Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik üzrə Bakı Konfransı

Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik üzrə Bakı Konfransı — oktyabr ayının 20-də Bakı şəhərində təşkil edilən konfrans nəzərdə tutulur. Konfransda rəsmi şəxslər, 14 ölkənin, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsikanın təmsilçiləri də iştirak etmişdirlər.[1]

Təşkili[redaktə | mənbəni redaktə et]

Konfrans Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə həyata keçirilmişdir. Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində bu ilin iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.[2]

Bundan əvvəl BTQ bu ilin sentyabrın 22-də ABŞ-ın Nyu-York şəhərində yerləşən BMT-nin mənzil qərargahında “Dekolonizasiya: Sakit İnqilab” adlı konfrans keçirib. Tədbirin əsas məqsədi BMT Baş Assambleyası tərəfindən 75/123 nömrəli “Müstəmləkəçiliyin ləğvi üzrə beynəlxalq dördüncü onillik” adlı qətnamənin qəbulunun yaratdığı imkanlardan yararlanmaq üçün müzakirələrin aparılması və Fransanın müstəmləkə siyasətinin dünya birliyinə çatdırılması olub.[3]

Konfransın gedişatı[redaktə | mənbəni redaktə et]

Prezident İlham Əliyev Bakıda "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlamışdır. Müraciətdə Fransa xüsusən tənqid edilmişdir:[4][5]

...Sizi “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransın açılışı münasibətilə salamlayıram. Müxtəlif qitələri təmsil edən 14 ölkə, habelə ədalət uğrunda mübarizə aparan ərazilərin təmsilçilərinin Bakıya toplaşaraq, XXI əsrdə təəssüf ki, hələ də davam edən kolonializm siyasətini pisləməsi və onun aradan qaldırılması istiqamətində sistemli və ardıcıl iş aparması və təşkilatlanması sevindirici haldır...Azərbaycan XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyllərinin artmasından olduqca narahatdır. Bandunq Konfransından 70 ilə yaxın dövrün keçməsinə rəğmən kolonializmi hələ də davam etdirən ölkələr var. Belə ölkələrdən biri və birincisi Fransadır.

Buna cavab olaraq konfransın iştiraçılarının da prezidentə müraciəti yayımlanmışdır:[6]

Biz - Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 2023-cü il oktyabrın 20-də Bakıda “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik " mövzusunda keçirilən konfransın iştirakçıları olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciətini yüksək qiymətləndirir və ədalət və azadlıq uğrunda haqlı mübarizəmizə ardıcıl dəstəyinə görə minnətdarlığımızı bildiririk.

Bundan əlavə, biz Azərbaycan Respublikasının Qoşulmama Hərəkatının fundamental prinsiplərinə, beynəlxalq hüququn norma və prinsiplərinə, habelə BMT Nizamnaməsində təsbit olunmuş məqsəd və prinsiplərə sadiqliyini yüksək qiymətləndiririk.

Biz Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə gördüyü işləri, irəli sürdüyü təşəbbüsləri və təşkilatın fəaliyyətinin genişləndirilməsi və beynəlxalq nüfuzunun artırılması istiqamətində atdığı addımları, xüsusən də müstəmləkəçiliyə qarşı mübarizədə qətiyyətli mövqeyini alqışlayırıq.

Əminik ki, bizim kollektiv və ədalətli mübarizəmiz, eləcə də dünya ictimaiyyətinin bununla bağlı artan tələbi dekolonizasiya ilə bağlı lazımi addımların atılması, təbii hüquq və azadlıqlarımızın təmin olunması ilə nəticələnəcək.

Biz Bakı Təşəbbüs Qrupunun bu ilin iyulunda Bakıda və sentyabrda Nyu-Yorkda təşkil etdiyi tədbirlərin yekun sənədlərində öz əksini tapmış prinsipial mövqeyimizin düzgünlüyünü və aktuallığını bir daha təsdiqləyirik

Konfransda iştirak edən Əlcəzairin Ali təhsil və elmi tədqiqatlar nazirinin müşaviri Youcef Houri Fransanın insan hüquqları məsələsində dərs verəcək son ölkə olduğunu, onun Əlcəzair xalqına qarşı soyqırım siyasəti yürütdüyünü bildirmişdir.[7] Yeni Kaledoniya Parlamentinin üzvü İzabel Serai Kaloi Bearuni müsahibəsində Fransa siyasətinə görə ölkələrinin iqtisadiyyatının bərbad vəziyyətdə olduğunu, 1980-ci illərdəki milli hərəkatın liderinin elə həmin dövrdə qəza adı ilə sui-qəsdə qurban getdiyini bildirmiş, Fransanın isə onların ölkələrini istismar etdiyini, bunun da təbii fəlakətlərə yol açdığını qeyd etmişdir.[8] Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Luk Fransis Karol isə Fransanın müstəmləkəçi dövlət olduğunu, Fransa Mali, Burkina-Faso, Qvineya kimi ölkələrinin xammalını istismar edir, hərbi və iqtisadi cəhətdən bu ölkələri idarə etdiyini demişdir.[9]

Konfransda iştirak edən və Korsikanı təmsil edən “Corsica Libera” partiyasının nümayəndəsi Fransua Benedetti Fransanın nüvə silahı siyasətinə, onun Polineziyada bu silahları sınaqdan keçirdiyini, Korsikada da bunu etməyə çalışdığını, lakin ərazinin Fransaya yaxın olmasına görə bu fikrindən daşındığını bildirmişdir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Bakıda "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda konfrans keçirilir". azertag.az. 20 oktyabr 2020. İstifadə tarixi: 20 oktyabr 2023.
  2. "Bakıda Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı beynəlxalq konfrans keçiriləcək". qafqazinfo.az. 20 oktyabr 2023. İstifadə tarixi: 20 oktyabr 2023.
  3. 1 2 "Sabah Bakıda Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı beynəlxalq konfrans keçiriləcək". oxu.az. 19 oktyabr 2023. İstifadə tarixi: 20 oktyabr 2023.
  4. "İlham Əliyev Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb". report.az. 20 oktyabr 2023. İstifadə tarixi: 20 oktyabr 2023.
  5. "Prezident: Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəkləyir". xalqqazeti.az. 20 oktyabr 2023. İstifadə tarixi: 20 oktyabr 2023.
  6. "Beynəlxalq konfrans iştirakçıları Azərbaycan Prezidentinə müraciət ünvanlayıblar". azertag.az. 20 oktyabr 2023. İstifadə tarixi: 20 oktyabr 2023.
  7. "Əlcəzair təmsilçisi: Fransa planetimizdə dərs verə biləcək ən son ölkədir". azertag.az. 20 oktyabr 2023. İstifadə tarixi: 20 oktyabr 2023.
  8. "Yeni Kaledoniya deputatı: Beynəlxalq ictimaiyyət Fransanın resurslarımızı mənimsəməsinə göz yumub". azertag.az. 20 oktyabr 2023. İstifadə tarixi: 20 oktyabr 2023.
  9. "Martinikanın Azadlıq Partiyasının nümayəndəsi: Fransanın Afrika ölkələrindən çıxmasının vaxtı çatıb". azertag.az. 20 oktyabr 2023. İstifadə tarixi: 20 oktyabr 2023.