Nizami Cəfərov (Cəfərov Nizami Nəcəf oğlu; d. 1957. Təzəkənd, İsmayıllı rayonu, Azərbaycan SSR, SSRİ) — Qazaxıstan alimi; Geologiya‑mineralogiya elmləri doktoru. “Asbest geoloji kəşfiyyat müəssisəsi” MMO‑nun baş direktoru. 2001-ci ildə Moskva Beynəlxalq Mühəndislik Akademiyasının (2001) və Qazaxıstan Respublikası Milli Mühəndislik Akademiyasının (2003) həqiqi üzvü.
Nizami Cəfərov | |
---|---|
Cəfərov Nizami Nəcəf oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Təzəkənd, İsmayıllı rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Elmi dərəcəsi | Geologiya‑mineralogiya elmləri doktoru |
Təhsili | Bakı Dövlət Universiteti |
Mükafatları |
Cəfərov Nizami Nəcəf oğlu 1957-ci il iyunun 2-də Azərbaycan Respublikasının İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olub. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) “geoloji çəkiliş, faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı” ixtisası üzrə əla qiymətlərlə bitirib. Elə həmin ildə Kustanay vilayətinin Jitikara şəhərində SSRİ Sənaye Tikinti Materialları Nazirliyinin “Sentrgeolnerud” ekspedisiyasının geoloji kəşfiyyat partiyasında əmək fəaliyyətinə başlayıb, geoloq, baş geoloq, 1982-1996-cı illərdə isə partiyanın rəisi işləyib.
1988-1989-cu illərdə Yəmən Ərəb Respublikasına sement xammalı yatağının kəşfiyyatı üzrə müqavilənin texniki direktoru göndərilib. 1996-cı ildən indiyədək N.Cəfərov “Asbest geoloji kəşfiyyat müəssisəsi” MMO-nun baş direktorudur.
O, sənayedəki işini elmi fəaliyyəti ilə birləşdirib. 1981-ci ildə Sverdlovsk Dağ-Mədən İnstitutunun aspiranturasına qəbul olunub və 1985-ci ildə “Jitikar yatağında xrizotil-asbest yığınının geoloji yerləşmə şəraiti və onların kəşfiyyat metodikası” mövzusunda dissertasiya müdafiə edib. 1999-cu ildə isə Almatı şəhərində Beynəlxalq Akademik Assosiasiyanın nümayəndəliyində “Qazaxıstanın xrizotil-asbesti” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.[1]
N.Cəfərov 2001-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının (Moskva) akademiki, 2003-cü ildə isə Qazaxıstan Respublikası Milli Mühəndislik Akademiyasının həqiqi üzvü (akademik) seçilib.
N.Cəfərovun bütün elmi və istehsal fəaliyyəti faydalı qazıntı yataqlarının öyrənilməsinin müxtəlif problemləri üzrə işlərin yerinə yetirilməsinə, yeraltı sərvətlərdən kompleks və səmərəli istifadə olunmasına yönəlib. Müasir mobilizm nəzəriyyəsi əsasında alim tərəfindən xrizotil-asbest yataqlarının yaranmasının və qorunmasının geoloji-genetik modeli hazırlanıb, Qazaxıstanın mineragenik rayonlaşdırılması xəritəsi tərtib olunub və ölkədə xrizotil-asbestin mineral-xammal potensialı müəyyən edilib.
Asbest yataqlarının formalaşmasının N.Cəfərov tərəfindən hazırlanmış elmi modeli Qazaxıstanın faydalı qazıntı yataqlarının genezisi Atlasına daxil edilib və 2004-cü ildə İtaliyada Dünya Geoloji Konqresində təqdim olunub.
N.Cəfərovun rəhbərliyi altında Qazaxıstan və Rusiya ərazisində Cənubi Uralın çoxsaylı yataqlarının, o cümlədən qızıl, kobalt-nikel, nadir torpaq elementləri, kaolinlər, tikinti materialları, eləcə də Cənubi Uralda (Jitikar və Kiyembayev) iri xrizotil-asbest yataqlarının öyrənilməsi üzrə geoloji kəşfiyyat işləri yerinə yetirilir. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Jitikarda - Qazaxıstanda yeganə nefrit yatağı kəşfiyyatının xüsusi metodikası hazırlanıb və qiymətləndirilməsi aparılıb.
N.Cəfərov “Xrizotil-asbest filizlərinin zənginləşdirilməsi tullantılarının emalı üsulları” tədqiqatının müəllifidir. Bu layihənin tətbiqi nəticəsində asbest filizlərinin zənginləşdirilməsi tullantılarından qızıl, maqnetit, kobalt-nikel və xromit konsentratları, odadavamlı qum və s. istehsal etmək olar.
N.Cəfərov 50-dən çox böyük elmi işin, 2 monoqrafiyanın və müxtəlif faydalı qazıntı ehtiyatlarına dair SSRİ, RF və Qazaxıstan Respublikası dövlət komissiyalarının təsdiqlədiyi çoxsaylı geoloji layihələrin və hesabatların müəllifidir. 2000-ci ildə onun “Qazaxıstanın xrizotil-asbesti” monoqrafiyası nəşr edilib. Bu əsərdə ilk dəfə Qazaxıstanın bütün xrizotil-asbest yataqları üzrə materiallar ümumiləşdirilib, onların geoloji-sənaye tipləri seçilib. Müəllifin ən böyük töhfəsi bu yataqların öyrənilməsinin metodik aspektlərini tədqiq etməsi olub.
N.Cəfərovun əkiz qardaşı, məşhur geoloq, geologiya-mineralogiya elmləri doktoru Füzuli ilə birgə yazdığı və 2002-ci ildə çap edilmiş “Jitikar filiz rayonunun (Kustanay Zauralyesi) faydalı qazıntıları” monoqrafiyası Jitikar filiz rayonunun təxminən bir əsrlik geoloji tədqiqinin nəticələrinə yekun vurur, bütün məlum yataqlar və filiz aşkaretmə mədənləri, qeyri-filiz faydalı qazıntıları və yeraltı sular üzrə geoloji materialları ümumiləşdirir.
N.Cəfərov 2003-cü ildən buraxılan və bu cür miqyaslı yeganə nəşr olan respublika elmi-texniki “Qorno-geoloqiçeskiy jurnal”ın nəşrinin təşəbbüskarı və baş redaktorudur, jurnalın redaksiyası paytaxtda və ya vilayət mərkəzində deyil, bilavasitə regional şəhərdə yerləşir.
N.Cəfərov 2009-cu ildə Jitikar rayon maslixatının 3 nömrəli Baykonur seçki dairəsindən deputat olub.
2005-ci ildə N.Cəfərova “Qazaxıstan Respublikası yeraltı sərvətlərinin fəxri kəşfiyyatçısı” adı verilib. O, bir neçə çağırış rayon və şəhər maslixatlarının deputatıdır. “Qazaxıstan Respublikasının müstəqilliyinin 10 illiyi” və “Qazaxıstan Respublikası müstəqilliyinin 20 illiyi” medalları, Kustanay vilayəti akiminin fərmanı ilə təltif olunub.