Bu məqaləni vikiləşdirmək lazımdır. |
Neotomizm — Avkinalı Fomanın ideyalarını inkişaf etdirən dini–fəlsəfi təlimdir. Neotomizm XX əsdə daha sürətlə yayılmış və hazırda da böyük və nüfuzlu cərəyan olaraq qalmaqdadır. Onun tərəfdarları təkidlə qeyd edirlər ki, "yalnız din nicat verə bilər", ən kəskin ictimai suallara yeganə cavab bundan ibarətdir ki, "xristianlıq ruhu həyatımıza daha təsirli nüfuz etməlidir".
Əslində Neotomizm orta əsr sxolastı Akvinalı Fomanın Vatikan tərəfindən katolik kilsəsinin rəsmi fəlsəfəsi kimi qəbul edilən təliminin yeniləşdirilmiş variantından ibarətdir. Neotomistlər təliminin ən ümdə əsası bundan ibartdir ki, Allah aləmin xaliqi və külli–ixtiyar sahibidir. Neotomistlərin fikrincə, təbiət "ilahi ideyaların tətbiqi", tarix isə "ilahi planın həyata keçirilməsidir". Onlara görə, həqiqəti dərk etmək üçün üç forma vardır: elm, fəlsəfə və din. Bu formaların ən aşağısı elmdir. Onlara görə, elmin verdiyi bilik mötəbər deyildir və yalnız cismani qılafla məhduddur ki, həmin qılaf da aləmin həqiqi mənəvi mahiyyətini gizlədir, bu mahiyyətə elm nüfuz edə bilmir və bunu qismən fəlsəfə, yaxud metafizika kəşf edə bilər. Elmdən fərqli olaraq fəlsəfə aləmin mövcudluğunun ilk səbəbi məsələsini irəli sürür və belə bir nəticəyə gəlir ki, bu ilk səbəb ali mənəvi başlanğıcdır, yaxud aləmi yaradan Allahdır. Neotomistlərin təliminə görə, ali həqiqət yalnız vəhy və dini iman yolu ilə dərk edilir ki, elm və fəlsəfə də özünün dünyagörüşü əhəmiyyəti olan bütün prinsipial nəticələrini bu dini imanla uzlaşdırmalıdır.
Neotomizmin ən görkəmli nümayəndələri J.Mariten (1882– 1973), E.Jilson, Q.Vetter və Y.Boxenski hesab olunur.
Ümumiyyətlə, neotomizm təlimi müxtəlif fəlsəfi fənlər sisteminə əsaslanır. Onlardan metafizika, qnoseologiya, naturfəlsəfə, etika, estetika, sosiologiya və s. göstərmək olar. Neotomist fəlsəfəsinin mərkəzində varlığın universal fəlsəfi nəzəriyyəsi rolunda çıxış edən metafizika durur. Ümumi metafizika özündə ontologiyanı (ümumiyyətlə, varlıq haqqında və necə var o cür varlıq haqqında təlimi) birləşdirir. Xüsusi metafizika dünya və insan haqqında təlimi ifadə edir.