Neftli-qazlı süxurlar – məsaməli qum, qumlu-gil, qumdaşları, əhəngdaşlarından ibarət neft və qaz yataqları saxlayan süxurlar. Əsasən çökmə və qismən vulkanogen-çökmə süxur hövzələri ilə əlaqədardır. Burada mövcud olan endogen, ekzogen və biokimyəvi proseslər nəticəsində C və H elementlərinin sintez dəyişmələri baş verir. Süxurlarda çatlılığın az olması və yaxud heç olmaması səbəbində qaz materialının da toplanması üçün şərait yaranır. Kimyəvi elementlərdən Ca, Ba, Mo, Br, S, Cs və s. ilə zəngin və əksinə Mg, Si, P və Sr elementləri ilə kasıb olur. Nefli süxurlardan fərqli olaraq neftli-qazlı süxurlarda C elementinin də toplanması müşahidə olunur. Neftli süxurlarda ən çox Br elementi axtarış əhəmiyyəti daşıdığı halda, neftli-qazlı süxurlarda S elementi aparıcı əlamət hesab olunur. Biofil elementlərdən K, C və J birləşmələrinin miqrasiyası yüksəkdir. Ba / Al nisbətlərinin yüksək göstəriciləri səciyyəvidir.
H.L.Mustafabəyli. Geokimya terminlərinin izahlı lüğəti (azərbaycan). Şəki: Kaskad. 2017. səh. 131. ISBN 978-9952-8330-0-3.