Nazim Əfəndiyev (metallurq)

Nazim Əfəndiyev (Əfəndiyev Nazim Tofiq oğlu; d. 16 dekabr 1963. Bakı, Azərbaycan SSR, SSRİ) — “Metalloinvest” İK ASC‑nin baş direktorunun birinci müavini – kommersiya direktoru. “Rusiya Federasiyasının fəxri metallurqu” (2014). Orenburq vilayəti V çağırış Qanunverici Məclisin deputatı (2011).

Həyatı[redaktə | mənbəni redaktə et]

Əfəndiyev Nazim Tofiq oğlu 1963-cü il dekabrın 16-da Bakıda anadan olub. 1985-ci ildə Xarici Dillər Hərbi İnstitutunu, 1995-ci ildə Kinqston Universitetində (Böyük Britaniya) MBİ-nin (Master of Business Administration, tərcümədə – “Magistr Biznes-İnzibatçılıq”) xüsusi Beynəlxalq Menecment proqramı üzrə Xalq Təsərrüfatı Akademiyasını bitirib. 1985-1992-ci illərdə Silahlı Qüvvələrin sıralarında xidmət edib. 1996-cı ildən N.Əfəndiyev “Sibirskiy alyuminiy” kompaniyasında Sayan alüminium zavodunun kommersiya direktorunun müavini, Samara metallurgiya zavodunun Ticarət Evinin direktoru vəzifələrində çalışıb, “Russkiy alyuminiy” kompaniyasının prokat divizionuna başçılıq edib. 2001-ci ildən “NOSTA” ASC və “Uralskaya Stal” kompaniyasında satış üzrə direktor işləyib. 2004-cü ilin mayında “Uralskaya Stal” kompaniyasının baş direktoru təyin edilib. 2006-2007-ci illərdə “Metalloinvest” İK ASC-nin icraçı direktoru olub.[1]

2007-ci ildə “Uralmaşzavod” ASC-nin baş direktoru, 2007-2009-cu illərdə “Uralmaş” Maşınqayırma Korporasiyası” QSC-nin baş direktoru vəzifələrində çalışıb. 2008-2011-ci illərdə Sverdlovsk vilayəti Qanunverici Məclisinin Nümayəndələr palatasının deputatı olub. 2011-ci ildən Orenburq vilayəti V çağırış Qanunverici Məclisin deputatıdır.

2010-2012-ci illərdə “Uralskaya Stal” ASC-nin idarəetmə direktoru işləyib. 2011-ci ilin sentyabrından “Metalloinvest” İK ASC-nin baş direktorunun müavini olub. 2011-2012-ci illərdə “Metalloinvest” İK ASC-nin baş direktorunun dövlət hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqə üzrə müavini vəzifəsini tutub.

N.Əfəndiyev 2012-ci ildən “Metalloinvest” İK ASC-nin baş direktorunun birinci müavini - kommersiya direktoru vəzifəsində çalışır. 2014-cü ildən “Metalloinvest” İK ASC-nin direktorlar şurasının üzvüdür.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

2014-cü ildə o, “Rusiya Federasiyasının fəxri metallurqu” adını alıb. Metallurgiya sahəsinin inkişafına verdiyi böyük töhfəyə görə N.Əfəndiyevə RF Sənaye-Ticarət Nazirliyinin idarə mükafatı təqdim olunub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.