Nigar Şıxlinskaya

Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya (10 oktyabr 1871 və ya 21 mart 1878, Tiflis15 avqust 1931, Bakı, Azərbaycan SSR, SSRİ) — ilk azərbaycanlı şəfqət bacısı, ilk ali təhsilli azərbaycanlı qadın. Birinci Dünya müharibəsində yaralılara tibbi yardım göstərən Qadın Komitəsinin sədri, General Əliağa Şıxlinskinin həyat yoldaşı.

Nigar Şıxlinskaya
Doğum tarixi 10 oktyabr 1871(1871-10-10) və ya 21 mart 1878(1878-03-21)
Doğum yeri
Vəfat tarixi 15 avqust 1931(1931-08-15)
Vəfat yeri
Dəfn yeri
Həyat yoldaşı
Atası Mirzə Hüseyn Qayıbzadə
Fəaliyyəti tibb bacısı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya 1871-ci ildə Tiflisdə anadan olmuşdur[1]. İlk azərbaycanlı şəfqət bacısıdır. Birinci dünya müharibəsinin iştirakçısıdır. Tiflisdə Zaqafqaziya Qızlar İnstitutunu bitirən (1889) ilk ali təhsilli azərbaycanlı qadındır. Rus, fransız, ərəb, fars dillərini mükəmməl bilirdi.

1909-cu ildə polkovnik Əliağa Şıxlinski qohumları ilə görüşmək üçün Tiflisə gəldi. Bu günə qədər ömrünün qırx altıncı baharına qədəm qoyan mərd topçu zabit hərbi sahədə misilsiz xidmətlər göstərmiş, Sankt-Peterburqdakı Mixail artilleriya məktəbini bitirdikdən sonra qüsursuz qulluğa, Uzaq Şərq müharibəsi zamanı Port-Artur müdafiəsi zamanı şücaət və hünərinə görə Rusiya imperiyasının bir sıra mötəbər mükafatlarına — ikinci və üçüncü dərəcəli Müqəddəs Stanislav, üçüncü və dördüncü dərəcəli Müqəddəs Vladimir, üçüncü və dördüncü dərəcəli Müqəddəs Anna, qızıl qılıncla birlikdə təqdim olunan dördüncü dərəcəli Müqəddəs Georgi ordenlərinə və rus-yapon müharibəsinin xatirə medalına layiq görülmüşdür. Tsarskoye Selodakı Artilleriya zabitləri məktəbində müvəffəqiyyətlə oxuyub biliklərini müəllim qismində həmin tədris müəssisəsinin müdavimlərinə ötürən Ə. Şıxlinski bütun hərbi mütəxəssislərini heyrətə gətirmiş Şıxlinski uçbucağı kimi tanınan artilleriya atəşinin dəqiqliyini artıran sxem işləyib hazırlamışdır. Məzuniyyəti zamanı o, burada Nigar xanıma rast gəlir. Qismətlərinə yazılmış bu görüş sonrakı həyat yollarını müəyyən etmiş, talelərini bir-biri bağlamışdır. Çox vaxt keçmədən ürəkləri qarşılıqlı məhəbbət hissi ilə döyünən bu cütlük ailə qurdu.

Tibbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Nigar xanım ağlı, biliyi, dünyagörüşü ilə görkəmli sərkərdənin, doğrudan da, həyat dostu olur. Birinci Dünya müharibəsi başlayanda, yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinin sədri seçilir. Nigar xanımın başçılıq etdiyi xəstəxana o qədər məşhurlaşıbmış ki, ora "Şıxlinski xəstəxanası" deyirlərmiş. O, həmçinin 1914-cü ildə yaradılan Qadın Xeyriyyə Cəmiyyətinin də sədri idi. Bundan başqa 1920-ci il martın 10-da Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilir. Nigar Şıxlinskaya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin "Şəfqət xidməti"nin banisi olur. Həmçinin Nigar xanım məqalələr yazır, dul qadınların, ailədən məhrum olmuş uşaqların haqlarını qoruyurdu.

İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1918-ci ildən Ə.Şıxlinski Qafqaza qayıdır. Bakıya qayıtdıqdan sonra Nigar xanım "Yeni fikir" qəzetində Azərbaycan ədəbiyyatına, dilinə aid məqalələr yazır. "Dilimizdə olan ərəb, fars sözlərini mümkün qədər əvəz edib Azərbaycan sözlərini işlətmək lazımdır. Çünki öz dilimizdə Azərbaycan sözləri çoxdur. Ərəb və fars sözlərini ancaq azərbaycanca əvəzi olmadıqda izahlarla işlətməliyik",- deyə yazılmış məqalələri çapdan çıxır.

1931-ci il avqustun 12-də generala ağır itki üz verir — Nigar xanım vəfat edir. Nigar xanımın anası Səadət xanım qızından bir il öncə dünyasını dəyişmişdi. Həm anasının ölümü, həm də bircə oğlunun Türkiyədə itkin düşməsi Nigar xanımı sarsıtmaya bilməzdi.

Nigar xanım Əliağa Şıxlınskinin xatirələrində

[redaktə | mənbəni redaktə et]

Ə.Şıxlinski "Xatirələrində" belə yazır: "Mənim hər şeyim: həm səadətim, həm də səhhətim onunla getdi "Bir yerdə keçirmiş olduğumuz iyirmi iki illik həyatın aydın səmasında bir bulud ləkəsi belə görünmədi". "Mənim ölüm tariximi sevimli Nigar xanımın vəfatı günü ilə hesablayın". Şıxlınski özü isə Nigar xanımdan 11 il sonra vəfat edir. Bu 11 il ərzində isə hər cümə axşamı günündə Nigar xanımın qəbrini ziyarət edir. Generalın 4 vəsiyyəti var və bu 4 vəsiyyətin dördündə də qeyd edir ki, məni sevimli Nigar xanımın yanında dəfn edərsiniz. Əliağa Şıxlınskinin Nigar xanıma həsr etdiyi "Ey Sevdiyim Dilruba", "Ana və onun əziz Nigarına" adlı şeiri var. Şeirlər o qədər incə ruhla yazılıb ki,istər istəməz bir hərbçinin qələmindən çıxmasına inanmaq çətindir. Amma bu həqiqətən də belə idi. Şair qəlbli general və onun zəngin dünyagörüşə malik xanımına yazdığı bu şeirlər o qədər gözəldir ki, hətta Üzeyir Hacıbəyov "Ey sevdiyim,ey dilruba" şeirinin 2 bəndinə romans bəstələmişdir. Əliağa Şıxlınski də elə Nigar xanımın vəfat etdiyi ayda 1942-ci ilin avqust ayında vəfat edir və Nigar xanımla yanaşı dəfn olunur.

Nigar xanım Şıxlinskayanın bir sıra şəxsi əşyalari və məktubları AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya və Sənədli mənbələr fondlarında qorunub saxlanılır. Bunlardan Etnoqrafiya fondunda (EF) Nigar xanıma aid olan əl dəsmalı ücün üzü qırmızı rəngli atlasdan olan qovluğu, açıq qəhvəyi rəngli, dördbucaq formalı həsirdən olan zəmbili, xına üçün bürüncdən olan ləyəni, Nigar xanımın şəfqət bacısı olduğu müddətdə istifadə etdiyi tibb ləvazimatlarından olan müalicə üçün kəsik konus formalı şüşədən hazırlanmış bankanı, ağ rəngli əczaçı şüşəsini və ağ rəngli şüşədən olan dərəcə işarəli menzurkanı qeyd etmək olar[2].

  1. "Nigar Şixlinskaya (1878 - 1940)". 2019-12-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-23.
  2. Nərmin Bağırova. Ziyalı azərbaycanlı qadın Nigar xanım Şıxlinskaya Arxivləşdirilib 2023-08-05 at the Wayback Machine / Milli Azərbaycan Tarixi Muzeyi-2009. Bakı, 2009. S. 98–105

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]