdır ki, bu da muxtar respublika sakinlərinə yeni nəsil telekommunikasiya sistemi üzərindən televiziya kanallarını izləmək və digər xidmətlərindən yararlanmaq imkanı yaratmışdır. "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin peyklərin idarə olunması üçün ehtiyat idarəetmə mərkəzinin Naxçıvan ərazisində yaradılması muxtar respublika üçün mühüm əhəmiyyətə malikdir. "Azərspace-1" peykinin orbitə buraxılması ilə muxtar respublikanın ərazisində də keyfiyyətli televiziya və radio yayımı, o cümlədən sürətli internet xidmətlərin göstərilməsi təmin olunacaq, giriş-çıxış telekommunikasiya kanallarının üçüncü alternativi yaranacaq, məsafədən təhsil və elektron səhiyyə kimi proqramlar üçün platforma yaradılacaqdır.
Muxtar respublikada poçt işinin müasir tələblər səviyyəsində qurulması və bu sahədə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 30 iyul tarixli Sərəncamı ilə "Naxçıvanpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmış, onun rayon filiallarının təşkili üçün müvafiq işlərin icrası başa çatdırılmışdır. Poçt xidmətinin həcminin artırılması ilə əlaqədar olaraq, beynəlxalq poçtdaşıma işlərinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır. Muxtar respublika ərazisində beynəlxalq poçtdaşımaları həyata keçirmək üçün "Express Mail Servis", DHL beynəlxalq ekspress poçt xidmətləri fəaliyyət göstərir ki, bu da məktubların, sənədlərin və malların ən qısa zamanda göstərilən ünvana etibarlı çatdırılmasına və elektron ticarətin inkişafına müsbət təsir göstərir.
İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ümumilikdə, bu sahə üzrə göstərilən xidmətlərin həcminin dinamik artımına da zəmin yaratmışdır. Belə ki, 2013-cü ildə informasiya və rabitə xidmətlərinin həcmi 45 milyon 52 min manat olmuşdur ki, bu da 2003-cü ildəki müvafiq göstəricidən 10,3 dəfə çoxdur.
Nəqliyyat sisteminin ahəngdar işinin bərpası məqsədilə bu dövr ərzində hava nəqliyyatının işinin gücləndirilməsi, qonşu xarici ölkələrin ərazisindən tranzit istifadə imkanlarının genişləndirilməsi, avtomobil yolları şəbəkəsinin və dəmir yolu infrastrukturunun müasirləşdirilməsi istiqamətində irimiqyaslı layihələrin icrası həyata keçirilmişdir. Ötən dövr ərzində blokada vəziyyəti ilə bağlı çətinlikləri aradan qaldırmaq və nəqliyyat infrastrukturunu müasirləşdirmək sahəsində əsaslı tədbirlərə uyğun olaraq, Naxçıvan Beynəlxalq Hava Limanının, Sədərək, Culfa və Şahtaxtı sərhəd-keçid komplekslərinin, Culfa və Şahtaxtı sərhəd keçid məntəqələrində yeni körpülərin istifadəyə verilməsi, "Bakı-Naxçıvan-Bakı", "Naxçıvan-Təbriz-Naxçıvan" müntəzəm avtobus və yeni hava nəqliyyatı marşrutlarının açılması nəqliyyat əlaqələrinin genişlənməsində mühüm mərhələ olmuşdur.
Muxtar respublikada yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində də kompleks tədbirlər həyata keçirilir. Bu sahədə tədbirlərin intensivləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının Culfa, Kəngərli və Babək rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamlar imzalamışdır. Sərəncamlara əsasən, Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5 milyon manat, o cümlədən Culfa rayonunda uzunluğu 57,6 km olan, 25 min nəfər əhalinin yaşadığı 20 kəndi əhatə edən Çeşməbasar Boyəhməd avtomobil yolunun yenidən qurulması üçün 3 milyon, Kəngərli rayonunda uzunluğu 39,2 km olan, 12 min nəfər əhalinin yaşadığı 5 kəndi əhatə edən Naxçıvan-Sədərək magistralı Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolunun yenidə qurulması üçün 2 milyon manat, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun 18 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Hacıvar-Vayxır-Sirab avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 6,3 milyon manat vəsait ayrılmış və müvafiq işlər vaxtında başa çatdırılmışdır. Son 10 ildə muxtar respublikada 1709 kilometr uzunluğunda yeni avtomobil yolları salınmış və ya əsaslı təmir olunmuş, 61 körpü tikilmişdir. Son illər yol təsərrüfatının yenidən qurulmasında əsas amil olan keyfiyyətli asfalt istehsalı üçün möhkəm zəmin yaradılmış, müasir avadanlıqlarla təmin olunmuş yeni asfalt-beton zavodları, qum-çınqıl karxanaları və bitum anbarları istifadəyə verilmişdir. Naxçıvan şəhərində şəhərdaxili marşrutlarda sərnişinlərə xidmətin səviyyəsi günbəgün yaxşılaşmaqdadır. Belə ki, bu marşrutda işləmək üçün son illər beynəlxalq standartlara uyğun 37 ədəd yeni markalı avtobuslar gətirilmişdir. Hazırda muxtar respublikanın rayon mərkəzlərinə və kəndlərinə 297 ədəd marşrut avtobusları işləyir və əhalinin rahatlığını təmin etmək üçün Naxçıvan, Şərur, Ordubad, Culfa və Şahbuz şəhərlərində yüksək standartlara uyğun avtovağzallar tikilərək sərnişinlərin xidmətinə verilmişdir.
Dəmir yolunun inkişafı istiqamətində son dövrlər ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində Naxçıvan, Şərur, Şahtaxtı, Culfa sərnişin vağzalı binalarında, Naxçıvan, Dərəşam, Nehrəm, Vəlidağ, Qıvraq, Dəstə, Şahtaxtı, Culfa stansiyaları İdarəetmə mərkəzlərində "Naxçıvan Dəmir Yolları" Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasında, əlavə olaraq 20-yə yaxın inzibati və yardımçı binada əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011–2015-ci illər üzrə İnkişaf Proqramı" dəmir yolu nəqliyyatının inkişafına təkan vermişdir. İnkişaf Proqramına uyğun olaraq, mühüm dəmiryol qovşağı olan Culfa stansiyasında Yük və Sərnişin Daşımaları İdarəsinin inzibati binası, Culfa Lokomotiv Deposu, Lokomotiv Briqadalarının İdarəedilməsi Mərkəzi və Radio-Rabitə sexi binası əsaslı təmir edilərək istifadəyə verilmiş, dəmiryol keçidləri yenidən qurulmuş, yeni dəmiryol keçidi salınmışdır. 2013-cü ildə muxtar respublikada nəqliyyat sektorunda yük daşınması 2003-cü illə müqayisədə 2,6 dəfə, sərnişin daşınması isə 2,5 dəfə artmışdır.
İ. Hacıyev, B. İsmayılov. Naxçıvan Muxtar Respublikası — 90 (Quruculuq salnaməsi). Naxçıvan — 2014. 184 səh.